Xəbər lenti

Milliyet, Türkiyə
09.02.2022

Müəllif: Dr. Akkan Suver

Qafqazda sülh, rifah, inam və sabitliyin yeni “yol xəritəsi”ni formalaşdıran Şuşa Bəyannaəsi ilə Azərbaycanla Türkiyə regionun açarına çevriliblər.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladıqları Şuşa Bəyannaməsi ötən həftə Türkiyə Böyük Millət Məclisi tərəfindən ratifikasiya olunub. Regional qüvvələr balansı baxımından ciddi əhəmiyyətə malik bu sənədin qüvvəyə minməsi ilə Türkiyə ilə Azərbaycan strateji müttəfiq olruqlarını dostların və düşmənlərin nəzərinə bir daha çatdırıblar.

İşğaldan azad olunmuş Şuşada 15 iyun 2021-ci ildə imzalanmış “Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi” təhlükəsizlik, hərbi, iqtisadi, enerji və nəqliyyat sahələrində əlaqələrin gələcəyinin əsasını təşkil edir.

Sənədin keçən il təşkil olunmuş imzalanma mərasiminin Qars müqaviləsinin 100-ci ildönümünə təsadüf etməsi, üstəlik, Şuşa Bəyannaməsində həmin müqaviləyə istinad olunması ona xüsusi önəm qazandırır.

Şüşa Bəyannaməsi ilə ikitərəfli əlaqələr ittifaq səviyyəsinə yüksəlir, regional sülh, sabitlik və rifah üçün münbit şərait yaranır. Nəticədə əvvəlcə Zənəzur dəhlizi, daha sonra “Orta dəhliz” rifahın yeni “yol xəritəsi”ni formalaşdıracaq. Bəli, Şüşa Bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında Zəngəzur dəhlizi vasitəsi ilə əlaqəni təmin etməklə yanaşı, Qafqaz regionunda illərdir davam edən gərginlik üzündən işləməyən “Orta dəhliz”də də sabitliyi təmin edəcək. Beləliklə, regionda təhlükəsizliyin, sabitliyin təmini ilə gələcək strateji və iqtisadi faydalar pis xatirələrin geridə qalmasına imkan verəcək.

Başqa ölkələrlə tərəfdaşlıq

Şuşa Bəyannaməsinin daha bir önəmli məqamı orada sənədi imzalamış iki ölkənin hər hansı üçüncü ölkəyə qarşı birləşmədiyinin vurğulanmasıdır. Bu məqama xüsusilə Rusiya baxımından diqqət ayrılıb.

Bununla yanaşı, sənəddə Azərbaycanın əsas hissəsini Naxçıvana, dolayısı ilə isə Türkiyəyə bağlayacaq Zəngəzur dəhlizinin açılmasının iki ölkənin əsas hədəflərindən olduğu vurğulanır.

Başqa sözlə, mərhum prezident Heydər Əliyevin “bir millər, iki dövlət” adlandırdığı Azərbaycanla Türkiyə Şuşa Bəyannaməsi ilə bölgədə gələcəyin açarına çevriliblər.

Türk dünyasının birliyi

Bütün bunlarla yanaşı, qeyd olunan müttəfiqlik yalnız müdafiə xarakterli deyil. O, regionda yeni əməkdaşlıq imkanları da yaradır. Daha geniş ifadə etsək, Şuşa Bəyannaməsi Qafqazda sülh, sabitlik və rifaha yeni qapı açır. Sənəddən aydın şəkildə məlum olur ki, Türkiyə ilə Azərbaycan diqqəti orta perspektivdə reallaşdırılması nəzərdə tutulmuş layihələrə yönəldib və bu istiqamətdə addımlayırlar. Başqa sözlə, tərəflərin reallaşdırılması planlaşdırılan layihələr hesabına regionu yaxın gələcəkdə münaqişə bölgəsindən əməkdaşlıq bölgəsinə çevirəcəyini söyləmək mümkündür. Burada iki ölkənin regional və regionlararası əməkdaşlıqda rol almaq istəyi də görünür.

Şuşa Bəyannaməsi ikitərəfli ittifaqla yanaşı, həm də Türk dünyasının birliyinə və rifahına xidmət etməyi hədəfləyir.

Qısası, Türkiyə Böyük Millət Məclisinin ratifikasiya etdiyi Şuşa Bəyannaməsi ilə yalnız Türkiyə-Azərbaycan müttəfiqliyi möhkəmlənmir, həm də Türk dövlətləri arasında hərtərəfli əməkdaşlığın daha yuxarı səviyyələrə necə yüksələ biləcəyi aydın olur.

(Türk dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: Milliyet



Ana səhifəyə qayıt        Baxış: 4 033          Tarix: 9-02-2022, 23:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma