Xəbər lenti

 
Xarici işlər naziri Mövlud Çavuşoğlu 13 dekabr 2021-ci ildə Türkiyə Böyük Millət Məclisində etdiyi çıxışında Türkiyə-Ermənistan münasibətlərində yeni dövrün başladığına işarə etdi. Çavuşoğlu bildirdi ki, iki ölkə arasında xüsusi nümayəndələr təyin olunacaq və çarter reysləri açılacaq. Həmçinin Azərbaycanın da bu prosesin bir parçası olduğu və atılacaq addımlarda birlikdə hərəkət edəcəyimiz bildirildi. Bu bəyanat beynəlxalq aləmdə, xüsusilə Türkiyə və Ermənistanda ciddi əks-səda doğurdu.
 
Qarabağ müharibəsindən sonra
 
Uzun tarixə malik Türkiyə-Ermənistan münasibətləri ötən il Qarabağda baş verən 44 günlük müharibədən sonra tamamilə yeni mərhələyə qədəm qoyub. Ermənistanda keçirilən seçkilər, erməni diasporunun mövqeyi, Qərb dövlətlərinin qəbul etdiyi siyasi qərarlar və bir çox başqa məsələlər bir daha göstərdi ki, Türkiyə-Ermənistan münasibətləri ən qısa zamanda sülh yolu ilə həll edilməsi və normallaşması bütün tərəflərə fayda verir. Erməni tərəfinin tez-tez ilkin şərt olmadan münasibətləri normallaşdırmağa və Türkiyə ilə yeni səhifə açmağa hazır olduqlarını bəyan etməsi bütün bu hadisələrin fonunda dəyərləndirilə bilər. Sülhdən danışılması keçmişdə olduğu kimi gələcəkdə də bütün region ölkələrinə fayda verəcək və Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayacaq.
 
Normallaşmanın regional təsirləri
 
Artıq neçə müddətdir ki, Ermənistan tərəfindən ictimaiyyətə Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduqlarına dair mesajlar verilir. Azərbaycanın Ermənistanın hava məkanından istifadə etməsi də prosesin müsbət istiqamətdə inkişaf etdiyini göstərən mühüm göstəricilərdən biridir. Münasibətlərin normallaşması ilə Cənubi Qafqaz gələcəkdə münaqişə və müharibələrlə deyil, sülh, əmin-amanlıq və iqtisadi tərəqqi ilə çiçəklənən coğrafiyaya çevrilə bilər. Ermənistanla normallaşma həm bölgədə enerji, nəqliyyat (quru-hava) və infrastruktur işlərinin aparılmasına zəmin yaradacaq, həm də region ölkələrinin iqtisadi rifahına töhfə verəcək.
 
Qafqazın kilid nöqtəsi: Turan dəhlizi - Zəngəzur
 
44 günlük müharibədən sonra Rusiyanın vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan bəyanat imzalayıblar. Bu bəyannamənin ən mühüm maddələrindən biri də Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin aktivləşdirilməsidir. Sözügedən dəhlizin açılması regionda neft və təbii qaz kəmərləri, enerji nəqli marşrutları baxımından uzunmüddətli perspektivdə böyük əhəmiyyət kəsb edir. Zəngəzur dəhlizi nəqliyyat və infrastruktur işləri baxımından əhəmiyyətlidir, çünki bu marşrut digər nəqliyyat məntəqələri ilə müqayisədə daha qısa məsafə təklif edir. Zəngəzur, xüsusilə tarixi İpək Yolu olaraq bilinən marşrutun canlandırılması səbəbindən Şərq və Qərb dünyasındakı ticarətə də istiqamət verə biləcək bir təsirə malikdir. Dəhlizin Türkiyə ilə əlaqəsinin olması da vacibdir. Çünki bu əlaqə həm də “Turan dəhlizi” kimi tanınan İstanbuldan Türküstana gedən marşrutun yeganə ünvanıdır. Bu məsələnin 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsində də yer alması dəhlizin normallaşma prosesinin mühüm tərkib hissəsini təşkil etməsinin ən mühüm göstəricisidir.
 
Münasibətlərin normallaşması ilk növbədə ona görə dəyərlidir ki, bu, regiona sülh, əmin-amanlıq və sabitlik gətirəcək. Həm COVID-19 epidemiyasının, həm də qloballaşma dövründə yaşanan iqtisadi böhranların ölkələrə mənfi təsirləri səbəbindən regional miqyasda belə normallaşma hər kəsin xeyrinədir. Ancaq regionda bu hadisələrdən narahat olan ölkələr də olacaq. Xüsusilə Zəngəzurun Türkiyə ilə Orta Asiya, yəni türk dünyası ilə quru əlaqəsini təmin etməsi həm türk dünyası ilə əlaqələrə, həm də yeni nəqliyyat yollarının aktivləşməsinə müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi İranın bölgədəki təsirini azaltsa da, Şərq və Qərb ölkələri üçün müsbət iqtisadi təsir göstərəcək.
 
“Erməni problemi” baxımından normallaşma
 
Mövzuya tarixi nöqteyi-nəzərdən baxanda görərik ki, türk və erməni toplumlarının çox dərin və mühüm tarixi keçmişi var. 1915-ci il hadisələri hər iki ölkənin bütün acılı-şirinli keçmiş təcrübələrinin arxa plana keçməsinə səbəb olsa da, 1915-ci il hadisələrinə ilişib qalmaq münasibətlərdə irəliləyiş üçün ciddi maneədir. Bu səbəbdən də qeyd etmək lazımdır ki, Ermənistanda Köçəryan və Sarkisyandan sonra Paşinyan hakimiyyəti dövründə həm Qarabağ, həm də 1915-ci il hadisələri ilə bağlı tamamilə yeni siyasət yürüdülür. Bunun ən bariz sübutu Ermənistanda günlərlə davam edən etirazlara, xüsusən də 44 günlük müharibə zamanı baş verənlərdən sonra Paşinyanın səslərin əksəriyyətini qazanmasıdır. Yenə də Ermənistan ictimaiyyətində, xüsusilə erməni millətçi qruplarında və bəzi müxalif media orqanlarında Paşinyanın “türk dostu” olması ilə bağlı ittihamları da bu kontekstdə dəyərləndirmək olar. İrəvan administrasiyası da sülh istəyir, lakin unutmaq olmaz ki, İrəvanda Qarabağ klanı kimi tanınan bəzi millətçi qruplar bu normallaşma prosesini pozacaq addımlar atmağa çalışacaqlar.
 
Paşinyan administrasiyası normallaşma addımlarını İrəvan üçün tarixi fürsət hesab edir. Lakin İrəvan administrasiyası əvvəlki normallaşma dövrlərində olduğu kimi, bu dəfə də diasporun və böyük dövlətlərin tarixi prosesdə dominant rolunu sıradan çıxarmalıdır. Əks halda İrəvanın təcridolunmuşluqdan qurtulması mümkünsüz görünür. Xüsusilə 2009-cu ildə Sürixdə diplomatik münasibətlərin normallaşdırılması və qurulmasına dair imzalanmış protokolların nəticəsi ilə bağlı oxşar prosesin qarşısını almaq üçün lazımi tədbirlərin görülməsi faydalı olardı.
 
Normallaşmanın qlobal təsirləri
 
Normallaşmanın qlobal təsirlərinə nəzər saldıqda bunun xüsusilə türk dünyası üçün müəyyən təsirləri olacaq. Bu prosesdə həm Türkiyənin türk dünyası ilə əlaqələrinin qarşısındakı maneələr aradan qaldırılacaq, həm də bölgədə proqnozlaşdırıla bilən rifah və sabitliyin önü açılacaq. Tərəflər arasında buna ən çox Ermənistanın ehtiyacı olduğu üçün normallaşmanın ən böyük qalibi İrəvan administrasiyası və ermənilər olacaq.
 
Unutmaq olmaz ki, Rusiya 44 günlük müharibədən sonra hələ də qarant ölkə kimi bu prosesin mərkəzindədir. Digər tərəfdən, İran regionda baş verən proseslərdən, müharibə zamanı və müharibədən sonrakı münasibətlərdən, nəhayət, Azərbaycanla sərhəddə hərbi təlimlərin gərginləşməsindən narahat olduğunu açıq şəkildə nümayiş etdirdi. Əslində, Zəngəzur dəhlizinin açılması İranın regional güc kimi mövqeyini birbaşa və ya dolayısı ilə zəiflədəcəyindən, onun bu prosesləri narahatlıqla izlədiyini və uduzan tərəfdə olduğunu söyləmək olar.
 
Məsələyə Qərb dövlətləri nöqteyi-nəzərindən baxanda məlum olur ki, ABŞ 44 günlük müharibədə oyundankənar vəziyyətə düşüb, Fransanın Ermənistana dəstəyi isə davam edir. Bu səbəbdən, Rusiyanın başda Fransa olmaqla, Avropa dövlətlərini məqsədli şəkildə prosesdən kənara atılması Qərb tərəfindən narahatlıqla qarşılanır. Xüsusilə, Co Bayden administrasiyasının 24 aprel qərarı bu çərçivədə dəyərləndirilə bilər. Lakin normallaşmanın Rusiyanın bölgədəki gücünü də məhdudlaşdıracağını düşünərək, Qərb dövlətlərinin bu prosesi dəstəkləyəcəyini söyləmək olar.
 
Nəticədə Türkiyənin İrəvanla münasibətlərinin normallaşmasının ən mühüm təsirləri Cənubi Qafqazda görünəcək. Normallaşma ilə Türkiyə əhəmiyyətli bir regional güc olaraq daha qabarıq şəkildə ön plana çıxacaq. Bu vəziyyətin qlobal miqyasda, xüsusən də Qərb dövlətləri və Avropa İttifaqında müsbət əksini tapacağını da gözləmək olar.
 
Prof. Dr. Yıldız Deveci Bozkuş 
Ankara Universiteti
AA
Tərcümə etdi: Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 528          Tarix: 18-12-2021, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma