Xəbər lenti

Siyasi ekspert: “Şübhəsiz ki, İbrahim Kalın və Filip Riker dilə gətirdikləri fikirləri konkret məlumatlar əsasında formalaşdırıb söyləyirlər”

Ermənistanın xilası Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. İrəvanın bundan başqa inkişaf yolu mövcud deyil. Ermənistanda da bunu anlayırlar və aylar öncə iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə komissiya da yaradılıb. Əlbəttə, bu prosesi Türkiyə Azərbaycanla məsləhətləşərək aparır. Hazırkı dönəmdə Ermənistan Azərbaycanın haqlı tələblərini qəbul etməsə də, Türkiyə öz pozitiv yanaşmalarını davam etdirir, bu, regionda sülh üçün bir gedişat hesab olunmalıdır.

Bu kontekstdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalının verdiyi açıqlama diqqət çəkir. O deyib ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir, yaxın zamanda pasportlarla keçid icazəsinin verilməsi və s. həyata keçirilməsi zəruri olan addımlar sırasındadır. İbrahim Kalın sentyabr ayında Ermənistanın təxribat törətdiyini xatırladıb: “Müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi sülh danışıqları normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün zəmin yaradılmalıdır. Türkiyə bunu istəyir”.

Kalın Ermənistanla Azərbaycan arasındakı prosesin sağlam şəkildə davam etməli olduğuna da diqqət çəkib.

Bu arada Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker də sülhə dair pozitiv açıqlamalar verib: “Biz bilirik ki, sülh prosesi asan deyil. Bilirəm ki, münaqişə hər iki tərəfdə illər boyu böyük çətinliklərə və əzaba səbəb olub. Lakin inanıram ki, ümid də var. Dinc gələcək üçün olan bir ümid. Ümid edirəm ki, sülh danışıqları zamanı əldə edilən impuls saxlanıla biləcək və daha parlaq gələcəyin təminatı üçün tarixin yeni səhifəsi açıla bilər. Hazırda gələcəyə baxan və davamlı sülhü əldə etmək istəyən hər iki ölkə tərəfindən real və cəsarətli addımları müşahidə edirəm. Dövlət katibi Blinkenin qeyd etdiyi kimi, hər iki dövlət Cənubi Qafqazda daha firavan, dinc gələcəyi təmin etmək naminə çalışır. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu dəstəkləyir və əldə olunan impulsun yeni ildə də saxlanılmasına çağırır. Real proqres əldə olunub və sülh daha yaxşı və parlaq gələcək vəd edir. Mən sülhün əldə olunması üçün nümayiş etdirilən zəruri cəsarəti və qətiyyəti alqışlayıram”.

Həm İbrahim Kalının, həm də Filip Rikerin açıqlamalarından belə qənaət formalaşır ki, hazırda münasibətlərin normallaşması, sülhlə bağlı müsbət tendensiya mövcuddur. Bu prosesdə görünən tərəflərlə yanaşı, görünməyən və açıqlanması mümkün olmayan detallar təbii ki, var. Eyni zamanda hazırda Ermənistanın təxribatçı addımları da müşahidə olunur, separatçıların aktivləşməsi də göz önündədir, habelə antiterror əməliyyatlarının qaçılmaz olduğu bildirilir. Ancaq bunların fonunda pozitiv açıqlamalar var. Məsələnin görünməyən tərəfləri nədən ibarətdir? Separatçılara qarşı gözlənilən antiterror əməliyyatı sülhöncəsi son “başasalma” kimi qiymətləndirilə bilərmi? Pozitiv açıqlamalar da Ermənistanın boş başını sığallamaq, yola gətirmək anlamı daşıyır, yoxsa real əsasları var?

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, İbrahim Kalının və Filip Rikerin açıqlamaları müəyyən məsələlərə həm işıq salmaq baxımından, eyni zamanda fikir formalaşması sarıdan əhəmiyyətli hesab oluna bilər. Güney Qafqazda hazırda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı tərəflər var, tərəflərin öz maraqları mövcuddur: “Bir tərəf Türkiyə, ABŞ və Avropa İttifaqı hesab oluna bilər. Bu qüvvələr Güney Qafqazda sülhün və əməkdaşlıq mühitinin bərqərar olmasında maraqlı görünürlər və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı olduqlarını açıq nümayiş etdirirlər. Digər qüvvələr isə Rusiya, Fransa və İrandan ibarətdir ki, onlar bölgədə gərginliyin qalmasını istəyirlər və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlı deyillər. Biz bunu açıq şəkildə görməkdəyik. Həm İbrahim Kalının, həm Filip Rikerin açıqlamalarında müsbət notlar Ermənistanı sülhə, danışıqlar prosesində mövqe tutmağa sövq etməyə təşviq kimi də dəyərləndirilməlidir. Onların hər ikisi bununla Ermənistanı sülh danışıqlarında aktiv olmağa, konstruktivlik nümayiş etdirməyə çağırırlar. Əlbəttə, hər iki şəxs danışıqlar prosesinin gedişatından məlumatlıdırlar və prosesin hansı mərhələdə olduğunu daha dəqiq təsəvvür edirlər. Bu baxımdan onların fikirlərində də bəzi ciddi əsaslar var. Yəni onlar dilə gətirdikləri fikirləri konkret məlumatlar əsasında formalaşdırıb söyləyirlər. Deməli, gedişatda müsbət tendensiyalar var. Amma son dövrlər biz Ermənistan tərəfindən son bir ayda sülh prosesini pozmaq cəhdlərini də müşahidə etməkdəyik. Bunun son nümunəsi Ermənistan baş nazirinin 7 dekabra planlaşdırılan Brüssel görüşünə təxribatçı açıqlama ilə getməkdən imtina etməsi oldu. Bu da sülh prosesini faktiki olaraq tormozlamaq anlamına gəlir. Və bu təxribatçı fəaliyyət Avropa İttifaqının təşəbbüslərinə Rusiyanın diktəsi ilə vurulan zərbədir. Ermənistan bununla vaxtı uzatmağa çalışır. Ermənistan düşünür ki, nə zamansa geosiyasi vəziyyət onun xeyrinə dəyişə bilər. Ancaq bunlar boş xülyadır”.

O ki qaldı Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində terrorçu erməni silahlılarına qarşı antiterror əməliyyatlarının keçirilməsinə, politoloq qeyd etdi ki, bu əməliyyatların keçirilməsi üçün kifayət qədər əsaslar yaranıb: “10 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinin Rusiya və Ermənistan tərəfindən yerinə yetirilməməsi, həmçinin silahlı ermənilərin son zamanlar az qala hər gün Azərbaycanın hərbi qüvvələrinin yerləşdiyi nöqtələri atəşə tutması bunun üçün əsas yaradır, antiterror əməliyyatlarını labüd edir. Bu əməliyyatlar separatçıları və Ermənistan hakimiyyətini başa salmaq məqsədi daşıyacaq. Onları sülh prosesində konstruktiv davranmağa, eyni zamanda öhdəlikləri yerinə yetirməyə vadar eləyəcək”.




Ana səhifəyə qayıt        Baxış: 3 926          Tarix: 1-12-2022, 10:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma