Xəbər lenti
Bu gün, 22:21
Bu gün, 19:31
Bu gün, 17:10
Bu gün, 15:27
Bu gün, 14:30
Bu gün, 13:54
Bu gün, 13:00
Bu gün, 11:39
Dünən, 19:32
Dünən, 18:18
Dünən, 14:30
Tofiq Zülfüqarov: “Bu görüşdən öncə rəsmi İrəvan bəyan etməlidir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq”
Ermənistan baş naziri Nikol Paşinyan yenə sülhpərvər “çuxası”, “konstruktivlik” libası geyib. Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə və diqqət: Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Bu barədə o, hökumətin 12 avqust iclasındakı çıxışı zamanı deyib.O, İrəvanın ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini də bəyan edib. Qeyd edib ki, regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır. Paşinyan onu da deyib ki, “bizim yad torpaqlarda gözümüz yoxdur, ordumuzu da Ermənistanın müdafiəsi üçün modernləşdirmək istəyirik”.
Sual yaranır: yad torpaqlarda gözünüz yoxsa, niyə Bakının sülh müqaviləsi barədə təklifini neçə vaxtdır rədd edir, status məsələsini gündəmdə saxlamaqla Azərbaycana qarşı ərazi iddiasını rəsmi səviyyədə və israrla davam etdirirsiniz, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirsiniz, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları barədə bəndləri ləğv etmirsiniz?!
Göründüyü kimi, Paşinyanın son açıqlaması da ənənəvi, köhnə, davakar ritorikadan bir elə fərqlənmir və əslində real iş görmək əvəzinə, yenə şablon bəyanatlar verib vaxt uzatmaq, dünyanı çaşdırmaq, özünü isə məğlub tərəf kimi yox, ən azı müharibədən uduzmayan ölkə olaraq çıxmış tərəf kimi aparmaq cəhdindən savayı bir şey deyil.
Əgər status məsələsi tarixin zibilliyindədirsə, görəsən Ermənistanın baş şeytanı Qarabağla bağlı İlham Əliyevlə hansı danışıqları aparacaq? Yaxud üzdəniraq Minsk Qrupu bundan sonra bölgəyə hansı “konkret təkliflər”, hansı “sülhü” gətirə bilər - 30 ildə bunu bacarmayıbsa?
Kəsəsi, bu nağılları çox dinləmişik. Elə N.Paşinyan özü 2018-ci ilin mayından, hakimiyyətə gəldikdən sonra dəfələrlə mövqeyini dəyişib, gah “konstruktiv” görünməyə cəhd edib, gah da Azərbaycana qarşı ərazi iddiasını uca səslə dilə gətirib, təbii ki, “nidalı cavab”ını da alıb.
Bəs hazırda erməni baş nazirin məqsədi nədir, yoxsa bununla Qərbə konstruktiv olduğunu, Bakının isə danışıqlardan qaçdığını göstərmək istəyir? Ümumiyyətlə, hazırda Əliyevin Paşinyanla təkbətək görüşünə lüzum varmı? Bütün bu suallarla sabiq XİN rəhbəri, politoloq Tofiq Zülfüqarova müraciət etdik.
- Tofiq bəy, Nikol Paşinyanın hansısa yeni hiyləsi var, yoxsa çıxılmaz vəziyyətdən doğur sərgilədiyi “sülhməramlı” mövqe?
- Əslində Paşinyan 10 noyabrda götürülən öhdəlikləri həyata keçirmək niyyətində deyil. Burada əsas 3 məqamı qeyd etmək olar. Birincisi, Ermənistan ordusunun Azərbaycandan tam şəkildə çıxarılması məsələsi. Paşinyan “miatsum” layihəsinin davamı barədə bəyanat verib. Aydındır ki, bu, ərazi iddialarının davamıdır. Keçən il baş verən müharibənin məntiqi nəticəsi olaraq kapitulyasiya aktına imza atıb. Amma bundan da qaçmaq istəyir, üstəlik də Zəngəzur dəhlizindən yayınmağa çalışır. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir və s. Bu da onu göstərir ki, yeni şəraitdə köhnə siyasətini davam etdirir.
Paşinyanın məqsədi budur ki, gəlin danışıqları davam etdirək və Minsk Qrupu çərçivəsində yenidən müzakirə edək. Bu isə öhdəliklərdən qaçmaq istəyindən irəli gəlir. Təbii ki, nəticəsiz danışıqlar sonsuzluğadək uzadıla bilər. Amma o, bu siyasətini kiminsə arxasından həyata keçirmək istəyir. Yəni sərhədə hansısa müşahidəçiləri yerləşdirməklə, ya digər qurumların cəlb olunması, orada öz mövqeyinin beynəlxalq iştirakın təsbit olunması ilə bu siyasətini davam etdirmək niyyətindədir. Paşinyanın siyasətinin məntiqi və məzmunu budur.
- Deyək ki, Azərbaycan Prezidenti ilə görüş reallaşdı. Axı, dövlət başçımızın mövqeyi bəllidir və sülh müqaviləsi üçün nələrin lazım olduğunu bəyan edib, ərazi bütövlüyümüz tanınmalı, sərhədlər dəqiqləşdirilməli, Azərbaycan ərazisində bir nəfər də erməni silahlısı qalmamalıdır! Paşinyan indiki şərtlər daxilində keçiriləcək görüşdən nə qazanacağını düşünür, sizcə?
- Bunların tələsməsinin əsas səbəbi bilirsiniz nədədir? Onlar görürlər ki, Qarabağdan əhalinin axınını dayandıra bilmirlər. Nə rusların cəhdləri, humanitar yardımları və sair burda bir nəticə vermir, nə də özlərinin canfəşanlığı, qaçış davam edir. Rəqəmlər var, təkcə son iki ay ərzində 6 min avtomobil bu bölgədən çıxıb və geri qayıtmayıb. Bu, ən azı 6 min ailə deməkdir. Mart ayından sonra onlar Qarabağa hərbçilər göndərmirdilər, indi təzədən başlayıblar. Bu da onu göstərir ki, onların postları təmin etmək üçün canlı qüvvəsi qalmayıb və məcburən Ermənistandan qüvvə gətirirlər. Bundan əvvəl Qarabağdakı separatçılar xəbərlər yaymışdılar ki, bəs bizim ordumuz peşəkar olacaq, maaşla işləyəcək və s. Bu baxımdan böhranın qarşısını almaq üçün onlar danışıqlar strukturu, müşahidəçilər strukturu yaratmaq və köhnə siyasəti təzə şəraitdə davam etdirmək istəyirlər.
- Rəsmi Bakının mövqeyi ortadadır, hətta Rusiya və İrana ünvanlı kəskin mövqeni müşahidə etdik. Ancaq bu gün (dünən - E.P.) Azərbaycanın daxilindəki erməni quldurları mövqelərimizi atəşə tutub. Bu cinayətlər Azərbaycanı növbəti və daha sərt addımlara sövq edə bilərmi?
- Rəsmi siyasi mövqenin cizgiləri ortadadır: Azərbaycan tələb edir ki, Ermənistan yerinə yetirmədiyi öhdəlikləri icra etməlidir və o məsələlərin təzədən müzakirəsinə heç bir ehtiyac yoxdur. Bu, istər Minsk Qrupu çərçivəsində, istər digər müstəvilərdə, öhdəlik varsa, yerinə yetirmək lazımdır. Məncə, Azərbaycan bunu istəyir. Erməni təxribatlarında məqsəd budur ki, gərginlik yaradıb, oraya hansısa xarici qüvvələri cəlb etmək istəyirlər. Necə ki, bu, sərhəddə baş verdi. Toqquşmalardan sonra dərhal bəyanat verdilər ki, kimsə ora gəlməli, vasitəçi olmalıdır və s. Hiss olunur ki, nə qədər olsa da, onlar ruslara çox etibar etmirlər. Çünki Ermənistan artıq Qərb oyunçularını cəlb etməklə məhz bu məqsədi güdür. Biz başa düşməliyik ki, indi əsas məsələ Ermənistanın içərisində olan proseslərdir. Yəni orda qərbyönlü və rusyönlü düşərgələrin toqquşmaları davam edir.
- Qarabağda lokal, antiterror əməliyyatların keçirilməsinin vaxtı yetişibmi?
- O, operativ vəziyyətdən asılıdır. Bakıda oturub o haqda nə isə söyləmək çətindir. Amma mən hesab edirəm ki, hələlik bunlara bəhanə vermək bəlkə də bizə lazım deyil. Gəlin açıq danışaq, indi Azərbaycanın qeyri-rəsmi taktikası ondan ibarətdir: vaxtı uzatsın ki, orda insanların axını daha da güclənsin. Çünki qarşıdan qış gəlir və Qarabağda olan ermənilər də fikirləşirlər ki, burada qalmaq təhlükəlidir və sair. Yəni axın davam edir. Orda nə qədər az adam qalsa, gələcəkdə bizim addım atmağımız üçün şərait bir o qədər münasib olacaq.
- Bəs, Rusiya indiki konfrontasiya şəraitindən sui-istifadə edib, Qarabağdakı hərbi kontingentini artıra bilərmi?
- Əslinə qalsa, biz başa düşməliyik ki, Rusiyanın münaqişəyə baxışı çox sadədir: bu, idarəetmə üsuludur. Həmçinin hər iki ölkəyə öz təsirini saxlamaq siyasətidir. Gah bizim xeyrimizə nə isə deyəcək, gah da ermənilərin. Ermənistandakı qarşıdurmanı nəzərə alsaq, hazırkı anda erməni tərəfə daha çox jestlər edəcək. Təbii ki, ermənilər bundan istifadə etmək niyyətindədirlər.
“Paşinyan 10 noyabrda götürülən öhdəlikləri həyata keçirmək niyyətində deyil” |
- Bəli. Belə görüntülü addımlar təxribatı yetişdirdi. Hesab edirəm ki, Jirinovski əhvalatında da məqsəd Rusiyada anti-Azərbaycan kampaniyasını qaldırmaqdır. Müxtəlif məsələlərdən istifadə edib ermənilərə göstərmək istəyirlər ki, biz Azərbaycana qarşıyıq. Yəni gah bu, gah digər tərəfə gedirlər.
- Minsk Qrupunun bölgəyə gəlməsi üçün ermənilər niyə bu qədər canfəşanlıq göstərirlər?
- Çünki onların gəlişi bir məntiqin əsasında olacaq. Onlar da Ermənistandakı qarşıdurmanın oyunçularına çevriləcəklər, hətta ordadırlar. Bundan sonra isə hər şey ona həsr olunacaq.
- Bir daha Paşinyanın “sülhpərvər”liyinə qayıdaq. Sanki bu mövqeyi ilə özünü Qərbə “konstruktivliyini” göstərmək, Bakının isə danışıqlardan yayındığını iddia etmək istəyir. Belədirmi?
- Bəli, bu təbliğat müharibəsi fasiləsiz gedir.
- İndiki halda Əliyev-Paşinyan görüşünün keçirilməsi nə dərəcədə real görünür?
- Mən hesab edirəm ki, bu görüş bizə lazım deyil. Görüşdən qabaq öhdəliklərin əməl olunmasına aid hansısa bəyanatlar olmalıdır. Rəsmi İrəvan bəyan etməlidir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Əgər tanıyırsansa, onda Qarabağdakı qoşunlarını çıxart! Burada məntiq yoxdur. Rusiya sülhməramlılarının yerləşməsinin məntiqi nədən ibarət idi? Təhlükəsizliyi təmin etmək, düzdür, yoxsa yox? Bəs, o halda erməni qoşunları Qarabağda nə edir?
Yəni faktiki olaraq erməni tərəfi o görüşdən qabaq öz mövqeyini sərgiləyib. Elə biz də...İndi görüş keçirilsə, o mövqe təkrar olunacaq? Biz deyəcəyik, Zəngəzur dəhlizini aç, qoşunların müdaxiləsinə son qoy, hərbi qüvvələrini yığışdır, sərhədləri delimitasiya edək və sair. Onların buna nə cavab verəcəyi artıq indidən bəllidir.
- Bir gün əvvəl Paşinyan sərhədlərin dəqiqləşdirilməsinin zəruriliyindən danışıb. Eyni zamanda erməni nazirlərdən biri Zəngəzur dəhlizinin Ermənistan üçün önəmindən bəhs edib. Mövqelərdəki ikiləşmənin anlamı nədir?
- Mən hələ bunun elementlərini görmürəm. Məqsəd budur ki, danışıqlar üçün mövzu siyahısı yaradılsın. İndi cəlbedici hansısa məqamları şişirtməklə məşğuldurlar. Əslinə qalsa, Zəngəzura nəyə görə qaçırlar? Çünki orda eksteritorial xarakter Laçın dəhlizindən fərqli olaraq, müddətsizdir. Yəni bunlar dəhlizin açılmasını boyunlarına götürsələr, ömürlükdür, bunu başa düşürlər.
- Demək, yenə də oyun oynayırlar?
- Bu, daimi siyasi proseslərdir. Həmişə olduğu kimi. Burada təzə bir şey yoxdur. Ermənilər həmişə bizə qarşı düşmənçilik ruhunda olublar. Son 30 ildə bu düşmənçilik son həddə qalxıb. Ən azı bundan sonrakı 30 il ərzində də belə olacaqlar. Onların ideologiyası, mentaliteti məhz bunun əsasında qurulub: türklərə qarşı düşmənçilik, vəssalam!
“Yeni Müsavat”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər