Xəbər lenti


Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçməsi ilə bağlı Tehranda olub (Azərbaycanı inauqurasiyada Milli Məclisin sədri Sahibə Qafarova təmsil edib) və İbrahim Rəisi ilə görüşüb. Lakin görüş zamanı Paşinyan Rəisidən sərhəd məsələsi, Qarabağla bağlı hər hansı açıqlama eşitməyib.
Rəisi Ermənistana hansısa dəstək bəyanatı da verməyib. Yalnız regional əməkdaşlıqla bağlı ümumi ifadələr işlədib. Amma az öncə azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubda o, Əliyevi Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik etmiş, bu da İrəvanda güclü qıcıq yaratmışdı. Lakin belə görünür ki, Paşinyanın andiçmə mərasiminə şəxsən qatılması da Rəisinin, rəsmi Tehranın mövqeyinə təsir etməyib.

Qabil Hüseynli: “İranın Azərbaycana münasibəti hələ tam dəqiqləşməyib”
Sabiq dövlət müşaviri Qabil Hüseynli deyilənlərin əksini düşünür: “Deməzdim ki, Paşinyan İrandan əliboş qayıtdı. Prezidentin səlahiyyətlərinə rəsmən başlaması münasibətilə keçirilən tədbirə qatılmışdı. Orada geniş müzakirələr üçün imkan yox idi. Amma hər halda tədbirə gələnlərin heç də hamısını Rəisi qəbul etmədi. Bunun əvəzində Paşinyanı qəbul etməsi Ermənistana olan diqqətin ifadəsi idi. Orada nələrin danışıldığını dəqiq bilmirik. Hələ də Xankəndi, Ermənistan istiqamətində İran maşınlarını görmək mümkündür. Etiraf etməliyik ki, İran tərəfin Azərbaycana münasibəti hələ tam dəqiqləşməyib. Yetərli səmimiyyət hiss olunmur. Biz Ermənistana edilən yardımın şahidiyik. Bu görüş ərəfəsində İranın Ermənistandakı səfirinin Göyçədə zühur etməsi ciddi mətləblərdən xəbər verir. Səfirin sərhəddə nə işi var? Durbinlə Kəlbəcər bölgəsini müşahidə etdi. Bununla bağlı raporunu Tehrana göndərməmiş deyil.
Onlar yaxşı bilirlər ki, ermənilər Azərbaycan ərazilərinin bir qismini hələ də işğal altında saxlayırlar. Səfirin səfəri ciddi təəccüb doğurur. Düşünürəm ki, İran tərəfi müəyyən məlumatları toplayır. Çox güman ki, Ermənistan kömək üçün İrana da yalvarır. Mən bu məsələyə hələ ki, tam aydınlıq gətirmək istəmirəm. İran separatçılara isti münasibətini səngitmir. Süni peyklərimiz Ermənistana daim yardım daşıyan İran maşınlarını çəkib. Azərbaycan tərəfinin Milli Məclisin sədri səviyyəsində andiçmə mərasiminə qatılması qayğı edici cəhətlərin olduğunu sübut edir".

Elxan Şahinoğlu: “Yeni prezident ermənilərin arzularını yerinə yetirməyəcək”
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu fərqli mövqedən çıxış edir: “Nikol Paşinyanın hakimiyyətə gəldiyindən bu yana İranla münasibətləri inkişaf etdirməyə çalışır. Yaxşı yadımdadır, iki il yarım əvvəl hakimiyyətə yiyələnəndən sonra Paşinyan xarici siyasətlə bağlı çıxış etmişdi. Orada hətta Rusiyadan daha çox İrana yer ayırmışdı. İranla münasibətlərin inkişaf yollarından söz açmışdı. Sonra Tehrana səfər etdi, orada sərsəm ifadələr səsləndirdi. Ortaq, birgə layihələr həyata keçirildi. İran ərazisindən ölkəmizə qarşı təxribatçı hərəkətlərə yol verildi. Orada ”Qarabağ Ermənistandır" şüarını açdılar. Amma xeyri olmadı. İranın Ermənistana yatırım qoymaq kimi bir niyyəti yoxdur. Digər tərəfdən İran sanksiyalarla üz-üzədir, özünə maliyyə lazımdır. II Qarabağ savaşında cənub qonşumuzun mövqeyi ilə bağlı bizdə şübhələr yaransa da, sözdə olsa belə İran Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Hətta ərazi bütövlüyümüzü təmin etdiyimiz üçün Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu belə göndərildi. Dolayısı olsa da İranın bölgədəki tərəfdaşı Azərbaycandır. Regional layihələri yalnız Azərbaycanla həyata keçirmək olar. Bu layihələr də reallaşır. Cənub-şimal layihəsi buna örnəkdir. Ermənistanın isə İranla böyük layihələr həyata keçirmək imkanları yoxdur. İranla Ermənistanı birləşdirən yeganə şey Zəngəzur dəhlizidir. Ermənistan çalışır ki, bu məsələdə rəsmi Tehranın dəstəyini qazansın. Amma Türkiyə prezidenti altılıq format təklifini irəli sürüb. Türkiyə, İran və Rusiya əməkdaşlıq edib, nəqliyyat dəhlizlərini işə salacaqlar. Burada isə Zəngəzur dəhlizi İranın da maraqlarına cavab verir.
Amma istənilən halda cənub qonşumuzun bəzi hərəkətləri bizdə suallar doğurur. Məsələn, İranın Ermənistandakı səfirinin Zəngəzura gəlib, oradan hərbi məntəqədən Azərbaycan ərazisinə baxması bizdə suallar doğurmaya bilməz. Əgər İbrahim Rəisi praqmatik siyasətçidirsə, Ermənistanla deyil, Azərbaycanla əməkdaşlıq etməli, ölkəsinin ərazisindəki erməni təxribatına əngəl olmalıdır. Düşünürəm ki, yeni prezident ermənilərin arzularını yerinə yetirməyəcək. Qarabağ məsələsi bitib və bunu İranda da anlayırlar. Rəsmi Tehran da güclünün, yəni Azərbaycanın yanında yer almağa qərar verib deyə düşünürəm".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 791          Tarix: 7-08-2021, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma