Xəbər lenti

İran-Azərbaycan münasibətləri yenidən dizayn edilir

Ötən ay prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu göndərdi. Həmin məktubda isti ifadələr aydın görünürdü. Cavab məktubu da eyni xarakter daşıdı. Xüsusən yeni seçilmiş prezident tərəfindən II Qarabağ Müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə birmənalı dəstək verilirdi. Təbii ki, bu, yaxşı başlanğıc hesab oluna bilər. Xoş məramdan doğan bu yanaşmanın ikitərəfli münasibətlərin uğurlu inkişafına təkan verəcəyi də şübhə doğurmur. Ancaq orası da var ki, İran Zəngəzur məsələsi ilə bağlı Ermənistanın sərhədlərinin dəyişdirilə biləcəyi ehtimalınl süngü ilə qarşılayıb. Ehtimal olunan bu dəyişikliyi keçilməsi mümkün olmayan “qırmızı xətt” adlandırıb.
O da sirr deyil ki, ultra-mühafizəkar mövqeyi ilə seçilən İbrahim Rəisi İranın Ali dini rəhbəri Ayətullah Əli Xameneyinin xeyir-duası ilə iqtidara gəldi. İran tarixinin ən həlledici bir dövründə məsuliyyətin böyük bir hissəsi onun payına düşdü.
Statistikaya diqqət edək. İranın şimal-şərqindəki ucqar bir kənddən çıxmış İbrahim Rəisiyə 17.9 milyon, yəni seçkiyə qatılanların 61.9 faizi səs verib. Müqayisə üçün deyək ki, ikinci yeri tutan islahatçı namizəd Abdulnəsir Hemmati 2.5 milyon səs toplamışdı. Yaxşı göstəricidir. Pis olan isə odur ki, 1979-cu ildən bəri, yəni İslam İnqilabından sonra ilk dəfədir ki, İranda xalq seçkilərə bu qədər biganə münasibət bəsləyib. Rəsmi məlumata görə, seçkidə seçicilərin cəmi 48.8 faizi iştirak edib. O da bəllidir ki, İranda keçirilən seçkilərin saxtakarlıq əmsalı xeyli yüksəkdir.
Qərb mətbuatı yazır ki, 61 yaşlı İbrahim Rəisi prezident seçildi. Ancaq bu, hələ hamısı deyil. Cənab Rəisinin 32 il ərzində İranı idarə etməkdə olan 82 yaşlı Ayətullah Əli Xameneyini əvəz edəcəyi də zaman məsələsidir.

Yeni prezident anti-Qərb, anti-Amerika mövqeyindədir. Bu məsələdə o, Avropa Birliyi ilə xoş münasibətlər qurmağa çalışan liberal sabiq prezident Həsən Ruhanidən ciddi şəkildə seçilir. Onu da qeyd edim ki, İbrahim Rəisi 2017-ci ildə prezident seçkisini məhz islahatçı Həsən Ruhaniyə uduzmuşdu. O məğlubiyyətdən sonra Ayətullah Əli Xameneyi ona yaxınlığı ilə tanınan İbrahim Rəisini İran Ali Məhkəmə sistemini lap yuxarı başına keçirdi.
İbrahim Rəisi 2020-ci ilin dekabrında tələbələrlə görüşündə deyib ki, Amerika hər zaman olduğundan daha zəifdir. İranın ABŞ-la danışıqlara həddindən artıq can atması yanlış addımdır. Amerikanın imperiya ambisiyaları iqtidara respublikaçıların və ya demokratların gəlməsindən asılı olmayaraq dəyişməz olaraq qalır. Amerikanı məyus edən İslamçı İranın gücüdür.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Qasım Süleymaninin ABŞ tərəfindən qətlə yetirilməsinə münasibət bildirərkən İbrahim Rəisi demişdi ki, bu, dövlət səviyyəsində dəstək verilmiş terror aktıdır: “ABŞ-ın regiona gəlişi ilə təhlükəsizlik aradan qalxdı, xaos və dağıntı baş alıb getdi, stabillik iflasa uğradı”.
Qərb mətbuatı xatırladır ki, 2019-cu ilin noyabrında Donald Tramp administrasiyası İbrahim Rəisinin adını “qara dəftərə” salıb. Amerika cənab Rəisini 2018-ci ildə yetkinlik yaşına çatmamış ən azı 90 nəfərin ölümünə fərman verməkdə suçlayıb. Ən azı 8 hüquq müdafiəçisi də onun göstərişi ilə zindana salınıb.
2020-ci ildə İranda 246 nəfər edam olunub. Ən yüksək instansiya kimi İbrahim Rəisi ölüm hökmünü təsdiq və ya ləğv edə bilərdi. O, bir qayda olaraq ölüm hökmlərini təsdiq etməklə tanınıb. Elə bu səbəbdən də ABŞ-la yanaşı Avropa Birliyi də onun Avropaya girişinə rəsmi şəkildə qadağa qoyub.

2009-cu ildə isə İbrahim Rəisi Mahmud Əhmədinejadın yenidən prezident olmasına müqavimət göstərən “Yaşıl Hərəkat”a divan tutulmasını təmin edib. Seçkilərin saxtalaşdırılmasına etiraz edən xalqın susdurulmasında xüsusi qəddarlıq nümayiş etdirib.
Əlbəttə, bütün bu ittihamlar Qərb tərəfindən səsləndirilir. Qərbin isə İranla ciddi problemləri var. Ancaq bu ittihamların yenidən Qərb mətbuatında gündəmə gəlməsi o deməkdir ki, İbrahim Rəisi administrasiyası ilə Qərb arasında ciddi qarşıdurma qaçılmazdır. Həm İbraihim Rəisiyə, həm də onun administrasiyasının üzvlərinə Qərbə giriş qadağandır.

Təbii ki, Qərbin İrana münasibətini bütün detallarına qədər bilmək Azərbaycan üçün xüsusi önəm daşıyır. Çünki qapı qonşusu kimi yaxın ətrafımızdakı prosesin bütün incəliklərini bilmək və bu bilgilərdən rasional şəkildə yararlanmaqda israrlıyıq. II Qarabağ Müharibəsinin ortaya qoyduğu nəticələrdən dolayı Cənubi Qafqazda ciddi proseslər gedir. İran bu proseslərdən xeyli kənarda qalıb. Ancaq İranın yenidən fəallaşmasını istəyən tərəflər var. Türkiyə-Azərbaycan birliyi bölgədə dominant gücə çevrilib. Müharibədə biabırçı məğlubiyyətlə üzləşən Ermənistan seçim qarşısındadır. Ya Türkiyə və Azərbaycanla anlaşmalıdır, ya da ki, Ermənistan-İran-Rusiya birliyini gücləndirməyə üstünlük verməlidir. Erkən seçkidən qalib çıxan Nikol Paşinyan iqtidarı Türkiyə və Azərbaycanla anlaşmağa meyllidir. Ancaq Ermənistan-İran-Rusiya birliyini gücləndirmək ideyası rəsmi İrəvanda hələ də aktualdır. 44 günlük müharibə zamanın Rusiyanın İran üzərindən Ermənistana silah göndərməsi Azərbaycan prezidenti səviyyəsində dilə gətirildi. Bundan sonra Cənubi Azərbaycanında keçirilən cümə namazları zamanı İran hakimiyyətinin şiə Azərbaycana dəstək verməsi tələbi açıq və kəskin şəkildə ortaya qoyuldu. Şübhəsiz ki, Cənubi Azərbaycanda xalqın bu məsələdə dirəniş göstərməsi molla rejimini geri çəkilməyə məcbur etdi.
Buna baxmayaraq, erməni tərəfi hesab edir ki, hazırda Azərbaycana rəsmi səviyyədə dəstək verən İran Ermənistandan heç bir halda imtina etməyəcək.

Çünki Türkiyə-Azərbaycan birliyi Cənubi Qafqazda İranın təsir dairəsini az qala heçə endirib. Özü də bu iş təkcə Cənubi Qafqazla məhdudlaşmır. Türkiyə Orta Asiyada da İranı kölgədə qoyub. Üstəlik, Türkiyə Əfqanıstanda da hər kəsin hesablaşmalı olduğu gücə çevrilir. Bəli, İran Tehranda “Taliban” ilə Əfqanıstan hökuməti arasında danışıqları təşkil edə bilib. Bu, İranın böyük diplomatik uğurudur. Ancaq İran şiə dövləti olduğuna görə sünni Əfqanıstanda hərbi baxımdan mövcud ola bilməz. Yəni, məzhəb fərqindən dolayı bu, mümkün deyil. (Azərbaycandan fərqli olaraq, Əfqanıstanda məzhəb məsələsi hər işin önündə gəlir. E.H.)

Türkiyə ilə bağlı daha bir məqam: Türkiyədə millətçi düşüncə getdikcə dini düşüncəni üstələyir. Qərb analitikləri də bu məqama toxunurlar. İran üçün bu, fəlakət deməkdir. Düşünün ki, daha çox islamçı baxışlara malik Tayyib Ərdoğan iqtidardan gedir və onun yerinə millətçi kəsimin lideri gəlir. Belə bir dəyişiklik ehtimalı çox yüksəkdir və bu, özü ilə yeni bir dalğa gətirə bilər. İranın bu dalğanın qarşısında duruş gətirməsi mümkünsüz görünür. Hər halda, İranın siyasi elitası belə bir ssenariyə də hazır olmağa çalışır. Hələ o da var ki, Türkiyə-Azərbaycan birgə hərbi təlimləri və bu təlimlərin intensivliyi, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşması və bu kimi digər amillər İranda məmnunluq doğurmur. Eləcə də Azərbaycanla Türkmənistan arasında “Dostluq” adlandırılan neft yatağının birgə istismarı ilə bağlı əldə olunmuş anlaşma İran üçün sürpriz oldu. Bu anlaşma İrana, eləcə də digər ölkələrə nümayiş etdirdi ki, türklər öz aralarında anlaşmağı bacarırlar. Xəzər dənizini hələ də “Mazandaran gölü”adlandıran İrana bölgədə türk faktorunun sürətlə gücləndiyini seyr etməkdən başqa bir şey qalmır. Prosesə müdaxilə etmək mümkünsüz və son dərəcə təhlükəli görünür.
İranla Azərbaycanın münasibətlərində ciddi ziddiyyətlər var. Bir dəfə İlham Əliyev “mən 50 milyonluq Azərbaycan xalqının prezidentiyəm”, dedi.

Bəli, İranda əhalinin az qala yarısının türk olması rəsmi Tehranı narahat edir. Bu, başadüşüləndir. İlham Əliyevin həmin bəyanatı da İranda zəlzələ effekti yaratmışdı. İran rəhbərliyi də ölkənin ərazi bütövlüyünü qoruyub saxlamağa çalışır. Qonşuluqda güclü Azərbaycan dövlətinin mövcudluğu molla rejimini Ermənistana dəstək verməyə təhrik edir. Türkiyə-Azərbaycan birliyi isə İranın daxilindəki türk toplumunun milli oyanışını sürətləndirir. Hələ orası da var ki, NATO İranın başqa bir tərəfini də öz əhatə dairəsinə alır. Özü də bu prosesi təkcə biz görmürük. Dünyanın güc mərkəzləri İrandakı türk faktorunu yaxından izləyir. Məsələn, bir faktı deyim. İyul ayında “The Wall Street Journal” da Valter Russell (Walter Russell) yazmışdı ki, İranla bağlı kəşfiyyat məlumatları əldə etmək üçün cənubi azərbaycanlılardan istifadə etmək olar. ABŞ-ın dövlət olaraq da İranda türklər arasında separatizmi alovlandırmaq arzusu da təzə söhbət deyil. Amerikada rəsmi Bakının da dəstək verdiyi anti-İran mərkəzləri var. Ancaq rəsmi Bakı “Cənubi Azərbaycan” mövzusu haqqında demək olar ki, danışmır. Çünki nə vaxtı, nə də yeri deyil. Qarşıda təcili həll olunası bəlli problemlər var. “Cənubi Azərbaycan” mövzusu isə ortaya daha ciddi problemlər çıxara bilər.
Bir şeyi də deyim. “İranla bağlı kəşfiyyat məlumatları əldə etmək üçün cənubi azərbaycanlılardan istifadə etmək olar” düşüncəsində İsrail amili də var. Bu mövzu Qərb mətbuatında tez-tez gündəmə gəlir. İran mediası da Azərbaycan-İsrail strateji münasibətlərini ölkənin milli maraqlarına təhlükə kimi dəyərləndirirlər.

Onu da deyək ki, Azərbaycan İran üçün türk amilinə görə təhlükədir. İran isə bu təhlükəni dəf etmək üçün şiə amilini qabardır və Azərbaycanda bu amilə söykənən dini qrupları müdafiə edir. Məsələn, Mahmud Əhmədinejad prezident olduğu dönəmdə (2005-2013) İran rejimi rəsmi Bakını “Azərbaycan müsəlman xalqının oyanışı” ilə hədələyirdi. Böyük ehtimalla demək olar ki, İbrahim Rəisi iqtidarı bu kimi çağırışlardan çəkinəcək, elə Azərbaycan iqtidarı da Cənubi Azərbaycanda separatizmin daha da şiddətlənməsinə çalışmayacaq. Yəni, qarşılıqlı anlaşma əldə olunacaq. İran şirkətlərinin işğaldan azad olunmuş Qarabağda enerji sektorunda müəyyən işlər görəcəyi də gözlənilir.
Bəzi analitiklər bu fikirlə razılaşmır. Onlar hesab edirlər ki, ultra-mühafizəkar İbrahim Rəisi Azərbaycandakı dini kəsimin fəllaşmasına çalışacaq. Çünki bu yanaşma ideoloji doqmalardan qaynaqlanır. Əlbəttə, rəsmi Bakının mövqeyində hər hansı bir zəiflik hiss olunsa, rəsmi Tehran dini qrupları hərəkətə gətirməyə çalışacaq. Ancaq bu ehtimal çox aşağıdır.

İranın Qərblə münasibətlərinə təsadüfən toxunmadıq. İbrahim Rəisi dönəmində Qərbin İrana tətbiq etdiyi sanksiyaların aradan qalxması ehtimalı son dərəcə aşağıdır. Ona görə də İran bölgədə stabilliyin və iqtisadi əlaqələrin inkişafına daha çox maraq göstərmək zorundadır. Bəllidir ki, İranda əhalinin sosial vəziyyəti arzuolunan səviyyədən ciddi şəkildə aşağıdır. Qərblə ilişkiləri ən aşağı həddə düşən İran heç olmasa ətraf ölkələrlə iqtisadi-siyasi əlaqələri gücləndirmək hesabına qarşılaşdığı itkiləri azaltmağa çalışır. Qərbin küncə sıxışdırdığı İranın siyasi elitası o fikirdədir ki, rəsmi Tehran Fars körfəzi və Yaxın Şərqdə daha da möhkəmlənməlidir.

İranda ultra-mühafizəkar qanadın iqtidara gəlməsi Qərb üçün, xüsusən ABŞ və İsrail üçün Azərbaycanın dəyərini önəmli şəkildə artırıb. Heç şübhəsiz ki, rəsmi Bakı bunun fərqindədir və bu məqamdan maksimum divident əldə etməyə çalışacaq.

Elbəyi Həsənli, Sürix

musavat.com

https://responsiblestatecraft.org/2021/07/10/what-to-expect-from-the-new-iranian-president-a-view-from-the-caucasus/
https://jamestown.org/program/iranian-azerbaijani-relations-under-the-new-raisi-administration/



Ana səhifəyə qayıt        Baxış: 3 990          Tarix: 17-07-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma