Xəbər lenti

“Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərindən ibarət Üçtərəfli İşçi Qrupun yenidən işə başlaması təqdir olunmalıdır. Qeyd edək ki, baş nazirlərin müavinləri səviyyəsində həyata keçirilən iclaslar cari ilin 11 yanvar tarixində Moskvada imzalanmış üçtərəfli birgə bəyanata uyğun olaraq keçirilir”.

Politoloq İlyas Hüseynov bu fikirləri Musavat.com-a açıqlamasında bildirib. Siyasi analitik bildirib ki, İşçi Qrupun əsas məqsədi 2020-ci ilin 10 noyabr tarixində imzalanmış birgə bəyanatın 9-cu maddəsinə uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə bağlı praktiki aspektləri müzakirə etməkdir:

“Ötən dövr ərzində - cari ilin aprel ayına kimi tərəflər arasında 6 görüş keçirilib. Bunlardan 3-ü Moskvada keçirilmiş fiziki təmaslar, 3-ü isə virtual görüşlər olub. Sözügedən görüşlərdə önəmli qərar qəbul olunsa da, hər üç ölkənin lideri arasında nəticələrin möhkəmləndirilməsi ilə bağlı sənəd imzalanmayıb. 20 iyun tarixində Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri və Ermənistanda gərgin ictimai-siyasi vəziyyət isə ümumiyyətlə, üçtərəfli formatda görüşlərin keçirilməməsi ilə yadda qaldı. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra baş nazirin müavini Mher Qriqoryan və baş nazir Nikol Paşinyan da üçtərəfli işçi qrupun fəaliyyətinin bərpa ediləcəyi ilə bağlı müsbət mesajlar veriblər. Ermənistanda yeni hökumətin formalaşması da müəyyən zaman almışdı”.


İ.Hüseynov bildirdi ki, avqustun 17-də Moskvada keçirilən görüşdə tərəflər Cənubi Qafqaz regionunda nəqliyyat kommunikasiyalarının bərpasının perspektivlərini və Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidentinin 2021-ci il yanvarın 11-də imzaladıqları Bəyanatın yerinə yetirilməsi məsələlərini müzakirə ediblər: “Məlum olduğu kimi, ölkəmizi bu görüşlərdə Azərbaycan Baş nazirin müavini Şahin Mustafayev təmsil edir. Rəsmi Bakının əsas tələbi bundan ibarətdir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini tanımalı, Azərbaycana qarşı ərazi iddialarına son qoymalı, Azərbaycan ərazilərindən separatçılara məxsus və Ermənistanın silahlı qüvvələri çıxmalı, nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa olunması ilə bağlı proses sürətləndirilməlidir”.

Politoloq qeyd etdi ki, yalnız bundan sonra çoxtərəfli sülh müqaviləsi haqqında danışmaq olar: “Digər tərəfdən, Azərbaycan ərazilərində müvəqqəti olaraq yerləşdirilmiş sülhməramlıların qanunsuz və üçtərəfli bəyanatlara zidd fəaliyyəti müşahidə olunur. Lakin rəsmi Bakının irəli sürdüyü şərtlər arasında üzvi bağlılıq mövcuddur və bütün problemlər kompleks şəklində həll olunmalıdır. Digər şərtlər istisna olmaqla, yalnız Cənubi Qafqazda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpa olunması rəsmi Bakının planlarına daxil deyil”.


Ana səhifəyə qayıt        Baxış: 2 515          Tarix: 18-08-2021, 18:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma