Xəbər lenti
 
 
2 iyul 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana rəsmi səfər edən Qırğız həmkarı Ruslan Kazakbayevlə görüşüb.
 
Ovqat.com XİN-ə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələləri müzakirə olunub.
 
Görüşdə hər iki tərəfdən geniş tərkibli nümayəndə heyəti iştirak edib.
 
Həmkarını səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan və Qırğız xalqları arasında mövcud olan tarixi, mədəni və dini bağların iki ölkə arasında əlaqələrin əsasını təşkil etdiyini bildirib. Nazir inkişaf etməkdə olan ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərindən məmnun qaldığını deyib. O, iki ölkə arasında yüksək səviyyəli səfər mübadilələrinin münasibətlərin inkişafına təkan verdiyini diqqətə çatdırıb. Nazir həmçinin, bir dost ölkə kimi Qırğızıstanın bu günədək Azərbaycanın beynəlxalq hüquqa söykənən ədalətli mövqeyinə verdiyi dəstəyin tərəfimizdən yüksək qiymətləndirildiyini vurğulayıb.
 
Ruslan Kazakbayev isə Qırğızıstan və Azərbaycan arasında tarixi bağlar və qardaşlıq münasibətlərinin olduğunu xatırladaraq, əlaqələrin ikitərəfli və çoxtərəfli platformalarda uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanla münasibətlərə önəm verildiyini qeyd edən Qırğızıstan naziri, ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi marağını ifadə edib.
 
Nazirlər ikitərəfli gündəliyin bir çox istiqamətləri, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat, tranzit sahəsində əməkdaşlıq, o cümlədən Ələt Azad İqtisadi Zonasına investorların cəlb edilməsi, habelə kənd təsərrüfatı, turizm, humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq perspektivləri barədə danışıblar. Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinin dəstəklənməsi, biznes forumların keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Ceyhun Bayramov həmkarına münaqişə sonrası bölgədəki mövcud vəziyyət, xüsusilə də azad edilmiş ərazilərdə onilliklər ərzində törədilmiş dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb. Bu ərazilərdə hazırda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib.
 
Tərəflər, həmçinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları, növbəti il diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi üzrə fikir mübadiləsi aparıblar.
 
Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üzrə Əməkdaşlıq Proqramı"  sənədini imzalayıblar.


Ana səhifəyə qayıt        Baxış: 3 523          Tarix: 2-07-2021, 15:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma