Xəbər lenti
Bu gün, 17:26
Bu gün, 14:00
Bu gün, 12:05
Dünən, 19:28
Dünən, 16:00
Dünən, 10:30
Dünən, 09:21
“Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İsrailin ünlü nəşrlərindən birinə verdiyi müsahibə İrana ünvanlanmış cavabdır”.
Şair-publisist Heydər Oğuz “Hürriyyət” qəzetinə verdiyi açıqlamada belə deyib.
Onun fikrincə, aprelin 24-də sözdə “erməni soyqırımı”nın 106-cı il dönümü münasibətilə Tehranın Surb Sarkis kilsəsində keçirilən anım mərasimində açıq şəkildə ölkəmizə qarşı düşmən mövqe sərgilənmişdi: “Zərrə qədər ləyaqəti olan heç bir dövlət Tehrandan ona yönələn bu təhdidlərə laqeyd qala bilməzdi. Azərbaycan da eynilə İranın üslubunda bu təxribata cavab verdi. Bilirsiniz ki, Ermənistan bizimlə düşmən olduğu kimi, İsrail də İranla düşməndir. İran bizim düşmənlərə qucaq açmaqla faktiki olaraq bizi öz geosiyasi rəqibləri ilə müttəfiqliyə getməyə məcbur edir”.
Həmsöhbətimizin fikrincə, ümumiyyətlə bütün müttəfiqləri ortaq təhdidlər və maraqlar birləşdirir: “Biz də, İsrail də faktiki olaraq İranın təhdidlərinə məruz qalan ölkələrik. Tale müştərəkliyi istər-istəməz birgə müdafiə strategiyaları ortaya çıxarır və biz bu müttəfiqliyin ilk meyvələrini 44 günlük müharibə zamanı dərdik. İsraildən, Türkiyədən aldığı PUA-lar sayəsində Azərbaycan 30 ildən bəri işğal altında qalan torpaqlarını azad etdi. Bu haqlı savaşımız zamanı ən həlledici məqamlarında əsasən 3 dövlətin ədalətsiz məvqeyi ilə üzləşdik – Fransa, Rusiya və İranın. Fransa beynəlxalq arenalarda bizə zərbə vurmağa çalışdığı halda, Rusiya və İran açıq şəkildə Ermənistanı dəstəklədi. İran açıq şəkildə Ermənistana silah göndərdi, sərhədlərini düşmən ölkəyə idxal olunan rus texnikalarının üzünə taybatay açdı. Cənublu qardaşlarımızın etiraz aksiyaları olmasaydı, İran son ana qədər ermənilərə yardımlarını davam etdirəcəkdi”.
Heydər Oğuzun fikrincə, İran və Rusiyanın bu mövqeyi yeri gələndə Fransanın mövqeyindən daha betərdir: “Çünki Fransa sadəcə sözlə erməniləri dəstəkləyir, İranla Rusiya isə dildə bizim, əməldə Ermənistanın yanındadır. Məhz bu məqam da bizi müttəfiqlərimizi və qarşı tərəfi seçmək məcburiyyətində buraxır. Bu mənada, Azərbaycanın indiki mövqeyi bizim yox, cənub və şimal qonşularımızın seçimidir. Bizə qalsa, heç kiminlə qarşı-qarşıya dayanmaz, iqtisadi əməkdaşlıqlarımızı gücləndirər bölgənin önəmli körpüsünə çevrilərik və bu potensialımız da var”.
Müharibənin başa çatmasına az qalmış İran dini lideri ayətullah Xameneinin guya Azərbaycanı dəstəkləyən açıqlama verdiyini xatırladan Heydər Oğuz bu gecikmiş addımı “Dədə Qorqud” filmindəki Yalıncığın Qazan xana köməyə gəlməsi epizoduna bənzətdi: “Yadınızdadırsa, həmin epizodda düşmən səfində yer alan Yalıncıq Qazan xanın qələbə çaldığını görüncə, özünü dərhal ona yetirir və “Gəldim, Qazan xan” deyir. O, gəlincəyə qədər isə iş işdən keçir, müharibə sona çatır. Xamenei də eyni məntiqlə müharibənin taleyi həll olunduğu bir zamanda birdən-birə Qarabağın Azərbaycan torpağı olduğunu xatırlayıb bəyanat verdi. Verdiyi ala-yarımçıq bəyanatda belə, ermənilərin təhlükəsizlik məsələsini qaldırdı. Halbuki, 1980-ci illərdən 44 günlük müharibənin sonlarına qədər bu həqiqət nədənsə onun yadına düşməmişdi. Ermənilərin xüsusi vəhşiliklə qətl etdiyi müsəlmanların taleyi Tehranı qətiyyən maraqlandırmamışdı. Halbuki, İranın gölgəsinə sığındığı İslam dininin peyğəmbəri Məhəmməd əleyhüs-salam öz hədislərinin birində “Çinin ən ucqar guşəsində bir müsəlmanın ayağına tikan batarsa, mənim ürəyimə qılınc sancılar” deyirdi. İran isə öz gözünün qabağında – Qarabağda yüz minlərlə insanımızın cəlai-vətən edilməsini, 10 minlərlə əliyalın azərbaycanlının qətlə yetirilməsini tükünü belə qımıldatmadan laqeydcəsinə seyr etmişdi. Təkcə Dağlıq Qarabağda 4000 mindən artıq girovumuzdan 30 ildir xəbər ala bilmirik. Erməni sevgisiylə yanıb-tutuşan İran isə İrəvan üzərindəki nüfuzundan istifadə edib həmin əsirlərin buraxılmasına səy göstərməyib. İndisə bizdən ermənilərin təhlükəsizliyinə təminat istəyir”.
Həmsöhbətimiz vurğuladı ki, 24 apreldə Tehranda keçirilən “erməni soyqırımı” mərasiminin iştirakçıları ağızlarına taxdıqları maskalarında belə qondarma “DQR”-nin atributları əks olunurdu. Bundan əlavə Şuşadakı Qazancı monastrının şəkli tədbirin əsas plakatı üzərinə yapşdırılmışdı. Tədbirə qatılanlar açıq şəkildə Dağlıq Qarabağda öldürülən işğalçıların ruhuna dua oxuyur, Azərbaycan əsgərlərini lənətləyirdilər. Və bütün bunlar İranın paytaxtında yaşanırdı. İran yetkililəri isə Azərbaycana qarşı ərazi iddialarının səsləndirildiyi tədbirə xeyir-dua verirdilər”.
Heydər Oğuzun fikrincə, İranın bu mövqeyi istər-istəməz rəsmi Bakını da adekvat addım atmaq məcburiyyətində qoyur və Türkiyə-Azərbaycan-İsrail müttəfiqliyinin yaranmasını zəruri hala gətirir: “Azərbaycan və Türkiyə liderləri 44 günlük savaşın sonunda 6 tərəfli müttəfiqlik təklifi ilə çıxış etdilər. Bu bizim regional müttəfiqliyə verdiyimiz dəyərdir. İttifaq qurmaq istədiyimiz tərəflər isə öz aralarında və bizim yer almadığımız 3 tərəfli müttəfiqliyə üstünlük verdilər. Canları sağ olsun. Sözsüz ki, biz də öz tərəfimizi müəyyənləşdirməli olduq və rəsmi Bakı Türkiyə-Azərbaycan-İsrail dostluq sammiti keçirməyi uyğun bildi. Təhlükəsizlik və müdafiə maraqları dövlətlərin əsas instinktləridir və onların atacağı addımları müəyyənləşdirir”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər