Xəbər lenti


Türkiye Gazetesi, Türkiyə
27.12.2021


Türkiyə ilə Azərbaycanın təşəbbüsü regionda vəziyyəti normallaşdırır. Qarşıda region ölkələrinə fayda gətirəcək addımlar atılacaq. Ankara ilə Bakı üçün prioritet Türk dünyası ilə Türkiyəni quru yolu ilə bağlayacaq, iqtisadi inkişafa önəmli təkan olacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıdır. Bu dəhlizin açılması ilə Türk dünyası uzun illər sonra yenidən birləşəcək.

Uzun illərdir qeyri-sabitliyin, toqquşmaların yaşandığı Cənubi Qafqazda Azərbaycanın İkinci Qarabağ müharibəsində zəfər qazanmasının ardından yeni proseslər başlayıb. Bu, Türkiyə ilə Azərbaycanın birgə səyləri ilə mümkün olub. Azərbaycan və Ermənistan rəhbərlərinin Soçi görüşü, Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırmaq məqsədi ilə xüsusi nümayəndələr təyin etməsi və “3+3” əməkdaşlıq platformasının ortaya çıxmasından sonra normallaşma prosesi yeni mərhələyə qədəm qoyub.

“Türkiye Gazetesi” xəbər verir ki, indi bölgədə ticarət və iqtisadiyyatı canlandıracaq, region ölkələrinə fayda gətirəcək silsilə addımlar atılacaq.
Nəqliyyat və ticarət prioritetdir
Normallaşma prosesində prioritet nəqliyyat və ticarətdir. İlk addım kimi, İstanbul-Yerevan marşrutu üzrə çarter uçuşlarına başlanacaq. Xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə verdiyi açıqlamada bildirib ki, artıq bəzi şirkətlər bu uçuşların təşkilində maraqlı olduqlarını bildiriblər. “Nəqliyyat Nazirliyi və Mülki Aviasiya İdarəsi ilə birlikdə təklifləri dəyərləndiririk. Bəzi şirkətlər yaxın vaxtlarda uçuşlara başlayacaq”, - deyə nazir qeyd edib.
Türk dünyası birləşəcək
Cənubi Qafqazda sülh və sabitlik istəyən Ankara ilə Bakının prioriteti Türk dünyası ilə Türkiyəni quru yolu ilə bağlayacaq, iqtisadi inkişafa önəmli təkan olacaq Zəngəzur dəhlizinin fəaliyyətə başlamasıdır. Bu dəhlizin açılması ilə Türk dünyası uzun illər sonra bu xətlə yenidən birləşəcək. Bu, eyni zamanda Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru yolu ilə birləşməsini də təmin edəcək. Naxçıvanlı iş adamlarının “Şərq-Qərb” nəqliyyat dəhlizinə çıxış əldə etməsi baxımından da əhəmiyyətli olan bu layihə Azərbaycan, Türkiyə və Naxçıvanın geosiyasi və geoiqtisadi önəmini artıracaq. Zəngəzur, xüsusilə tarixi İpək yolu kimi tanınan marşrutu canlandırmaqla, Şərq və Qərb dünyasında ticarətə təkan verəcək gücə sahibdir.
Gümrü-Qars yenə gündəmdədir
Münasibətlərin normallaşması halında Ermənistanın ilk gözləntisi 1993-cü ildə qapadılmış Gümrü-Qars dəmir yolunun yenidən fəaliyyətə başlamasıdır. Bu dəmir yolu Ermənistanın Azərbaycan ərazisi olan Dağlıq Qarabağı işğal etməsindən sonra Türkiyənin bu ölkə ilə sərhədini bağlaması üzündən 28 ildir fəaliyyətsizdir.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Türkiye Gazetesi


Ana səhifəyə qayıt        Baxış: 4 330          Tarix: 27-12-2021, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma