Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Azarmoghan, İran 01.07.2021 İki həftə əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan son Qarabağ müharibəsindən sonra Azərbaycanın tarixi Şuşa şəhərinə, həmçinin Ermənistan işğalından yenicə azad edilmiş digər ərazilərə baş çəkib. O, Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi mətbuat konfransında altılı platforma haqda da danışıb. Azarmoghan.ir Türkiyənin “Anadolu” agentliyininə istinadən Rəcəb Tayyib Ərdoğanın altılı platforma ilə bağlı fikirlərini təqdim edir: “Bu altılı platformada bildiyiniz kimi, Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan və İran var. Bu altılı platforma ilə birlikdə artıq istəyirik ki, bölgə rahatlıqla, sülh içində yaşanan bir bölgə olsun. Bu addımı atmaq üçün biz qardaşımla birlikdə hər cür fədakarlığa hazırıq. Cənab Putin eyni qaydada bu cür fədakarlığa hazırdır. Bu istiqamətdə atılacaq addımlarla bölgə bir sülh bölgəsinə çevriləcək”. Türkiyənin dövlət başçısının sözlərinə görə, “bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik”. Zəngəzur dəhlizi: İranın dəhlizləri ilə üst-üstə düşür Zəngəzur dəhlizi ilə bağlı da danışan Ərdoğan, Türkiyənin bu layihəni dəstəklədiyini deyib: “Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacaq. Bu, çox böyük əhəmiyyət kəsb edir”. “Anadolu” agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı ilə birgə mətbuat konfransında Zəngəzurun cənubundan keçən dəhliz haqda bunları deyib: “Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq”. Türkiyə və Azərbaycan liderləri mətbuat konfransının sonunda Şuşa Bəyannaməsi imzalayıblar. Sənəddə Türkiyə ilə Azərbaycanı birləşdirəcək Zəngəzur dəhlizinin, həmçinin iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq Naxçıvan-Qars dəmir yolunun açılmasının əhəmiyyəti vurğulanıb. Qeyd edək ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycana aid Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə Ermənistan üzərindən birləşdirilməsi nəzərdə tutulur. Ermənistanla Azərbaycan arasında müharibəyə ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla son qoyulub. Zəngəzur dəhlizi Rusiya və Türkiyənin hazırladığı bəyanatın 8-ci maddəsində xatırlanır. Bu gün Naxçıvan sakinləri Azərbaycana gediş-gəliş üçün İran ərazisindən istifadə edir. Hələlik onların başqa yolu yoxdur. Türkiyə üçün Qafqazda tranzit rolunu İrandan almağın əhəmiyyəti Rəcəb Tayyib Ərdoğan Qafqazda ticarət əlaqələrinin təşviqi məqsədilə regionda nəqliyyat və tranzit əməkdaşlığının genişləndirməsi üçün İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın yer aldığı altılı platforma haqda bundan əvvəl də danışıb. Görünən odur ki, Ərdoğanın sözügedən platformanı reallaşdırmaq cəhdinin arxasında əslində, Şərqi Asiyadan məhsulların Avropaya nəqlində İran ərazisinin əhəmiyyətli hissəsini kənarda qoymaq istəyi dayanır. Bakı-Tbilisi-Qars dəmir yolu İrandan keçən dəhlizlərə rəqib olacaq? 2017-ci il noyabrın 1-də Azərbaycan və Türkiyə prezidentləri, həmçinin Gürcüstan, Qazaxıstan və Özbəkistanın baş nazirlərinin iştirakı ilə uzunluğu 826 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi keçirilib. Bu dəmir yolu Azərbaycan və Gürcüstanın paytaxtlarını, o cümlədən Türkiyənin şimal-şərqində yerləşən, mühüm əhəmiyyət kəsb edən Qars şəhərini birləşdirir. Layihənin tikintisi 9 il çəkib və 600 milyon dollara başa gəlib. Bu layihənin həyata keçirilməsinin əsas məqsədi Ermənistandan yan keçən marşrut əldə etmək idi. Lakin güclü erməni lobbisinin təsiri nəticəsində Bakı-Tbilisi-Qars dəmir yolunun inşasında gecikmələr baş vermişdi. Belə ki, Qərb dövlətləri və bankları bu layihəyə kredit ayırmaqdan imtina etmişdi. Lakin bu dəmir yolu istismara verildikdən təxminən 4 il sonra Avropa və Şərqi Asiyanın biznesmenləri arasında yaxşı nüfuz qazanıb. Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində xüsusilə Türkmənbaşı və Aktau (Türkmənistan və Qazaxıstan) limanları Bakı dəniz limanı ilə əlaqə yaradıb. Nəticədə Xəzər dənizinin şərqində yerləşən dövlətlər dalandan çıxmağı bacarıb. Yeri gəlmişkən, bu dəhliz Türkiyənin Qars şəhəri ilə Avropa arasında dəmir yolu vasitəsilə birbaşa əlaqə yaradır. Odur ki, adı çəkilən layihə “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərində İranın tranzit ölkə rolunu zəiflədə bilər. Üstəlik, Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edən biznesmenlərə geniş güzəştlər təklif etməkdən belə, çəkinmir. “Bu layihəni həyata keçirməklə Londonu birbaşa Pekinlə birləşdirmək imkanı yaranıb!”, - deyə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dəmir yolunun açılış mərasimində bildirmişdi. Bakı-Tbilisi-Qars dəmir yolunun istismarı sayəsində Qafqaz bölgəsində ticarət həcminin ildə 1,5 milyon sərnişinə və 17 milyon ton yükə çatacağı təxmin edilir. Bundan əlavə, sürət qatarların işə düşməsi ilə Çindən Avropaya yüklərin daşınma müddətinin 45 gündən 15 günə azalacağı iddia edilir. Üstəlik, ilkin hesablamalara görə, adıçəkilən dəmir yolu vasitəsilə 5-6 ildə (2027) ildə 5 milyon sərnişin, turist və 50 milyon ton yük daşınacaq, Azərbaycan, Türkiyə və Gürcüstan isə təxminən 10 milyard dollar gəlir əldə edəcək. 10 milyard dolların necə böyük rəqəm olduğunu anlamaq üçün bir məsələni qeyd etmək yerinə düşər: Cənubi Asiya və Şərqi Avropanın iki iqtisadi nəhəngi, yəni Hindistanla Rusiya arasında illik ticarət mübadiləsi 11 milyard dollardır. Üstəlik, 2009-cu ildə İran xam neft satışından cəmi 8 milyard dollardan az gəlir əldə etmişdi. Türkiyənin təkcə Qars dəmir yolu stansiyası ilə qazandığı inanılmaz gəlir və nüfuz! “Anadolu” agentliyi bildirir ki, Türkiyənin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə əldə etdiyi razılığa əsasən, 2021-ci il mayın 21-dən etibarən Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən keçən məhsulların və Gürcüstan vasitəsilə Mərkəzi Asiyaya gedib-qayıdan bütün qatarların gömrük rəsmiləşdirilməsi məhz Qars Logistika Mərkəzində həyata keçirilir. “Qars terminalında heç bir malın rəsmiləşdirilməsi həyata keçirilmir. Həm Mərkəzi Asiyadan gələn qatarlar, həm də Qərbdən Mərkəzi Asiyaya gedən qatarlar üçün rəsmiləşdirmə prosedurları Qars Logistika Mərkəzində aparılır”, - deyə “Anadolu” agentliyi məlumat verir. Türkiyə hökumətinin yüksək vəzifəli rəsmisinin dediyinə görə, indiyədək Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 900 qatar və 1 milyon ton yük daşınıb. Bu yolla sərnişin daşımalarına hələ ki, başlanılmayıb. Doğrudur, bir çox ekspert bu dəhlizin İrana rəqib ola biləcəyi haqda xəbərdarlıq edirdi. Amma İran dəmir və quru yolu infrastrukturunu tamamlayarsa, avtomobil, dəmir yolu və gömrük tariflərini tənzimləyərsə, Şərqdən Qərbə tranzit daşımalarında ən yaxşı seçim olacaq. İranın dəmir yolu Qars stansiyasına qoşulacaq? Ekspertlərin əksəriyyəti düşünür ki, İrandan Türkiyəyə uzanan dəmir yolunun bu ölkənin Van stansiyasi vasitəsilə Van gölünə çatdığını nəzərə alsaq, iki dövlət arasında kombinə edilmiş nəqliyyat sistemindən istifadə edilməlidir. İranla Qars arasında məsafənin uzun olmadığını vurğulamaq lazımdır. Odur ki, şərqdən qərbə daşımaların rentabelli olması üçün İran dəmir yolu şəbəkəsi Qars stansiyası vasitəsilə Türkiyə dəmir yolu şəbəkəsinə qoşulmalıdır. İranın Yol və Şəhərsalma Nazirliyinin Kommersiyalaşdırma və Qurumlar üzrə Baş İdarəsinin rəisi Əmin Tərəffo azarmoghan.ir saytına müsahibəsində Zəngəzur dəhlizi və Ərdoğanla Əliyevin təklif etdiyi altılı platforma haqda danışıb: “Türkiyənin nəzərdə tutduğu plan istər siyasi, istərsə də iqtisadi baxımdan çox mürəkkəbdir. Bu bölgə hələ də müharibə zona sayılır və burada təhlükəsizliklə bağlı narahatlıqlar var. Digər tərəfdən, 6 ölkə bu bölgədə təhlükəsizliyin bərqərar edilməsinin əhəmiyyətini vurğulayır. Əgər regionda təhlükəsizlik təmin olunarsa, burada ticari-iqtisadi əlaqələr də yaranacaq. Amma qeyri-sabitlik davam edərsə, əldə edilən bütün razılıqlar nəticəsiz qalacaq”. “Altılı platforma təşəbbüsü bölgənin təhlükəsiz və sabit yaşamasına hesablanıb. Bu yanaşmaya əsasən, 6 ölkə bir-birinə kömək etməlidir”, - deyə Əmin Tərəffo vurğulayıb. Zəngəzur dəhlizi haqqında da danışan Tərəffo qeyd edib ki, “o, Naxçıvanı Azərbaycanla birləşdirən “Şərq-Qərb” dəhlizidir. Doğrudur, Ermənistan və Azərbaycan üçtərəfli bəyanatın 8-ci müddəasına fərqli yanaşırlar. Bu maddəyə əsasən, iki ölkə arasında kommunikasiya əlaqələri açılmalıdır. Azərbaycan bura dəhliz kimi baxır, ermənilər isə başqa cür düşünə bilər”. “Şübhəsiz, Azərbaycanla Ermənistan arasında razılışama həyata keçirilənə qədər İran marşrutu hələ də Naxçıvanı Azərbaycana bağlayan ən yaxşı yoldur. O, həm yüksək təhlükəsizliyə malikdir, həm də rentabellidir. Üstəlik, Azərbaycan yük maşınları bu marşrutdan problemsiz keçir”,- deyə o əlavə edib. Bakı-Tbilisi-Qars dəhlizi və İranla əməkdaşlıq İranın Yol və Şəhərsalma Nazirliyinin rəsmisi Bakı-Tbilisi-Qars dəmir yolu haqda da danışıb: “Bu dəhliz faktiki olaraq “Mərkəzi Asiyada Regional İqtisadi Əməkdaşlıq” Proqramı (CAREC) çərçivəsində Avropanı Mərkəzi Asiya ilə birləşdirən dəhlizlərdən birinə çevrilib. Bu layihəyə “Dəmir İpək Yolu” da deyilir”. “Bakı-Tbilisi-Qars dəmir yolu İranın “Şərq-Qərb” tranzit dəhlizinə rəqibdir. Bununla belə, bizim üçün əsas məsələ bütün qonşularımızla nəqliyyat əlaqələrimizin bərqərar olmasıdır. Hazırda bir sıra qonşularımızla avtomobil, dəmir yolu, su yolu və kombinə edilmiş kommunikasiya əlaqələrimiz var. Amma bu əlaqələr daha da inkişaf etdirilməlidir”, - deyə o əlavə edib. Əmin Tərəffo deyir ki, “bizim Türkiyə ilə yalnız Van gölünə qədər dəmir yolu əlaqəmiz var. Lakin iki ölkənin dəmir yolu şəbəkəsi bir-birinə qoşulmayıb və heç bir əlaqəsi yoxdur. Odur ki, bu məqsədlə İran ilə Türkiyə İpək Yolunun cənub hissəsindən keçən ən davamlı dəmir yolu marşrutunu bir-birinə birləşdirə bilərlər”. Tərəffo qeyd edib ki, sözügedən iki dəmir yolu şəbəkəsi bir-birinə qoşularsa, Çindən yola düşəcək və İran ərazisindən keçəcək yük qatarları marşrut boyunca yük və məhsulları boşaltmadan və yenidən yükləmədən birbaşa Avropaya çata bilər: “İran və Türkiyə iki dəmir yolu şəbəkəsini birləşdirmək planı üzərində işləyirlər. Yeni dəmir yolu xəttinin Təbriz-Culfa dəmir yolundan ayıraraq “Çeşme Sorəyya” (Qərbi Azərbaycan vilayətinin ən şimal hissəsində İran-Türkiyə sərhədinin sıfır nöqtəsi) ilə birləşdirilməsi planlaşdırılır. Əgər bu dəmir yolu layihəsi həyata keçirilərsə, İpək Yolunun cənub hissəsində davamlı dəmir yolu bağlantısı yaranacaq”. (Fars dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar