Xəbər lenti


“Zəngəzur dəhlizinin açılmasını Köçəryan da gündəlikdən çıxara bilməz”

İyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Hazırda hakimiyyətdə olan Nikol Paşinyanın və komandasının iqtidarda qalıb-qalmayacağı sualı getdikcə aktuallaşır.
Eyni zamanda daha bir sual da meydana gəlir ki, Paşinyan üçün “X” günü olarsa, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi revanşistlər seçkidə üstünlük qazanarsa, Zəngəzur dəhlizi və digər kommunikasiyaların açılması nə qədər risk altına düşə bilər? Revanşistlərin, xüsusilə Moskvanın razılığını alandan sonra seçkiyə qatılan R.Köçəryanın (onun blokunun) qalib gəlməsi mümkündürmü və bu, Rusiyanın nə dərəcədə marağındadır? Onun hakimiyyətə qayıtması planı Rusiyanın Bakını daima təzyiq və təhdid altında saxlamaq istəyi ola bilərmi?

Sabiq deputat Alqış Musayev bildirdi ki, Zəngəzur dəhlizi açılacaq. Bu, birmənalıdır. Amma zaman məsələsi var: “Cənab Prezident son müsahibələrinin birində deyirdi ki, biz təmkinlə gözləyəcəyik, vaxt bu prosesdə  bizim yeganə rəqibimizdir. Çox dəqiq, strateji  yanaşmadır. Eyni zamanda onu əlavə etmək olar ki, bu gün vaxt həm də  bizim ən etibarlı müttəfiqimizdir. Vaxt Azərbaycanın xeyrinə işləyir. Zəngəzur dəhlizinin açılmasını kimsə, o cümlədən Köçəryan gündəlikdən çıxara bilməz. Hətta Ermənistanda revanşıstlər hakimiyyətə gəlsə belə. Qısamüddətli yubanmalar isə mümkündür, yəqin ki, olacaq".

Alqış Musayev
Ekspert qeyd etdi ki, Zəngəzur-Mehri dəhlizinin bərpası, ümumilikdə, bu istiqamətdəki kommunikasiyaların işləməsi ölkəmiz üçün çox vacibdir. Burada region dövlətlərinin də öz maraqları var. Ermənistanın, Rusiyanın bu dəhlizin açılmasında maraqlı olması bizim bu dəhlizın açılışından əldə etdiyimiz geosiyası üstünlüklərə heç bir halda kölgə salmır".

Xəyal Bəşirov 
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov isə bildirdi ki, seçkilərlə bağlı mübarizə Ermənistanda gərginləşəcək. Amma bu gün Ermənistanda normal seçki ab-havası yoxdur. Çünki əhalini seçkidən daha çox maraqlandıran müharibədə məhv olmuş övladlarıdır: “Hesab edirəm ki, Paşinyanın seçkilərdə qalib gəlmək ehtimalı daha yüksəkdir. Düzdür, onun reytinqi əvvəlkinə nisbətən azalıb. Amma yenə də Köçəryanın reytinqindən artıqdır. Ermənistan əhalisi pis və daha pis arasında seçim edəcəklər. Rusiyanın Köçəryanı zorla hakimiyyətə gətirmək istəyi görünmür. Köçəryan, sadəcə, hakimiyyətdə olan Paşinyanı daim təzyiq altında saxlamaq, Rusiyadan Paşinyan hakimiyyətinin asılılığını daha da artırmaq üçün irəli verilib. Köçəryanın və revanşist komandasının xalq arasında dəstəyinin olmadığını Moskva yaxşı bilir.
Rusiya uzağı Ermənistanda koalision hökumət qurulmasına dəstək verə bilər. Köçəryanın təkbaşına hakimiyyətə sahiblənməsi ehtimalı sıfıra yaxındır".

Politoloq dedi ki, Robert Köçəryanın və revanşistlərin hakimiyyətə gəlməsi Azərbaycandan çox, Ermənistanın zərərinə olar: “Revanşistlərin təkbaşına hakimiyyətə sahiblənməsi Rusiyanın da marağına uyğun deyil. 10 noyabr üçtərəfli bəyanatın bütün bəndlərinin həyata keçirilməsinə Robert Köçəryan mane ola bilər. Bu isə Rusiyanın imicinə zərər gətirər. Bəyanatın tələbləri yerinə yetirilmədiyi halda, Rusiyanın sülhməramlı missiyası başa çatmalıdır. Ona görə də Paşinyanın iqtidarda qalmasını Rusiya da istəyəcək. Paşinyanın hakimiyyətdə qalmasından sonra üçtərəfli bəyanatın tələblərinin daha tez zamanda həyata keçiriləcəyini düşünürəm”.

Etibar SEYİDAĞA,

“Yeni Müsavat”





Ana səhifəyə qayıt        Baxış: 4 598          Tarix: 21-05-2021, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma