Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Bəzi məlumatlara görə, üçtərəfli anlaşmaları icra etmək niyyətində olan baş nazir Nikol Paşinyan Azərbaycanın bütün şərtlərini yerinə yetirməyə hazırdır; Rəsmi Bakının öz əsas hədəflərinə çatmadan Ermənistana sosial-iqtisadi böhrandan çıxmaq imkanı verə biləcəyi qətiyyən inandırıcı deyil…
Ermənistanda keçirilmiş seçkilərin nəticələrinin açıqlanması regionda bəzi önəmli proseslərin də intensivləşməsinə münbit şərait yaradır. Bu seçkilər geopolitik proseslərdə durğunluğa yol açmışdı. Ermənistanda daxili siyasi mübarizə üçtərəfli anlaşmaların icrasını da əngəlləmişdi.Hətta seçkilərdən sonra Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləri bu barədə açıqlamalar da verdilər. Onlar Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanı açıq mətnlə ittiham etdilər. İndiyə qədər üçtərəfli anlaşmaların icrasında yaranan problemlərin məhz keçmiş xarici işlər nazirinin pozuculuq fəaliyyəti ilə bağlı olduğunu vurğuladılar.
Əsas ittihamlar Azərbaycan və Ermənistan arasında hər hansı məsələdə mümkün ola biləcək anlaşmanın qarşısının məqsədyönlü şəkildə alınmasını ifadə edirdi. Həmin ittihamlara görə, keçmiş xarici işlər naziri A.Ayvazyan baş nazir Nikol Paşinyana və üçtərəfli müzakirələrdə iştirak edənlərə yalan məlumat verirmiş. O, iddia edirmiş ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalanmış zonaların xəritələri ümumiyyətlə, mövcud deyil.
Nəticədə Paşinyan hakimiyyəti rəsmi Bakının tələb etdiyi həmin xəritələri Azərbaycanda həbsdə olan erməni diversantlar ilə dəyişmək imkanlarından məhrum olmuşdu. Ermənistan rəsmilərinin iddialarına görə, məhz A.Ayvazyanın istefasından sonra bu məsələ ən qısa zamanda öz həllini tapdı.
Məlum oldu ki, minalanmış zonaların xəritələri varıymış. Seçkiyə çox qısa bir zaman qalmış rəsmi İrəvan Ağdamda 97 min minanın yerləşdirildiyi ərazilərin xəritələrini verməklə, 15 erməni diversantı geri qaytara bildi.
Göründüyü kimi, seçki ərəfəsində istefa verməklə Paşinyan hakimiyyətinə əlavə problemlər yaradan Ermənistanın keçmiş xarici işlər naziri A.Ayvazyan əslində, sabotajla məşğul olub. Böyük ehtimalla Paşinyan hakimiyyəti daxilində belə sabotajçı məmurlar çox olub. Baş nazir Nikol Paşinyanın seçki ərəfəsində Ermənistana zərər verən məmurların kütləvi şəkildə təmizlənəcəyini bəyan etməsi də bunu təsdiqləyə biləcək mesajdır.
Təbii ki, indi baş nazir N.Paşinyan bu niyyətini reallaşdırmaq imkanları qazanıb. Bəzi məlumatlara görə, N.Paşinyan hazırda yeni hökumətin tərkibinin formalaşdırılması ilə məşğuldur. Onun yeni kadr seçimində baş nazirə sədaqət faktoruna ciddi önəm verdiyi də xüsusi olaraq, vurğulanır. Hətta baş nazir gələrkən, bütün hökumət üzvlərindən mütləq və dərhal ayağa qalxmalarının tələb edildiyi də bildirilir.
Bəzi yerli politoloqlar baş nazir N.Paşinyanın diktaturaya meylləndiyini iddia edirlər. Ancaq digərləri bunu yeni hökumətdə baş nazirin avtoritetinin yüksəldilməsinə və daxili nizam-intizamın möhkəmləndirilməsinə ehtiyacın olması ilə izah etməyə çalışırlar. Hesab olunur ki, yaxın gələcəkdə Ermənistanın yeni hökumətinin atmağa hazırlaşdığı bir sıra önəmli addımlar erməni baş naziri buna sövq edir.
Məsələ ondadır ki, Paşinyan hakimjiyyəti yaxın vaxtlarda üçtərəfli anlaşmaların icrasına başlamaq niyyətindədir. Baş nazir N.Paşinyan həmin anlaşmalar ilə bağlı qəbul edəcəyi qərarların yerinə yetirilməsində komandadaxili müqavimətlə üzləşmək həvəsində deyil. Ona görə də indidən yeni hökumətin üzvləri üzərində mütləq avtoritet qurmağa cəhd göstərir.
Yerli mətbuat orqanları Paşinyan hakimiyyətinin Azərbaycan və Türkiyə ilə qarşılıqlı münasibətlərin normallaşdırılmasını qarşıya əsas hədəf kimi qoyduğunu iddia edirlər. Verilən məlumatlara görə, erməni baş nazir Ermənistanın sosial-iqtisadi böhrandan çıxarılmasının yeganə yolunu məhz qonşu ölkələrlər ilə nəqliyyat-kommunikasiya xətlərinin açılmasında və iqtisadi əlaqələrin yaradılmasında görür.
Ancaq təbii ki, bu niyyətin reallaşdırılması o qədər də asan məsələ deyil. Çünki buna nail olmaq üçün qonşu ölkələrin – Azərbaycan və Türkiyənin maraqlarını da mütləq təmin etmək lazım gələcək. Rəsmi Ankara Paşinyan hakimiyyətinin Azərbaycanla anlaşa biləcəyi təqdirdə, Türkiyə-Ermənistan sərhədlərini açmağa hazır olduğunu qətiyyən gizlətmir.
Deməli, indi baş nazir N.Paşinyanın qarşısında əsasən rəsmi Bakı ilə dil tapmağın yollarını araşdırmaq vəzifəsi dayanır. Böyük ehtimalla rəsmi Bakı üçtərəfli anlaşmaların tam şəkildə icra olunmasında israrçı mövqe tutacaq, hər hansı güzəştə getməyəcək. Xüsuslə də, rəsmi Bakının Ermənistandan 10 noyabr anlaşmasının 4-cü bəndinin yerinə yetirilməsini tələb edəcəyi qətiyyən şübhə doğurmur.
Göründüyü kimi, Paşinyan hakimiyyəti rəsmi Bakı ilə anlaşmaq üçün Xankəndi və ətraf bölgədə hələ də qalmaqda olan, darmadağın edilmiş Ermənistan ordusunun son tör-töküntülərini də ən qısa zamanda çıxartmaq məcburiyyətindədir. Eyni zamanda, Xankəndi və ətraf bölgədə fəaliyyət göstərən separatçıların səhnədən silinməsinə də nail olmaq lazım gələcək. Və Xankəndidə separatçı Araik Arutyunyana qarşı mitinqlərə başlanılması bu prosesə artıq start verilməsindən xəbər verir.
Nəhayət, Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiya prosesinin ən qısa zaman içərisində yekunlaşdırılması indi rəsmi İrəvanın maraqlarına daha çox cavab verir. Çünki bu prosesi sona çatdırmadan, Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımasına nail olmadan yekun sülh sazişinin imzalanması mümkün deyil. Halbuki iki qonşu ölkə arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi-ticari əlaqələrin qurulması yalnız yekun sülh sazişinin imzalanmasından sonra reallaşa bilər.
Maraqlıdır ki, Ermənistan mətbuatı baş nazir Nikol Paşinyanın rəsmi Bakı ilə yekun sülh sazişinə xüsusi önəm verdiyini iddia edir. Yerli mətbuatın məlumatlarına görə, baş nazir N.Paşinyan Azərbaycanla istənilən sənədi imzalamağa artıq indidən hazırdır.
Ermənistan mətbuatında o da vurğulanır ki, Azərbaycanla imzalanması planlaşdırılan yekun sülh sazişinin mətni üzərində müzakirələr artıq başlayıb. Bu ölkə nəşr olunan “Hraparak” qəzeti hətta Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalana biləcəyi tarix barədə də iddia irəli sürür: “Məlumat var ki, baş nazir Nikol Paşinyan, böyük ehtimalla bu ilin sentyabr ayında faktiki olaraq, Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Və iki ölkə arasında yekun sülh sazişini imzalayacaq”.
Göründüyü kimi, kifayət qədər maraqlı iddiadır. Üstəlik, bu iddialar məhz Ermənistan mənbələrdən qaynaqlanır. Belə anlaşılır ki, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanacağı zamana o qədər də çox qalmayıb. Və yekun sülh sazişinin imzalana biləcəyi vaxtın təxmini də olsa, elan edilməsi artıq Ermənistanı yenidən qarışdırmağa başlayıb.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar