Xəbər lenti

 
"Təbii ki, Rusiyanın sülhməramlı kontingenti Dağlıq Qarabağı tərk edərsə, Qarabağın gələcəyi bitəcək. Azərbaycanın tərkibində Qarabağın gələcəyi yoxdur. Rusiya sülhməramlıları tərk etdikdən sonra Azərbaycanın məsələni güclə həll etməyə çalışması isə birmənalıdır”.
 
Ovqat.com xəbər verir ki, qondarma “DQR”-ın sözdə XİN rəhbəri David Babayan news.am portalına açıqlamasında belə deyib.
 
Onun fikrincə, münaqişə həll olunana qədər Rusiya “sülhməramlı”larının prosesdə iştirakı vacibdir: “Münaqişənin həlli isə hələ çox uzaqdadır. Sülhməramlılar məsələsi - mahiyyət etibarilə Qarabağın bir subyekt kimi mövcud olub olmaması məsələsidir”
 
Separatçı “diplomat”ın fikrincə, Qarabağın subyekt kimi mövcudluğunu saxlaması Ermənistan və bütün ermənilər üçün xüsusi əhəmiyyət kəsb edir və İrəvanın geosiyasi əhəmiyyətini artırır. “Çünki Qarabağ hətta indiki ağır vəziyyətində belə bir sıra qlobal geosiyasi problemləri həll edir. Bunu hamı bilir. Buna görə də erməni dövlətçiliyi üçün Qarabağın subyekt kimi varlığını dəstəkləmək çox vacibdir. Artsax olmadan erməni dövlətçiliyinin geosiyasi əlilə çevriləcəyini, daha sonra isə tam olaraq mövcudluğu itirəcəyini anlamaq lazımdır", - deyə Babayan bildirib.
 
Babayanın bu qədər narahat olması yersiz deyil. Ötən gün NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstanın “Birinci kanal”ına müsahibəsində Rusiya “sülhməramlı”larının Qarabağda mövcudluğunun müvəqqəti olduğunu və bu məsələnin təkcə Azərbaycanın yox, ümumilikdə Cənubi Qafqaz regionunun təhlükəsizliyi üçün böyük önəm daşıdığını vurğulayaraq demişdi:

Dağlıq Qarabağda müharibədən sonra baş verənlər Gürcüstanın təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmadı. Hazırda Rusiya qüvvələri Azərbaycandadır və Gürcüstan ətrafında daha çox rus qoşunu var.
 
Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
 

NATO rəsmisi bu sözlərlə Dağlıq Qarabağın bu subyekt kimi mövcudluğuna qarşı çıxdıqlarını və nəyin bahasına olursa olsun bu durumun ortadan qalxmasına çalışacaqlarını diqqətə çatdırıb. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev də çıxışlarında dəfələrlə “Qarabağın statusunun cəhənnəmə getdiyini” bildirmiş və bu istiqamətdə bəzi addımlar atmışdı. Azərbaycan və Türkiyə arasında bağlanan Şuşa Bəyannaməsi də əslində Cənubi Qafqazda separatizmi dəstəkləyən Rusiya Silahlı Qüvvələrinə qarşı NATO-nun ən güclü ordularından birinin regiona daxil olmasının hüquqi bazasını yaratmaq məqsədi daşıyırdı. Bəyannamənin NATO liderlərinin son sammitindən dərhal sonra imzalanması da ermənilər üçün olduqca vacib mesajlar ehtiva edir. Bu mənada Babayanın narahatlığı üçün həqiqətən də ciddi əsaslar var.


Ana səhifəyə qayıt        Baxış: 6 624          Tarix: 1-07-2021, 22:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma