Xəbər lenti

Rusiyanı regiondan sıxışdırmağa can atan ABŞ və Fransa Ermənistanın son hərbi təxribatları barədə əvvəlcədən məlumatlı olub; İki həmsədrin regionu yeni savaşın başladılması ilə xaosa sürükləmək cəhdlərinin qarşısını yalnız Azərbaycan dövləti ala bilər...

Ermənistanın hərbi təxribatları artıq intensiv xarakter almağa başlayıb. Belə ki, bu düşmən ölkənin son 44 günlük savaşda darmadağın edilmiş ordusunun tör-töküntüləri hər gün silahlı insidentlər törədirlər. Və nəticədə indi Azərbaycan-Ermənistan sərhəd bölgəsi əsl savaş meydanına çevrilib.

Bəzi məlumatlara görə, erməni hərbçilər arasında ciddi itkilər var. Ancaq 44 günlük savaş dövründə olduğu kimi, rəsmi İrəvan indi də hərbi itkiləri gizlətməyə üstünlük verir. Əsas səbəbsə, Ermənistan əhalisi arasında onsuz da mövcud olan panik durumun daha da dərinləşməsinin qarşısını almaqdır.

Bütün bunlara baxmayaraq, Paşinyan hakimiyyətinin hərbi təxribatları eyni israrla davam etdirməsi bir qədər təəccüb doğurur. Hətta rəsmi İrəvanın bölgəyə canlı qüvvə və hərbi texnika daşıdığı barədə də məlumatlar var. Bu isə Paşinyan hakimiyyətinin hərbi təxribatları davam etdirmək niyyətində olduğunu göstərir.

 Təbii ki, rəsmi İrəvanın bu davranışları olduqca riskli istiqamətdir. Çünki Paşinyan hakimiyyətinin hərbi təxribatları genişmiqyaslı müharibəyə də yol aça bilər. Bu haldasa, Cənubi Qafqazda hərbi-suyasi xaos vəziyyəıtinin yarana biləcəyi qətiyyən istisna deyil.

Böyük ehtimalla Ermənistanın hərbi təxribatları ATƏT-in Minsk Qrupunun iki həmsədri – ABŞ və Fransa rəsmi İrəvana cəsarət verməkdən imtina etməyincə davamlılığını qoruyacaq. Çünki Minsk Qrupunun digər həmsədri Rusiya regionda yeni hərbi-siyasi gərginliyin yaranmasında qətiyyən maraqlı deyil. Əksinə, Kreml üçtərəfli anlaşmaların əsas qarantoru rolunda çıxış edir. Və bu, istər-istəməz digər həmsədrlərin mövqeyi ilə birbaşa ziddiyyət yaradır.

Əslində, indi yaranmış vəziyyət də elə həmsədrlərin mövqeyində dərinləşməkdə olan ziddiyyətlərdən qaynaqlanır. Çünki üçtərəfli anlaşmaların sayəsində  Rusiya öz regional mövqelərini maksimum səviyyəyə qədər möhkəmlədirmiş kimi görünür. Bunun əksinə olaraq, ABŞ və Fransa Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərdən kənarlaşdırılmış duruma düşüblər.

Ona görə də indi ABŞ və Fransa Ermənistanı yeni savaşa yol aça biləcək hərbi təxribatlara cəsarətləndirməklə, mövcud regional hərbi-siyasi şərtləri dəyişə biləcəklərinə ümid bəsləyirlər. Yəni, ABŞ və Fransanın ortaq hədəfi üçtərəfli anlaşmaların icra edilməsinin qarşısını almaqdan ibarətdir. Bu baxımdan, hesab etmək olar ki, hazırda Cənubi Qafqazda Ermənistanın hərbi təxribatları üzərindən ABŞ və Fransa Rusiya ilə region uğrunda savaşa girib.
 
Bütün bunlar onu göstərir ki, Ermənistanın hərbi təxribatlar törətməklə, bu qədər riskli oyuna girişməsi qətiyyən səbəbsiz və boşuna deyil. Əksinə, Paşinyan hakimiyyətinin törətdiyi silahlı insidentlər ABŞ və Fransanın “tətiyi çəkməsi”nin real nəticəsidir. Açılan atəş isə Azərbaycan ordusunun mövqelərinə istiqamətlənsə də, əslində, birbaşa Rusiyanın regional maraqlarını hədəfə alıb.

Maraqlıdır ki, bəzi ehtimallara görə, bu işin içərisində Avropa Birliyinin ola biləcəyi də qətiyyən istisna deyil. Hər halda, Avropa Birliyinin gözlənilmədən Ermənistana 2,6 milyard avro həcmində nəhəng maliyyə yardımı ayırması qətiyyən səbəbsiz deyil. Bu nəhəng məbləğin bəzi Qərb dövlətlərinin Ermənistana hərbi təxribat siyasətini davam etdirməsi üçün “şirnikləndirici hədiyyə”si ola biləcəyi tamamilə inandırıcıdır. Paşinyan hakimiyyəti isə bu “şirnikləndirici hədiyyə”nin qarşılığını məhz üçtərəfli anlaşmaların yaratdığı yeni geopolitik şərtləri sıradan çıxartmaq cəhdi ilə ödəməyə məcburdur.

Əgər, bu, baş tutarsa, ABŞ və Fransa Kremli regiondan bir qədər sıxışdırmaq şansı qazana bilər. Bu halda, Minsk Qrupu həmsədrlərindən ikisi - ABŞ və Fransa, digər həmsədr Rusiyanı bəzi mövqelərindən imtinaya məcbur edə biləcəyi istisna deyil. Belə anlaşılır ki, ABŞ və Fransa regional proseslərdə təşəbbüsü Kremlin əlindən Rusiyanın hərbi müttəfiqi Ermənistan vasitəsilə almağa çalışır. Və bu, rəsmi İrəvanı iki nəhəng gücün arasında qoymuş olur ki, nəticəsi Ermənistanın əzilməsi ilə ortaya çıxa bilər.

Ancaq indiki vəziyyətin əlamətləri hələ bir neçə gün əvvəlcədən müşahidə edilirdi. Belə ki, ABŞ-ın Ermənistandakı səfiri sərhəd bölgəsinə səfər edib, vəziyyətlə tanış olmuşdu. Eyni zamanda, Ağ Ev ABŞ vətəndaşlarına Azərbaycan-Ermənistan sərhədlərinə yaxın bölgələrə səfərdən imtina məsləhəti vermişdi. Belə anlaşılır ki, silahlı insidentlərin baş verəcəyi, Ermənistanın yeni hərbi təxribatlar törədəcəyi barədə Ağ Evdə əvvəlcədən məlumatlı olublar.  
 
Digər tərəfdən, Fransanın Ermənistandakı səfiri Conatan Lakot da Ermənistanın hərbi təxribat siyasətinin formalaşdırılmasında birbaşa iştirak edir. Fransız səfir hətta Ermənistanın rəsmi təmsilçisi kimi çıxışlar edir. Onun dediyinə görə, hazırda Fransanın əsas problemi Ermənistanın sərhəd ərazilərində yaranmış vəziyyətlə bağlıdır.

Ancaq səfir bu məsələnin Fransa üçün niyə problem olduğunu isə nədənsə, izah etməyə həvəs göstərmir. Halbuki artıq qətiyyın şübhə doğurmur ki, Ermənistanın hərbi təzribatlarının arxasında ABŞ-la yanaşı, Fransanın səhnəarxası təlimatları dayanır. Və hazırda baş verənlərə görə Ermənistanla yanaşı, həm də ABŞ-Fransa cütlüyü birbaşa məsuliyyət daşıyır.

Ona görə də, hesab etmək olar ki, son 30 ildə regionda sülh yaratmaq missiyasını öz üzərinə götürmüş həmsədrlər bu işin öhdəsindən gələ bilmədilər. Ancaq indi onların özlərinin arasında ciddi ziddiyyətlər yaranıb. Bu səbəbdən də hazırda həmsədrlər öz maraqları naminə sülhyaratma missiyasını, “savaş törətmə missiyası” ilə əvəzləyiblər.

Yəni, indi ABŞ, Fransa və Rusiyanın regionda fəaliyyəti “savaş həmsədrləri” statusuna uyğun gəlir. Hazırda onların regiona vəd etdikləri xaos və fəalkətlərin qarşısını yalnız Azərbaycan dövləti ala bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


Ana səhifəyə qayıt        Baxış: 3 480          Tarix: 28-07-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma