Xəbər lenti


“Rusiya parlamentinin deputatı, həmişə öz sərsəm açıqlamaları ilə gündəmi zəbt etməyə çalışan Vladimir Jirinovski yenə də məntiqsiz, savadsız açıqlaması ilə yadda qalır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı, “Qarabağa dönüş” İctimai Birliyinin sədri Tural Gəncəliyev bildirib.

T.Gəncəliyev qeyd edib ki, Jirinovski Rusiya mediasına verdiyi açıqlama ilə Azərbaycana və ölkəmizin rəhbərliyinə qarşı qəbuledilməz fikirlər səsləndirib:

“Mən Xankəndi millət vəkili və bir Qarabağ sakini olaraq Jirnovskinin bu sərsəm açıqlamasını qəti şəkildə pisləyirəm. Bu açıqlama bir daha onu göstərir ki, Rusiya daxilində bəzi şovinist qüvvələr hələ də 44 günlük müharibədən sonra Azərbaycan Ali Baş Komandanının rəhbərliyi ilə əldə edilən qələbə ilə əlaqədar yeni reallığı qəbul edə bilmirlər. Jirinovski və onun kimilərinin etdikləri Azərbaycan-Rusiya arasında olan dostluq münasibətlərinə xələl gətirmək məqsədi güdürlər. Çünki bu insanlar regionda daimi sülhün, stabilliyin, qonşular arasında münasibətlərin bərqərar olmasını istəmirlər”.

Deputat deyir ki, Jirnovskinin müsahibəsində də məhz bu xətti aydın sezirik:

“Bir daha bildirmək istəyirəm ki, biz torpaqlarımızı Ali Baş Komandanının rəhbərliyi altında düşmən tapdağından azad etmişik, Ermənistan ordusunun darmadağın olmasının şahidi olmuşuq. Ona görə də Jurinovski və onun kimiləri istəsələr də, istəməsələr də bu reallığı qəbul etməlidir. Başqa bir yol yoxdur. Biz Jirinovski kimilərinin fikirlərini rədd edirik, onları qınayırıq və bunun Azərbaycan-Rusiya münasibətlərinə də xələl gətirə bilməyəcəyini qeyd edirik”.



Ana səhifəyə qayıt        Baxış: 3 527          Tarix: 1-08-2021, 12:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma