Xəbər lenti
27-11-2024, 19:25

Ermənistan baş naziri siyasi məsuliyyət yükünü təkbaşına daşımaq istəmir və “hiyləgər model” tapıb; O, Azərbaycanla yeni anlaşmaları hökumətin digər üzvlərinə imzalatmağı düşünür...

Ermənistanda Soçi görüşünün nəticələri məyusluqla qarşılanıb. Həmin görüşdə baş verənlər və açıqlanan yekun sənədin məzmunu hələ də ciddi narazılıqla müzakirə edilməkdədir. Və hazırda bütün etirazlar, ittihamlar birbaşa Paşinyan hakimiyyətinə qarşı yönəlib.

Təbii ki, rəsmi İrəvan da yaranmış vəziyyətdən qətiyyən məmnun deyil. Ancaq Paşinyan hakimiyyətinin Ermənistan adından öz üzərinə götürdüyü əvvəlki və yeni öhdəlikləri yerinə yetirməkdən başqa çıxış yolu yoxdur. Ona görə də, rəsmi İrəvan gələcək narazılıqları zəiflətmək və müxtəlif hökumət üzvləri arasında bölüşdürmək planı üzərində düşünür.
Məsələ ondadır ki, indiyə qədər üçtərəfli anlaşmalara görə əsas məsuliyyət və Ermənistan cəmiyyətinin ittihamları birbaşa baş nazir Nikol Paşinyana qarşı yönəldilirdi. Ancaq Ermənistan mətbuatının yaydığı məlumatlarda vurğulanir ki, baş nazir N.Paşinyanın artıq özünü cəmiyyətin əsas hədəfi rolundan çıxartmaq niyyətindədir. Və bu niyyətini reallaşdırmaq üçün də uyğun modeli artıq tapa bilib.

Maraqlıdır ki, bu məsələdən bəhs edən Ermənistanda nəşr olunan "Joxovurd" qəzeti yazır ki, hakim partiyanın son toplantısında bütün gecə boyu baş nazirin müavini Mger Qriqoryanın Moskva səfərinin (baş nazirlərin müavinləri arasında üçtərəfli görüş) nəticələri ilə bağlı ciddi müzakirələr olub: "Belə təəssürat yaranır ki, yenə hansısa sənədin imzalanmasına hazırlaşırlar. Sənədin mövzusu haqda hələlik dəqiq məlumat yoxdur. Ancaq bundan sonra "qəddar sənədləri” baş nazir N.Paşinyan deyil, ya Mqer Qriqoryan, ya da Suren Papikyan imzalayacaq".
Belə anlaşılır ki, sərhədlərin delimitasiya və demarkasiyası üzrə yaradılacaq işçi qrupun fəaliyyəti olduqca önəmli proseslərə səbəb ola bilər. Hətta Ermənistan baş naziri Nikol Paşinyan belə, bundan sonrakı proseslərin siyasi məsuliyyətini təkbaşına öz üzərinə götürməkdən çəkinir. Ona görə də, baş nazirin müavini Mqer Qriqoryanı, ya da müdafiə naziri Suren Papikyanı cavabdeh olduqları sahələri əhatə edən bəzi sənədlərin imzalanmasına yönəltməklə, məsuliyyəti öz siyasi komandasının üzvləri ilə bölüşməyə çalışır. Bu baxımdan, yeni yaradılacaq işçi qrupun fəaliyyəti nəticəsində hansı istiqmətlər üzrə yeni sənədlərin imzalana biləcəyi maraq doğurur.

Əslində, bəzi rəsmi açıqlamalara dayanaraq, həmin sənədlərin təxmini məzmununu ehtimal etmək də olar. Belə ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən toplantısında Ermənistanı üçtərəfli anlaşmalar əsasında üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda ittiham edib: “Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı yerinə yetirməlidir və öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxartmalıdır”.

Bu açıqlamadan belə nəticə çıxartmaq olar ki, Rusiya sülhməramlı qüvvələrin müvəqqəti dislokasiya olunduğu Azərbaycanın Xankəndi və ətraf bölgəsində darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin hələ də qalması rəsmi Bakının səbrini tükəndirmək üzrədir. Rəsmi Bakı artıq bu qeyri-qanuni erməni terror dəstələrinin Azərbaycan ərazisindən çıxarılmasında israrlı mövqe tutmağa başlayıb. Xüsusilə də son vaxtlar həmin erməni terrorçu dəstələrin müxtəlif təxribatlar törətməsi bu məsələnin ən qısa zaman ərazində həllinin vacibliyini aktuallaşdırır. Və rəsmi Bakı bundan sonra belə bir problemin Azərbaycan ərazisində olmasını qətiyyən istəmir.

Ona görə də hesab etmək olar ki, rəsmi Bakı bu məsələdə prinsipial mövqe tutmaq niyyətindədir. Bu baxımdan, darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntülərinin Azərbaycan ərazisindən çıxarılması əsas müzakirə mövzusuna çevrilə bilər. Və bu məsələ ilə bağlı əlavə konkret müddətin dəqiqləşdirilməsinə yönəlik sənədin imzalana biləcəyi də qətiyyən istisna deyil.

Bu haldasa, Ermənistan baş naziri N.Paşinyanın köməyinə müdafiə naziri Suren Papikyan çatmalı olacaq. Yəni, Ermənistan ordusunun Azərbaycan ərazisindən tamamilə çıxarılmasını nəzərdə tutan sənədi məhz müdafiə naziri Suren Papikyan imzalamalı olacaq. Və bununla da, siyasi məsuliyyət baş nazir N.Paşinyandan yayınıb, məhz müdafiə nazirinin üzərində qalacaq.

Eyni zamanda, baş nazirin müavini Mqer Qriqoryan da siyasi məsuliyyətin bölüşdürülməsində baş nazir N.Paşinyana dəstək vermək məcburiyyətində qalacaq. Məsələn, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalıdır. Və hər kəsə aydındır ki, bu gecikmələrin yeganə günahkarı məhz Ermənistandır.
 
Deməli, bu, o deməkdir ki, yaxın vaxtlarda bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı da müəyyən sənədlər imzalana bilər. Həmin sənədlərə isə baş nazir N.Paşinyan deyil, onun müavini Mqer Qriqoryan imza atmalı olacaq. Bununla da, erməni baş nazir əldə olunmuş yeni anlaşmanın Ermənistan cəmiyyətində narazılıq doğura biləcək məqamları ilə bağlı öz yaxasını siyasi məsuliyyətdən kənara çəkmək şansı qazanacaq.

Göründüyü kimi, erməni baş nazir hər ehtimala qarşı özünü sığortalamağın uyğun modelini yaratmağa başlayıb. Belə anlaşılır ki, o, bütün siyasi məsuliyyət yükünü təkbaşına çəkmək istəmir. Ermənistanın düşdüyü durumla bağlı qəbul ediləcək prinsipial qərarlara öz siyasi komandasının üzvlərini də ortaq etmək niyyətindədir. Yəni, erməni baş nazir yalnız özünün deyil, həm də hakimiyyətin digər üzvlərinin də Ermənistan cəmiyyətinin hədəfində olmasında birbaşa maraqlıdır.

Məsələ ondadır ki, bu, ona həlledici məqamda siyasi komandasının Ermənistan cəmiyyətində qəzəbə hədəf olmuş üzvünü qurban verməklə, üzləşə biləcəyi təzyiqləri nisbətən zəiflətmək imkanı verə bilər. Nəticədə öz hakimiyyətini daha təhlükəli siyasi zərbələrdən qorumaq üçün əlavə vaxt qazanmış olar. Bu baxımdan, yaxın vaxtlarda regionda olduqca maraqlı proseslərin başlayacağını ehtimal etmək mümkündür.
“Yeni Müsavat” Media Qrupu


Ana səhifəyə qayıt        Baxış: 3 424          Tarix: 3-12-2021, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma