Xəbər lenti

 
Məlum olduğu kimi, işğaldan azad olunmuş bölgələrin yenidən bərpasına investisiya qoymaq üçün Fransadan tutmuş İrana qədər bir çox ölkələr rəsmi Bakıya müraciət etmişdilər. Bakı isə açıq şəkildə bildirmişdi ki, bu ərazilərin bərpası işini 44 günlük savaşda özünü dost kimi aparan dövlətlərin şirkətlərinə tapşıracaq. 
 
Fikrimizcə, bu, çox ədalətli və doğru qərardır. Müharibə boyu erməniləri açıq və ya qapalı dəstəklə, sonra isə onların viran qoyduğu əraziləri bərpa edib pul qazanmaq eşqinə düş. Bu yerdə şair sözü yada düşür: “Adamın üzündə həya gərəkdir”.
 
Sözsüz ki, Bakı bir sıra dövlətlərin bu həyadan uzaq ümidlərinə layiqli cavab verməli idi, verir də. Dağlıq Qarabağda bir sıra layihələr 44 günlük müharibədə bizimlə eyni sırada dayanan Türkiyə, Pakistan, Macarıstan, İtaliya, Böyük Britaniya və s. kimi ölkələrə həvalə edildiyi halda, Fransa və İran bu prosesdən kənarda qaldı. Ən diqqəti çəkən məqam ondan ibarətdir ki, yaxın qonşumuz olduğu halda İranı bu prosesə cəlb etməyən Bakı onun əsas rəqibləri olan İsrail və Səudiyyə Ərəbistanı kimi ölkələrə yaşıl işıq yandırmaq əzmindədir. Təsadüfi deyil ki, ötən gün Riyada rəsmi səfərə gedən Xarici İşlər naziri Ceyhun Bayramov açıq şəkildə Səudiyyə Ərəbistanını açıq şəkildə "dost ölkə" adlandıraraq, bu prosesdə iştiraka dəvət edib. Eyni isti münasibətin İrana göstərilməməsi, təbii ki, 44 günlük müharibə dövründə Ermənistana hər cür hərbi yardımı əsirgəməyən Tehranın uzaqgörənlikdən uzaq mövqeyi ilə izah oluna bilər.
 
Ovqat.com-un məlumatına görə, nazir Ceyhun Bayramovun iyunun 23-də Səudiyyə Ərəbistanına rəsmi səfəri də işğaldan azad olunmuş ərazilərə xarici investisiya cəlbi məqsədi daşıyıb. Nazir səfər çərçivəsində bu ölkənin investisiya naziri, Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falihlə görüşüb.
 
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, qonaqları səmimi salamlayan səudiyyəli nazir Bakıya səfərlərini və dövlət başçısı İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

 C.Bayramov Azərbaycan və Səudiyyə Ərəbistanı arasında dövlət başçıları səviyyəsndə münasibətlərə toxunaraq, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirib və əməkdaşlığın digər sahələrdə də inkişafının vacibliyini vurğulayıb. Nazir əməkdaşlığın inkişafında Hökumətlərarası Müştərək Komissiyanın rolunu qeyd edərək, Komissiyanın 2019-cu ilin mart ayında Bakıda keçirilən son iclasının uğurlu olduğunu vurğulayıb. O, iqtisadi əməkdaşlığın prioritet istiqamətləri kimi enerji, kənd təsərrüfatı, turizm və mədən sənayesi sahələrində əməkdaşlıq imkanlarını qeyd edib.

C.Bayramov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri və 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə Səudiyyə Ərəbistanı tərəfini məlumatlandırıb.

C.Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan yenidənqurma işləri və həyata keçirilən infrastruktur layihələrindən danışaraq, dost Səudiyyə Ərəbistanını da bu prosesdə iştiraka dəvət edib. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixracı üçün böyük potensialın olduğunu bildirən nazir, bu sahədə əməkdaşlığın fəallaşdırılmasınln vacibliyini qeyd edib.

İki ölkə arasında turizm sahəsində əməkdaşlığa toxunan C.Bayramov qeyd olunan sahədə pandemyadan əvvəl müşahidə olunan müsbət dinamikanın gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini bildirib.

Xalid Əl-Falih ölkəsinin enerji naziri qismində Azərbaycana səfəri zamanı bərpa olunan enerji və neft-kimya sahələrində əməkdaşlıq imkanlarını müzakirə etdiyini diqqətə çatdıraraq, ölkəmizin turizm imkanlarına toxunmuş hava nəqliyyatı sahəsində əməkdaşlıqdan bəhs edərək, sərnişindaşıma ilə yanaşı, yükdaşımaların da həyata keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu bildirərək, bu məsələnin Hökumətlərarası Müştərək Komissiyanın cari ilin payız aylarında Ər-Riyadda keçiriləcək növbəti iclasında müzakirə olunacağını qeyd edərək, Azərbaycan – Səudiyyə Ərəbistanı Biznes Şurasının yaradılması və birgə biznes forumun təşkilindən bəhs edib.

 Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Ana səhifəyə qayıt        Baxış: 5 961          Tarix: 24-06-2021, 12:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma