“Rusiya rəsmiləri Böyük Britaniyanın baş naziri Boris Consonun istefası xəbərini bayram etməkdən ötrü növbəyə düzülüb”. Novator.az saytının məlumatına görə, ABŞ-ın “Reuters” agentliyinin yaydığı “Rusiya Boris Consonun süqutuna sevinir” başlıqlı yazıda belə deyilir.
Bildirilir ki, Kremlin sözçüsü Dmitri Peskov Boris Consonun istefası xəbərinə münasibətini açıqlayanda bu məsələnin Kremli az narahat etdiyini vurğulayıb, ancaq bunu da deyib: “O bizi sevmirdi, heç biz də onu sevmirik”.
Rusiyalı maqnat Oleq Deripaska “Telegram” kanalında Boris Consonu “kütbeyin təlxək” adlandırıb, onun “şərəfsiz sonluğuna” sevincini ifadə edib və baş naziri Ukraynada on minlərlə insanın faciəsində günahlandırıb.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Consonun süqutu bütövlükdə siyasi, ideoloji və iqtisadi böhranı alovlandıran Qərbin süquta uğramasının nişanəsidir.
“Reuters” qeyd edir ki, Rusiya prezidenti Vladimir Putin hələ fevralın 24-də Ukraynaya hücum əmri verənə qədər də Boris Conson onu qəddarlıqda, dünyanı təhlükə altına atan düşüncəsiz ambisiyalarda qınayıb: “Fevralın 24-də Rusiya Ukraynaya hücum edəndən sonra isə Conson Böyük Britaniyanı Qərbdə Ukraynanın ən iri müttəfiqlərindən birinə çevirib, bu ölkəyə silah göndərib, Rusiyaya ən sərt sanksiyaların tətbiqinə qərar verib, Ukraynanı Rusiya qüvvələrinə dağıdıcı zərbələr endirməyə çağırıb. Consonun Ukraynaya dəstəyi o qədər geniş xarakter alıb ki, hətta Kiyevdə bəziləri onun adını çəkəndə soyadını əzizləyib “Boris Consonyuk” deyir”.
“Reuters”in materialında Boris Consonun bir sıra çıxışlarını “Ukraynaya eşq olsun!” şüarı ilə bitirdiyi də xatırladılır.
Boris Conson iyulun 7-də istefa bəyanatı verib, ancaq hakim Mühafizəkarlar Partiyasına yeni lider seçilənə qədər səlahiyyətlərini saxlayacağını vurğulayıb.
O, 2019-cu il iyulun 23-də Mühafizəkarlar Partiyasının lideri seçilib, iyulun 24-də baş nazirliyə başlayıb. 2019-cu il dekabrın 12-də keçirilmiş parlament seçkisini udan Mühafizəkarlar Partiyası yenidən hökumət qurub. Mühafizəkarlar Partiyası parlamentin alt qanadı olan 650 yerlik İcmalar Palatasında 358 mandatla təmsil olunur.
Baş nazir xeyli vaxtdır 2020-2021-ci illərin koronavirus qapanmaları, sərt karantin rejimləri dövründə hökumət iqamətgahında keçirilən kütləvi şənlik mərasimlərinə qatılmaqda ittiham olunur.
2022-ci il iyulun 5-dən başlayaraq isə hökumətin xeyli üzvü istefa verib. Onlar addımlarını baş nazirə etimadsızlıqla əsaslandırıb, Boris Consonu postunu tərk etməyə çağırıb.
Baş nazir əvvəllər adı müxtəlif qalmaqallarda hallanmış Kris Pinçerə hakim partiyada yüksək vəzifə verməkdə təqsirli bilinir. Parlamentin üzvü olan Kris Pinçer iyunun 29-da paytaxt Londonun klublarının birində sərxoş vəziyyətdə dava salıb, ertəsi gün günahını boynuna alaraq istefa verib, bununla da hökumətdə və ümumən ölkədə siyasi zəlzələ yaranıb.
Paylaş: