Xəbər lenti

"Rusiya və digər avtoritar rejimlər öz qonşularını zəbt edə və beynəlxalq hüququ cəza ilə üzləşmədən tapdalaya biləcəyinə inanarsa, hamımız daha yüksək bədəl ödəyəcəyik".

APA xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq "Financial Times"də dərc olunan məqaləsində bildirib.

NATO baş katibi bildirib ki, Ukraynadakı müharibə kritik mərhələyə daxil olub və qarşıdan gələn qış ilə vəziyyət daha da çətin olacaq.

"Bu, azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqı və silahlı qüvvələri üçün, onları dəstəkləyən bizlər üçün ağır olacaq. Ailələr və biznes Rusiyanın qəddar işğalı nəticəsində artan enerji qiymətlərinin və yaşayış xərclərinin böhranını hiss etdiyi üçün bizim birliyimiz və həmrəyliyimiz ciddi şəkildə sınaqdan keçiriləcək", baş katib deyib. 

O bildirib ki, qarşıda enerji kəsilməsi və ya fasilələr və bəlkə də vətəndaş iğtişaşları təhlükəsi olan çətin altı ay olsa da, ancaq müttəfiqlər yolundan geri dönməməli və tiranlığa qarşı duruş gətirməlidir. Stoltenberq bunun həm Ukrayna, həm də müttəfiqlər üçün vacib olduğunu deyib.

"Biz Ukraynaya verdiyimiz dəstəyin əvəzini ödəyirik. Amma bizim ödədiyimiz qiymət dollar, avro və funt-sterlinqlə hesablanır, ukraynalılar isə canları ilə ödəyir. Rusiya və digər avtoritar rejimlər öz qonşularını zəbt edə və beynəlxalq hüququ tapdalaya biləcəklərinə inanarsa, hamımız bunun əvəzini çox daha yüksək ödəyəcəyik. Rusiya savaşmağı dayandırsa, sülh olacaq. Ukrayna savaşmağı dayandırsa, müstəqil dövlət kimi mövcudluğunu da dayandıracaq", Stoltenberq məqaləsində vurğulayıb.

"Bizim Avropanın mərkəzində yerləşən bu müstəqil demokratiyanı dəstəkləməklə bağlı mənəvi məsuliyyətimiz var. Ukraynanı dəstəkləmək üçün ödədiyimiz bədəl öz təhlükəsizliyimiz üçün də vacibdir. Vladimir Putin açıq şəkildə bəyan edib ki, o, ölkəni xəritədən silmək və Avropanın təhlükəsizlik düzənini yenidən yazmaq istəyir. İstənilən uğurdan cəsarətlənən Rusiya digər qonşularına qarşı növbəti təcavüzü edə və hətta NATO müttəfiqləri hücum riski ilə üzləşə bilər".

Stoltenberq məqaləsində NATO müttəfiqlərinin Ukraynaya maliyyə, humanitar və hərbi dəstək verdiyini xatırladaraq məqsədin bu ölkənin suveren bir ölkə olaraq özünü müdafiə etməsi olduğunu deyib.

O bildirib ki, 2014-cü ildə Krımın qeyri-qanuni ilhaqından bəri NATO müttəfiqləri Ukraynanın təhlükəsizlik xidmətinə, institutlarına milyardlarla vəsait ayırıb.

"Fevral ayından bəri müttəfiqlər görünməmiş hərbi, humanitar və maliyyə dəstəyi ilə Ukraynanın yanında dayanıblar. İyun ayında NATO liderləri minalara və dronlara qarşı mübarizə üçün yanacaq, ərzaq, tibbi ləvazimat, hərbi avadanlıq, təhlükəsiz rabitə və avadanlıqla gücləndirilmiş yardım paketini razılaşdırdı. Biz Ukraynanın qışla üzləşməsinə kömək etmək üçün ondan daha böyük yeni layihə hazırlayırıq. Biz ölkəyə öz müdafiə və təhlükəsizlik sektorunu daha da gücləndirməkdə və sovet dövründən qalma silahlardan NATO standartlarına keçiddə kömək etməyə davam edəcəyik".

NATO baş katibi deyib ki, Ukrayna ordusu Rusiya təcavüzünə qarşı öz bacarıqlarını sübut edib, Rusiya hərbi qüvvələrinə ağır zərbələr vurub.

Stoltenberq NATO və EU ölkələrinin Rusiyaya qarşı sanksiylarının da öz nəticəsini verdiyini qeyd edib.

"Kreml özünü Avropanın ən yaxın və ən gəlirli neft və qaz bazarlarından məhrum edib. Texnoloji sanksiyalar Rusiyanın avtomobil sənayesini, təyyarələri və müharibə səylərini gücləndirmək üçün lazım olan qabaqcıl yarımkeçiricilərə və çiplərə çıxışını ciddi şəkildə məhdudlaşdırıb".

"Qarşıda çətin günlər var, amma biz əvvəllər də birlikdə çətin günlər keçirmişik. Dəyərlərimizi müdafiə etməməyin qiyməti həmişə daha böyükdür. Ukraynanın və bizim gələcəyimiz üçün qış müharibəsinə hazırlaşmalı və kursumuzu davam etdirməliyik."




Ana səhifəyə qayıt        Baxış: 2 960          Tarix: 7-09-2022, 14:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma