Xəbər lenti

Nournews, İran
02.12.2021


İran və Azərbaycan liderlərinin görüşü münasibətləri inkişaf etdirmək, anlaşılmazlıqları diplomatik yolla həll etmək və böhran yaradan qüvvələri neytrallaşdırmaq cəhdi kimi xarakterizə oluna bilər.

“Nournews” xəbər verir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən sammitində İran prezidenti Seyid İbrahim Rəisi də iştirak edib. O, iclasdakı çıxışında və tədbirə qatılan ölkələrin rəsmiləri ilə görüşündə İranın İƏT üzvləri arasında əməkdaşlığı möhkəmləndirmək arzusunu dilə gətirib, regionun üzləşdiyi iqtisadi və təhlükəsizlik çağırışlarından söz açıb.

Bundan başqa, prezident Rəisi sammitdə iştirak edən dövlət başçıları ilə ikitərəfli görüşlərdə Tehranın regional diplomatiyaya əsaslanan xarici siyasət hədəfləri ilə bağlı fikir mübadiləsi aparıb. Bu məsləhətləşmələrdə diqqətəlayiq məqamlardan biri isə İran İslam Respublikası ilə Azərbaycan Respublikası prezidentləri arasında aparılan danışıqlar və əldə olunmuş razılaşmalardır. Bu görüş həqiqətən mühüm əhəmiyyət kəsb edirdi. Məhz bu üzdən Rəisi-Əliyev görüşü sammiti işıqlandıran medianın əsas mövzularından olub.

Son aylarda transregional oyunçuların İranla Azərbaycan arasında fikir ayrılığı yaratmaq, münasibətləri korlamaq cəhdləri hər kəsə məlumdur. Prezidentlərin görüşü məhz belə bir vaxtda keçirilirdi. İran və Azərbaycan rəhbərlərinin görüşündə qaldırılan məsələlər bu ssenarinin uğursuzluğa düçar olduğunu göstərib. Bunu bir neçə məqamla izah etmək olar.

Birincisi, Bakı ilə Tehran iqtisadi əməkdaşlığın zəruriliyini vurğulayır. Yeri gəlmişkən, liderlərin görüşündən sonra iki ölkənin yüksək rütbəli rəsmiləri arasında Türkmənistan qazının İran üzərindən Azərbaycana tədarükü ilə bağlı saziş imzalanıb. Nazirlərin imzaladığı sənədə əsasən, İranın ərazisi ilə Türkmənistandan Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq. Bu saziş region ölkələri arasında inteqrasiya üçün önəmli əsas və model ola bilər. Bu modeli İƏT-ə üzv olan bütün dövlətlər arasında reallaşdırmaq da mümkündür. Məhz buna görə Rəisi Əliyevin iki ölkə arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi və İran şirkətlərinin iştirakı ilə tranzit marşrutlarının inkişaf etdirilməsinı dair təklifini müsbət qarşılayıb. Üstəlik, tərəflər tranzit sahəsində anlaşılmazlıqların aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Azərbaycanın dövlət başçısı tranzit məsələsinin önəmini qeyd edib, ölkəsinin tranzit problemini həll etmək, İran şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün zəmin yaratmaq əzmində olduğunu söyləyib.

İkincisi, tərəflər iki xalq və dövlət arasında münasibətlərin tarixinə toxunublar. Onlar İranla Azərbaycan arasında münasibətlərə qarşı təxribatlarla mübarizə aparmağın əhəmiyyətini qeyd ediblər. İbrahim Rəisi öz növbəsində, İran ilə Azərbaycan xalqları arasında dərin sivilizasiya, mədəniyyət və dini köklərin olduğunu vurğulayıb: “İki ölkənin qədim və dərin əlaqələri var. Biz heç vaxt bu münasibətlərin düşmənlərin təsiri altına düşməsinə imkan verməyəcəyik”.

İlham Əliyev isə jurnalistlərə görüşdən sonra verdiyi açıqlamasında deyib: “Dost kimi, qardaş kimi İran-Azərbaycan əlaqələri haqqında fikir mübadiləsi apardıq. Qərara gəldik ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək. Xalqlarımız qardaş xalqlardır, ölkələrimiz qardaş ölkələrdir və bu gün müzakirə olunan məsələlər bir daha onu göstərir ki, İran-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir”.

Üçüncüsü, İran və Azərbaycan liderləri hər iki ölkənin təhlükəsizliyinə və milli maraqlarına qarşı regional təhdidlərin aradan qaldırılmasının vacibliyini, həmçinin anlaşılmazlıqlara son qoyulmasının önəmini vurğulayıblar. Bu mənada İranın Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünü dəstəklədiyini xatırladan Rəisi deyib: “Biz region ölkələrində qeyri-sabitliyin yaradılmasına və onların daxili işlərinə xaricdən müdaxiləyə yol vermərik. Təcrübə göstərir ki, region ölkələri öz məsələlərini qarşılıqlı anlaşma və danışıqlar yolu ilə həll edərlərsə, orada xarici müdaxilənin və fitnənin yolu bağlananacaq”.

İlham Əliyev isə öz növbəsində, İranın Azərbaycanın müstəqilliyinə misilsiz dəstəyini yüksək qiymətləndirib. Dövlət başçısının sözlərinə görə, Bakı Tehranla qardaşlıq münasibətlərinə xüsusi önəm verir və o, bu əlaqələrin korlanmasına imkan verməyəcək.

Azərbaycan prezidenti Bakı ilə Tehran arasında mövcud olan bəzi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə iki dövlətin rəsmiləri arasında aparılan danışıqlara diqqət çəkib. Onun sözlərinə görə, ölkəsi sərhədyanı bölgələrdə təhlükəsizliyin təmini qərarına sadiqdir və Bakı heç bir dövlətin Azərbaycanla İran arasında ikitərəfli münasibətləri pozmasına imkan verməyəcək. İlham Əliyev deyib ki, bu görüş iki ölkə arasında münasibətlərdə dönüş anı olacaq və Azərbaycan İran İslam Respublikasının regional maraqlarına hörmətlə yanaşır.

Dördüncüsü, tərəflər beynəlxalq arenada qarşılıqlı dəstəyin vacibliyini qeyd edib. Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilib və bu seçimdə Azərbaycanın lehinə səs vermiş dövlətlər arasında İran da var. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla görüşündə buna görə Tehrana təşəkkürünü də bildirib. İranın xarici işlər naziri isə öz növbəsində, Azərbaycanı UNESCO-nun İcraiyyə Şurasının üzvü seçilməsi münasibətilə təbrik edib, iki dövlət arasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sadalananlara əsasən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşündən sonra İran prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində də iştirak etməklə əslində, regional və iqtisadi diplomatiyanın yeni aspektlərini reallaşdırıb. Bu, qonşu dövlətlər arasında münasibətlərin inkişafına da böyük təsir göstərəcək. Tehranla Bakı arasında əldə edilmiş son razılaşmalar bunun təsdiqidir.

İran və Azərbaycan rəsmiləri arasında keçirilən son görüşlər göstərir ki, region dövlətləri anlaşılmazlıqları interaktiv yanaşma və dialoq yolu ilə aradan qaldıra bilər. Bu, tərəflərin maraqlarına tam uyğundur. Üstəlik, bu, hökmranlıq məqsədləri üçün qonşular arasında münasibətləri pozmağa çalışan, böhran yaradan qüvvələrlə mübarizə aparmağın da ən doğru yoludur.

Beləliklə, İran və Azərbaycan liderlərinin görüşünü münasibətləri inkişaf etdirmək, anlaşılmazlıqları diplomatik yolla həll etmək və başqa ölkələrin dostluq və qardaşlıq münasibətlərini pozmaqdan ötrü əlindən gələni edən ABŞ, İsrail kimi qüvvələri neytrallaşdırmaq sammiti kimi xarakterizə etmək olar.

(Fars dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Nournews


Ana səhifəyə qayıt        Baxış: 4 627          Tarix: 2-12-2021, 16:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma