Xəbər lenti

Rəsmi İrəvandan növbəti şantaj - ermənilər Azərbaycanın olmadığı təşkilatdakı nüfuzundan xoflanır

Ermənistan parlamentinin - Milli Assambleyanın vitse-spikeri, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının (PA) siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının sədri Akop Arşayanın başçılıq etdiyi nümayəndə heyəti Moskvaya gedib.

Erməni nümayəndə heyəti KTMT-yə üzv dövlətlərin parlamentlərinin komitə (komissiya) sədrlərinin ikinci iclasında iştirak edib. “Yeni Müsavat” bildirir ki, A.Arşakyan görüşdə KTMT PA ilə İslam Əməkdaşlıq Təşkilatı və Türk dövlətlərinin Parlament Assableyası arasında əməkdaşlıq münasibətlərinə açıq etirazını bildirib. Bildirib ki, bu əməkdaşlıq indiki mərhələdə erməni tərəfi üçün qəbuledilməzdir, çünki bu strukturlar “ermənifobik addımlar atır, açıq-aydın azərbaycanpərəst mövqe tutur”. Görüş zamanı Arşakyan həmçinin rəhbərlik etdiyi KTMT PA-nın Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının fəaliyyət istiqamətləri və aparılan işləri təqdim edib. Bildirilib ki, komissiyanın əsas səyləri KTMT-nin nizamnamə məqsəd və vəzifələrinin həyata keçirilməsinin dəstəklənməsinə, təşkilatın hüquqi əsaslarının təkmilləşdirilməsinə, KTMT-yə üzv dövlətlərin milli qanunvericiliyinin yaxınlaşdırılmasına və uyğunlaşdırılmasına yönəlib.

Təbii ki, KTMT ilə Türk Dövlətləri və İslam Əməkdaşlıq təşkilatlarına üzv ölkələrlə əməkdaşlığın perspektivləri haqda danışmaq hələ tezdir. Əslində ortada hələlik ciddi bir əməkdaşlıq yoxdur. Amma belə görünür ki, İrəvan artıq ciddi şəkildə narahatlıq keçirir. Məhz bu səbəbdən Azərbaycanın haqlı davasında ölkəmizə dəstək verən ölkələri qaralamaq xətti tutub. Maraqlıdır, erməni nümayəndə heyəti “unudur” ki, KTMT-də Qazaxıstan, Türkmənistan və Qırğızıstan da türkdilli dövlətlərdir. Üstəlik, bu dövlətlər təkcə İslam Əməkdaşlıq və Türkdilli dövlətlərin təşkilatı daxilində deyil, elə KTMT-də də Azərbaycanın haqlı davasında ona dəstək olub. Əlbəttə ki, İrəvan bunları bilir və əslində Moskvada verilən mesaj KTMT-yə üzv türkdilli dövlətlərə yönəlib. KTMT-dən çıxacağı ilə bağlı bir neçə dəfə açıq xəbərdarlıq edən Ermənistan indi bu təşkilatın işini əngəlləməklə yanaşı, həm də onu dağıtmaq məqsədi güdür.

Bu arada, baş nazir Nikol Paşinyanın Qazaxıstana işgüzar səfərə getdiyi barədə Ermənistan hökuməti məlumat yayıb. Bildirilir ki, Paşinyan 2-3 fevral tarixlərində Avrasiya Hökumətlərarası Şurasının iclasında və “Digital Almaty Awards” beynəlxalq forumunda iştirak edəcək. İstisna deyil ki, N.Paşinyan burada da Türk dövlətləri ilə ikitərəfli, qeyri-rəsmi təmaslara cəhd etsin. Qeyd edək ki, Ermənistanın baş naziri hələ 2018-ci ildə fürsət düşən kimi Azərbaycan lideri ilə ayaqüstü təmaslara belə can atır, sonra da bu təmasları məmnunluqla tirajlayırdı. Artıq Ermənistanda “Türk casusu” adını qazanmış hökumət başçısı üçün hazırda Türk dövlətlərinin rəhbərləri ilə görüşmək heç də diskomfort yaratmayacaq, şübhəsiz. Amma o da istisna deyil ki, Ermənistanın hökumət başçısı məhz üzərindəki damğanı götürməkdən ötrü Türk dövlətləri qorxusu ilə bağlı mövqe sərgiləsin. Sorosun “əl uşağı” olan mövcud erməni hakimiyyəti KTMT-dən istədiklərini ala bilmədikdə, bu təşkilatı Azərbaycana qarşı səfərbər etməyə nail olmadıqda dəfələrlə şantaja əl atıb. Ancaq bu da bir nəticə verməyib. Odur ki, növbəti cəhdin iflasa uğrayacağı şübhəsizdir.

Bəzi ehtimallara görə, Moskva hazırda KTMT-dəki “erməni üsyanına” təmkinli münasibət göstərmək zorundadır. Ermənistan isə bundan istifadə edərək, indi də yeni sərsəm tələblər irəli sürməkdədir. Əslində Kreml Ermənistanın birdəfəlik Qərbin qucağına düşməsini istəmir. Hətta bu yaxınlarda Azərbaycanla sərhəddə KTMT missiyasının yerləşdirilə biləcəyi ehtimalını səsləndirməklə erməniləri bir az sakitləşdirməyə çalışdılar. Lakin erməni iddiaları əsasında KTMT-dəki türk dövlətlərini küsdürmək bu qurumun “fatihəsinin verilməsi” demək olardı ki, Rusiya da indiki, dünyadan təcrid dövrünü yaşadığı dövrdə buna yol verməz.

“Nikol Paşinyanın hakimiyyətə gətirilməsinə xidmət edən proseslərin ilk günlərindən, indiki baş nazir də daxil olmaqla, Corc Sorosun Ermənistandakı "uşaqları"nın əsas hədəfi Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) ölkənin ictimai rəyində nüfuzdan salmaqdan, tədricən Kremlin təsir dairəsindən uzaqlaşmaqdan ibarət olub. Paşinyanın baş nazir postuna sahibləndiyi ilk günlərdən KTMT-nin baş katibi ilə bağlı nümayiş etdirdiyi mövqe, Yuri Xaçaturovun barəsində cinayət işinin açılması, onun qısa müddətə də olsa saxlanılması da bunu sübuta yetirir. Çünki KTMT-nin baş katibinin həbsi və cinayət məsuliyyətinə cəlb edilməsi, sözügedən təsisatın, hətta öz rəhbərliyini belə qorumaq gücündə olmadığını nümayiş etdirmək niyyəti daşıyırdı".

Siyasi şərhçi Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Rəsmi İrəvanın bu istiqamətdə sərgilədiyi siyasətini təhlil edərkən analitik bildirdi ki, daha sonra biz Ermənistanın KTMT-yə qarşı davamlı təxribatlarının şahidi olduq: “Rəsmi İrəvan ardıcıl şəkildə KTMT-nin Ermənistanın təhlükəsizliyinə cavab verə bilmədiyi tezisini gücləndirmək üçün hər dəfə təxribat törədir və daha sonra isə KTMT-yə kömək üçün müraciət ünvanlayırdı. Şübhəsiz ki, Nikol Paşinyan da, onu təlimatlandıranlar da KTMT-nin Azərbaycana qarşı olan heç bir prosesdə yer almayacağını başa düşməyəcək qədər axmaq deyildilər. Hələ Serj Sərkisyanın prezidentliyi və baş nazirliyi dönəmində KTMT çərçivəsində aparılan müzakirələrdə digər üzv dövlətlər Azərbaycana münasibətdə öz mövqelərini açıq şəkildə ifadə etmişdirlər. Amma buna baxmayaraq, KTMT-nin Azərbaycanla qarşıdurmaya cəlb edilməsi istiqamətində İrəvanın təxribatları, həmçinin Ermənistan mediasında sözügedən təşkilat əleyhinə total kampaniya səngimək bilmirdi. Ermənistanın bölgəyə regiondankənar qüvvələrin cəlb edilməsi ilə bağlı yürütdüyü siyasət və hazırda göz önündə olan mənzərə əslində hədəfin nədən ibarət olduğunu tam çılpaqlığı ilə ortaya qoyur”. E.Mirzəbəyli hesab edir ki, Ermənistan parlamentinin - Milli Assambleyanın vitse-spikeri, KTMT Parlament Assambleyasının siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının sədri Akop Arşayanın Moskvadakı sərsəmləmələrinə də məhz bu kontekstdən yanaşmaq lazımdır: “Ermənistan Türk Dövlətləri Təşkilatının genişlənəcəyindən və zamanla hərbi-siyasi bloka çevriləcəyindən narahatdır. Hətta gələcəkdə Rusiyanın da belə bir təsisatda təmsil oluna biləcəyi ehtimalı var. Dünya dəyişir və bu dəyişiklik hazırda mövcud hərbi siyasi mənzərənin konfiqurasiyasını da dəyişə bilər. Rusiyanın rəsmi mənbələrində federasiyaya daxil olan subyektlərdə yaşayan türk əsilli xalqların ümumi sayının ölkə əhalisinin 16,9% təşkil etdiyi bildirilir. Amma türklərin təkcə muxtariyyətlərdə deyil, Rusiyanın bütün ərazisində yaşadığını nəzərə alsaq, real göstəricinin xeyli çox olduğunu müəyyənləşdirə bilərik. Qazaxıstanın araşdırma mərkəzlərinin 2015-ci ildə aparıldıqları araşdırmalara görə, Rusiyada, öz tarixi vətənlərində yaşayan və bu ölkəyə SSRİ dövründə, eləcə də daha sonra gələn türklərin sayı 40 milyondan çoxdur. Bu isə ölkə əhalisinin 40%-i deməkdir. Yenə də rəsmi göstəricilərə görə, Rusiyanın İslam inanclı əhalisinin sayı 20-25 milyon nəfərdir. Bütün bu göstəricilər Rusiyanın həm də türk və müsəlman ölkəsi olduğunu təsdiqləyir. Sözügedən federasiyanın türk xalqları və dövlətləri, eləcə də müsəlman ölkələri və İslam Konfransı Təşkilatı ilə münasibətlərinin hər zaman yüksək səviyyədə tutulmasını zəruri edir”. Siyasi şərhçi qeyd etdi ki, avrasiyaçılıq, Rusiya, yaxud türk-slavyan birliyi və bu kimi digər nəzəriyyələrin, təxminən 2000-ci illərin əvvəllərindən başlayaraq, Rusiyada və bir sıra slavyan xalqlarının yaşadığı ölkələrdə önə çıxması təsadüfi deyil: “Rus dövlətçiliyi klassik türk dövlətçiliyinin bir parçasıdır. Rusiyanın "Avrasiyaçılıq" konsepsiyası bu ölkənin vahid bir dövlətə çevrilməsinin rus-slavyanlarla deyil, turanlılarla - türklərlə - və monqollarla bağlı olduğunun etirafı ilə başlayır. Qeyd edim ki, həm türk (Osmanlı), həm də rus imperiyalarında Çingizilərin varisləri, həm də taxt-tacın varisləri hesab olunurdular. Osmanlı imperiyasında Krım xanları - Gireylər Osmanlı sülaləsinin taxt-taca varisi olmayacağı təqdirdə, dövlətin qanuni varisləri sayılırdılar. Rusiyada isə Çingizilər çardan sonra ən yüksək statusa sahib idilər. Buna nümunə olaraq, xristianlığı qəbul edənədək Xudaykul adını daşıyan Petr İbrahimoviçi, yaxud Simeon Bekbulatoviçi göstərmək olar. Bütün bunları nəzərə alsaq, Ermənistanın və bu mutant ölkəni türk-slavyan dünyasının mərkəzində bölücü faktor kimi qoruyub saxlayanların əndişəsini başa düşmək olar".

Ehtiyatda olan zabit, polkovnik Üzeyir Cəfərov isə məsələyə fərqli prizmadan, hərbi-siyasi kontekstdən yanaşdı: “Artıq fevral ayı başlayıb və hamının diqqəti Ermənistan siyasi-rəhbərliyində olacaq. Xüsusən də KTMT mövzusunda. Ötən ildən başlayaraq, başda Ermənistanın baş naziri Nikol Paşinyan olmaqla bir sıra erməni rəsmilər tərəfindən bu ölkənin adıçəkilən qurumdan çıxacağı ilə bir neçə dəfə bəyanatlar səsləndirib. Necə deyərlər, az qalır və tezliklə hamı Paşinyanın sözlərinin ciddi olub-olmaması ilə bağlı suala cavab alacaq. İndi KTMT xətti ilə keçirilən istənilən tədbirdə Ermənistan tərəfi müxtəlif bəyanatlar səsləndirir, öz narazılığını dilə gətirir və sanki körpə uşaq kimi incikliyini göstərir. KTMT daxilində türk dövlətlərinin olması guya indimi Ermənistanın diqqətini cəlb etdi? Axı yarandığı gündən bu vaxta kimi adıçəkilən dövlətlər formal da olsa, o təşkilatda olublar və hazırda da vardılar”.

Polkovnik Cəfərov qeyd etdi ki, indi türk dövlətlərinin davranışlarından narazılıq edən ermənilər baş verənlərə görə ilk növbədə özlərini günahlandırmalıdırlar: “Çünki az qala bütün dövlətlərlə qeyri-səmimi münasibətlər sərgiləyən Paşinyan və komandası Azərbaycanı dəstəklədiklərinə görə KTMT-dəki dövlətlərdən incik olduqlarını hər addımda dilə gətirirlər. Ermənistan özünü Azərbaycanla müqayisə etməzdən əvvəl iqtisadiyyatına və siyasətinə nəzər salmalıdır. Əslində mənzərə tam göz önündədir. Ona görə də yaxın vaxtlarda biz Ermənistan tərəfdən çox bəyanatların şahidi olacağıq”. Ü.Cəfərov da razılaşır ki, Moskva Ermənistan rəhbərliyinin davranışları ilə bağlı çox narazıdır: “Biz bunu onların davranışlarında və səsləndirdikləri fikirlərdə də görürük. Ancaq yaxın həftələrdəki proseslər açıq-aydın göstərəcək ki, Ermənistan sözünün sahibidir, yoxsa yenə də boşboğazlıq edir”.




Ana səhifəyə qayıt        Baxış: 3 996          Tarix: 3-02-2023, 11:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma