Xəbər lenti

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni separatçılara qarşı keçirdiyi antiterror əməliyyatından sonra Bakı-İrəvan arasındakı təmasların yüksək səviyyəli danışıqlarla yekunlaşması üçün proses sürətlənib.

Qarabağdakı və Azərbaycan-Ermənistan sərhədindəki insidentlərin silahlı toqquşma ilə müşayiət edilməsi danışıqlar masasına qoyulacaq mövzuların quruluşunu inşa edir.

Növbəti danışıqlar qaçılmazdır və budəfəki müzakirələr Azərbaycanın əldə etdiyi və əvvəlki üstünlüklərdən nisbətən fərqli tutulan bir konsepsiyadır.

Prezident İlham Əliyev dəfələrlə tarixi Azərbaycan torpaqlarının Ermənistana verildiyini qeyd edib və buna dair tarixdəki hadisələrdən xeyli misallar gətirib.

Proseslərə daha geniş gözlə baxası olsaq, deyə bilərik ki, Azərbaycan delimitasiya prosesi çərçivəsində tarixi ərazilərini də yaddan çıxarmır.

Azərbaycan delimitasiyanın istiqamətini genişlətmək əzmini nümayiş etdirir, bunu Bakının bir yox, bir neçə xəritəyə konsentrasiya olmasında görmək olar.

Bakı tarixi faktı hüquqi əsasa çevirmək yolunda böyük bir məsafə qət edib və dünya nizamının silkələnməsi fonunda Azərbaycanın strateji müdafiə ehtiyaclarını qarşılaması üçün daha böyük planlarının olması normaldır.

Bakı qaçqınların tarixi Azərbaycan ərazilərinə qayıdışını təmin etməyi özünün prioritetləri siyahısından çıxarmayıb. Buna görə də, danışıqlarda bu məsələnin də ortaya qoyulmasını şərtləndirən amillərdən bəhs ediləcəyi məntiqli görünür.

Azərbaycanın sərhədlərin delimitasiyasına dair mövqeyini Türkiyə strateji müttəfiqliklə, Rusiya və Qərb isə strateji tərəfdaşlıq prinsipi ilə dəstəkləyir.

Mübahisəli görünən məqamlar isə əsasən, maraq toqquşmaları ilə əlaqəlidir.

Qlobal səhnədəki ən güclü “aktyorlar”ın əsas maraq toqquşması Cənubi Qafqazda yaranacaq dəhlizdə (Zəngəzur dəhlizi) kimin dominant mövqe qazanması kriteriyalarına söykənir.

Ümumi tezislə bunun təsvir dairəsini oyunçulara görə cıza bilərik:

1. Rusiya regionda hərbi-siyasi varlığını iqtisadi layihələrə inteqrasiya etməklə daha üstün mövqelərə çıxmaq istəyir.

2. ABŞ və Britaniya regionda siyasi təsir vasitələrini çoxaldır və iqtisadi-enerji platformalarında payını artırır. Vaşinqton Zəngəzur dəhlizini ən çox enerji təhlükəsizliyi baxımından nəzərdən keçirir. ABŞ-ın hərbi iştirakına gəlincə, hələlik, Vaşinqton bu regionda Rusiya ilə kəllə-kəlləyə gəlmək meyilindən qaçır.

3. Avropa İttifaqı daha çox iqtisadi maraqlarla bölgəyə daxil olur və o, böyük siyasi ambisiyalardan uzaqdır.

4. Çin isə Zəngəzur dəhlizini iqtisadi ekspansiya siyasətinin yeni elementi kimi dəyərləndirir.

Azərbaycanla Türkiyə birlikdə nəyin aldadıcı, nəyin real, nəyin absurd olduğunu müəyyən edir və qlobal maraqların regional təhlükəsizliyi təhdid edə biləcək sərhədlərini strateji formada analiz edir.

Qarabağda Azərbaycanın keçirdiyi “Qisas” antiterror əməliyyatı qlobal aləmin nəbzinin yoxlanılması baxımından da önəm daşıyırdı və Bakı ilə Ankara atan nəbzləri diqqətlə incələyir.

Azərbaycanla Ermənistan arasında baş tutacaq hər hansı səviyyəli görüşü geniş rakursda yuxarıda qeyd etdiyimiz məsələlər kontekstində qiymətləndirmək lazımdır.

Görüşün təşkil edilməsi üçün də Rusiya ilə Qərb arasında çəkişmə gedir, çünki əldə ediləcək razılaşmalar təşəbbüskarın da rolunu artırar.

Rusiya tərəfi ötən ilin noyabrından sonra Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etməyib və Qərb prosesdə önə çıxıb. Ona görə də, növbəti təşəbbüskar kimi Rusiya aktivlik göstərir.




Ana səhifəyə qayıt        Baxış: 6 592          Tarix: 9-08-2022, 18:26      


Paylaş:   

Prizma