Xəbər lenti

 
Türkmənistan-Azərbaycan-Türkiyə Xarici İşlər nazirləri dünən Ankarada keçirilən üçtərəfli toplantının Ortaq Bəyannaməsini imzalayıblar.
 
Ovqat.com xəbər verir ki, bir çox məsələlərdə əməkdaşlığı ön görən Bəyannamədə əsas vurğu ortaq enerji istehsalı və nəqli, həmçinin kommunikasiya əlaqələrinin qurulması kimi mövzuların üzərinə qoyulub.
 
Bəyannamədə nəqliyyat infrastrukturunun inkişafına və tranzit potensialının artırılmasına yönəlmiş yeni layihələrin həyata keçirilməsi üçün əməkdaşlığın daha da gücləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda nəqliyyat və infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.
 
O da bildirilib ki, tərəflər, ölkələrinin tranzit potensialının, o cümlədən "Şərq-Qərb" Trans-Xəzər Nəqliyyat Dəhlizinin gücləndirilməsi üçün göstərilən mühüm səyləri vurğulayıb və bu çərçivədə Türkmənbaşı (Türkmənistan) və Ələt (Azərbaycan) limanları arasında dəniz nəqliyyatının səmərəli fəaliyyətinin vacibliyi barədə ortaq məxrəcə gəliblər.
 
Bundan əlavə, tərəflər müasir İpək Yolunun bir hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) Dəmir Yolu layihəsinin Asiya ilə Avropa arasında rəqabətçi nəqliyyatın asanlaşdırılmasında əsas rol oynadığını bəyan edib və BTQ Dəmir Yolu ilə sərnişindaşıma hazırlıqlarını alqışlayıblar.
 
Digər tərəfdən, tərəflər nəqliyyat və tranzit imkanlarını sadələşdirərək ticarət əlaqələrini yaxşılaşdırmağı hədəfləyən və regional əməkdaşlıqlar üçün yeni fürsətlər yaradan Lapis Lazuli Tranzit və Nəqliyyat Tərəfdaşlığı Sazişinin qüvvəyə minməsini məmnuniyyətlə qarşılayıblar.
 
Mövcud infrastrukturun inkişaf etdirilməsinin və regional nəqliyyat və ticarətin inkişafı üçün uyğun şəraitin yaradılmasının vacibliyi vurğulanan Bəyannamədə Xəzər regionunun rifahı və sabitliyinə infrastruktur layihələrinin töhfəsi nəzərə alınmaqla nəqliyyat və enerjidə regional əlaqələri təmin etmək üçün əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olunub.
 


Ana səhifəyə qayıt        Baxış: 3 706          Tarix: 24-02-2021, 01:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma