Xəbər lenti
 
 
Ermənistanla Azərbaycan arasındakı sərhəddə vəziyyətin kəskinləşməsi sərhəd münaqişəsidir. Bu səbəbdən də KTMT Nizamnaməsinin kollektiv məsuliyyətə dair müddəaları sərhəd mübahisələrinə tətbiq edilə bilməz”.
 
Ovqat.com xəbər verir ki, bunu təşkilatın baş katibi Stanislav Zas TASS-a açıqlamasında deyib.
 
Ermənilərin böyük ümidlə baxdığı və hərbi yardım almaq üçün dəfələrlə müraciət etdiyi qurumun Baş katibi “starteji” müttəfiqlərinin bütün xəyallarını alt-üst edən açıqlamasında daha sonra bildirib:
 
“Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız təcavüz və hücum hallarına qarşı tətbiq oluna bilər. Ermənistanın cənubunda isə biz sərhəd hadisəsi ilə qarşılaşırıq ”.
 
Zas ermənilərə məsləhət görüb ki, məsələni sülh yolu ilə həll etməyə çalışsınlar. Xüsusilə də indiki münaqişənin ağırlaşma mərhələsində olmadığı bir zamanda.
 
"Bütün bu mübahisəli sərhəd məsələlərinin həlli ilə bağlı çox iş var, lakin bunların danışıqlar masasında həll edilməsi lazımdır", - KTMT-nin Baş katibi deyib.
 
Qeyd edək ki, Ermənistan bu ilin may ayının 14-də Zəngəzurdakı vəziyyətlə bağlı KTMT-yə rəsmi müraciət ünvanlamışdı. KTMT rəsmiləri bu müraciətə cavab verməyə tələsmir, sanki seçkilərin nəticələrini gözləyirdilər. Seçkilərdə Paşinyanın yenidən hakimiyyətə gəlməsi, sözsüz ki, Moskvanı sevindirə bilməzdi. Görünür, KTMT də artıq rəsmi cavab verməyin zamanı çatdığını düşünüb.
 
Onu da xatırladaq ki, NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay bu həftənin əvvəlində Gürcüstanda səfərdə olarkən ölkənin Birinci kanalına müsahibəsində Dağlıq Qarabağ məsələsinin Azərbaycanın daxilində həll oluna biləcəyinə işarətlə rus “sülhməramlılarına” bölgədə müvəqqəti olduqlarına xatırladaraq demişdi: “Düşünürəm ki, Azərbaycan da rusiyalı hərbçilərin mövcudluğunu müvəqqəti hadisə kimi qəbul edir. Bildiyim qədər söhbət beş illik müddətdən gedir. Biz bu vəziyyəti gürcü həmkarlarımızla müzakirə edəcəyik”.
 
Mümkündür ki, Rusiyanın erməni müttəfiqlərinin çağırışına rədd cavabı verməsində NATO-nun bu xəbərdarlığı da mühüm rol oynayıb. Moskvanın indiki halda həm Qara dənizdə, həm də Ermənistan-Azərbaycan sərhədlərində NATO qüvvələri ilə üz-üzə gəlmək istəməməsi anlaşılandır. 
 


Ana səhifəyə qayıt        Baxış: 6 508          Tarix: 3-07-2021, 11:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma