Xəbər lenti

 
Azərbaycan İrana nota verməyib.
 
Ovqat.com xəbər verir ki, bu məlumatı İranın yarırəsmi “SəhərAzəri” portalı yayıb.
 
Açıq-aşkar Azərbaycan XİN-nin dünən yaydığı bəyanatı təkzib etməyə çalışan İran nəşri öz məlumatını hansısa dəqiq mənbəyə də söykəndirməyib. Sadəcə iddia edib ki, İran səfirliyinə yaxın mənbə bu məlumatı ona ötürüb. 
 
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılmayıb, dəvət olunub” kimi söz oyunu ilə başlayan xəbərdə bildirilir:
 
İranın Bakıdakı Səfirliyinə yaxın mənbə redaksiyamıza bildirib ki, səfir Seyid Abbas Musəvinin Azərbaycan XİN-ə çağırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Mənbəyin sözlərinə görə, əvvəlcədən planlaşdırılmış görüşdə Azərbaycan xarici işlər nazirinin müavini Seyid İbrahim Rəisinin prezident seçilməsi münasibətilə iranlı diplomatı təbrik edib, iki dost və qonşu ölkə arasında strateji səviyyəyə çatmış əlaqələrin daha da dərinləşməsini arzulamışdır.


 
Məlumata əsasən, görüş əsnasında İrana məxsus yük maşınlarının Azərbaycan dövlətindən icazəsiz Ermənistandan Xankəndiyə  giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub, İran səfiri isə bu iradlara cavab olaraq lazımi izahatı verib, diplomata nota verilməsi isə yalandır”.
 
Məlumatdan da görünür ki, “SəhərAzəri”yə məlumat ötürən mənbə “çağırılmaq”la “dəvət edilmək” sözlərinin arasında heç bir məna fərqinin olmadığını bilməyəcək qədər naşıdır, ya da özünü naşılığa vurub. Üstəlik, bu mənbə diplomatiya sahəsindəki notanı də deyəsən Bethovenin hansısa sonatasının not yazısı ilə səhv salır. Notanın diplomatik anlamı belədir: “Bir hökumətin başqa hökumətə rəsmi yazılı diplomatik müraciəti”.
 
Bu məntiqlə, Azərbaycan XİN “İrana nota verdik” deyə yazılı bəyanat yayırsa, bunun özü ən yüksək səviyyəli nota deməkdir. Çünki adi notalar yalnız Səfirliyə təqdim edilirsə, bəyanat şəkildə verilən notalar narazılığı gizlədilməsi mümkün olmayan şəkildə qarşı tərəfə çatdırır. 
 
Üstəlik, diplomatik ənənələrdə notanın XİN-nə çağırılmış səfirə birbaşa təqdim edilməsi şərti də yoxdur. Bir sıra hallarda səfirlər nazirliyə çağırılıb şifahi şəkildə ona irad bildirilir, ardınca da hökumətin rəsmi mövqeyini ifadə edən yazılı müraciət səfirliyə göndərilir. Azərbaycan XİN isə nəinki həmin müraciəti İran səfirliyinə göndərib, hətta bunu bəyanat şəklində yayıb. Görünür, İranın nota verildiyi faktını inkar etməsi ehtimalı nəzərə alınaraq, bu addım atılıb.
 
İran səfirliyinin bütün diplomatik protokol və etiketlərin əksinə gedərək, nota aldığını yalanlaması yaxud  bunu nota kimi qəbul etməməsi öz funksiyasını doğru-dürüst yerinə yetirmədiyinə dəlalət edir. Özü də bu inkarçılığını heç bir diplomatik ölçüyə sığmayan ifadə və metodla həyata keçirir: guya özünə yaxın olan naməlum mənbə vasitəsilə və “Azərbaycan XİN yalan danışır” iddiası ilə
 
İran Səfirliyinin bu mövqeyi Azərbaycanın ən etibarlı dövlət strukturunu nüfuzdan salmaq, aşağılamaq cəhdidir və bu, elçilik təyinatı və məramı ilə üst-üstə düşmür. Dövlətçiliyə açıq qəsd kimi qiymətləndirilə biləcək bu addımına görə özünə hörməti olan dövlətlər adekvat cavab verər və səfiri dərhal “Persona Non Grata” elan edərdi. Bəs rəsmi Bakı necə, bu vəzifəsini həyata keçirə biləcəkmi?


Ana səhifəyə qayıt        Baxış: 6 528          Tarix: 12-08-2021, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma