Xəbər lenti

Rusiya sülhməramlıları iki il yarım ərzində bölgədə erməni silahlarının çıxarılması bir yana, onların qanunsuz əməllərinə ya göz yumub, ya da şəriklik edib

Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentinin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları davam etdirir. Belə bir iddianı erməni mediası yayıb. Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb: “Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə "Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz" lövhəsini də qoyub".

Xəbərdə bildirilib ki, Azərbaycan keçid məntəqəsi mövqeyindən qətiyyən geri çəkilməyəcək, rusların əldə etmək istədiyi yeganə şey isə keçid məntəqəsində azərbaycanlılarla yanaşı Rusiya sülhməramlılarının da yerləşməsidir. Azərbaycanın bu təklifə “yox” deməsi üçün bir çox əsasları var. Rusiya sülhməramlılarının öz missiyasını yerinə yetirməsi üçün heç bir maneə olmayıb, yoxdur da. Amma o da faktdır ki, Rusiya sülhməramlıları iki il yarım ərzində bölgədə erməni silahlarının çıxarılması bir yana, onların qanunsuz əməllərinə ya göz yumub, ya da şəriklik edib. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa ərazisindən keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyasının bir səbəbi də məhz sülhməramlıların öz məsuliyyət zonalarında bu cür qanunsuz əməllərə şərait yaratmasıdır. Əlbəttə, digər səbəblər də var ki, bunların hamısını sadalamağa ehtiyac qalmır. O səbəbdən Azərbaycana “birgə nəzarət” təklifinə Bakının “yox” deməsində qeyri-adı heç nə yoxdur.

Qeyd edək ki, Laçın rayonunda sərhəd-keçid məntəqəsinin qurulmasından sonra ermənilər təşvişə düşüb. Erməni teleqram kanallarının yaydığı məlumata görə, Qarabağdakı ermənilər əmlaklarını dəyər-dəyməzinə sataraq buralardan çıxıb gedirlər. Lakin təklif tələbi üstələdiyindən Xankəndi və ətraf ərazilərdəki mənzillər dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılıb. Mümkündür ki, sülhməramlılar həm də bu prosesi əngəlləmək üçün “birgə nəzarət” təklifi edirlər...

Deputat Azər Badamov bu məsələ ətrafında fikirlərinə bir tarixi hadisə ilə başladı: “23 apreldə Həkəri körpüsündə DSX-nin nəzarət-buraxılış məntəqəsinin yaradılması tarixi hadisədir və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin göstəricisidir. Ölkəmizə girişində qoyulan "Siz Azərbaycan dövlətinin ərazisinə daxil olursunuz" yazısı da çox vacibdir və hesab edirəm ki, həmin yazıya “Azərbaycan dövlətinin qanunlarına riayət etməyiniz xahiş olunur” yazısı da əlavə olunsa daha yaxşı olardı. Çünki o məntəqədən ərazilərimizə daxil olan hər kəs özünü məsuliyyətli aparmalıdır. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbədən sonra Azərbaycan bütün məsələləri güllə atmadan siyasi yollarla tənzimləyərək həll edir. Sərhəddə yaradılmış nəzarət keçid məntəqəmiz Ermənistana torpaqlarımızda özbaşınalıqların davam etdirilməsində bütün imkanları məhdudlaşdırır. Nəzarət məntəqəsinin qurulması nə sülhməramlıların fəaliyyətinin davam etdirilməsinə, nə də bu yol vasitəsilə qanuni daşımaların və hərəkətlərin həyata keçirilməsinə heç bir mane törətmir. Məlumatlara görə, sülhməramlılar nəzarət məntəqəmizdə sərhəd xidməti əməkdaşları ilə birgə nəzarətin keçirilməsi üçün Azərbaycanla danışıqlar aparır. Hesab edirəm ki, birgə nəzarət yolverilməzdir. Əgər sülhməramlılar da nəzarəti həyata keçirmək istəyirlərsə, özləri də ayrıca bir nəzarət-keçid məntəqəsini qura bilərlər və onların qanuni fəaliyyətinə heç bir maneə yoxdur. Amma sülhməramlıların nəzarət həyata keçirdiyi müddətdə onların hansı fəaliyyətlərlə məşğul olduğunu biz yaxşı bilirik. Sülhməramlılar Qarabağa gəlişi ilə paralel olaraq erməni hərbiçiləri ərazilərimizi tərk etməli olduğu halda onların sayını 10 mindən çox nəfərə çatdırıb. Separatçıların silahlanmasına imkanlar yaratmış, Ermənistandan Qarabağa silah-sursatın daşınmasına, hərbçilərin rotasiya olunmasına rəhbərlik edib. Ən acınacaqlısı da odur ki, aksiyaçılarımız aksiyalarını davam etdirdikləri müddətdə Rusiya bayrağı altında separatçılara torpaq yollarla gizli şəkildə silahlar daşınırdı. Hesab edirəm ki, məhz 2021-ci ildə istehsal olunmuş minaların ərazilərimizdə basdırılması və yeni təxribatların törədilməsinə sülhməramlılar şərait yaradıb. Bundan sonra belə özbaşınalıqların qarşısı kəsilib. Sülhməramlılar müvəqqəti olaraq Qarabağda yerləşdirilib və onların funksiyası təhlükəsizliyin təmin edilməsidir. Ona görə də onlar qoy o ərazilərdə təhlükəsizlik tədbirlərini genişləndirsinlər və ermənilərin azərbaycanlılarla birgə yaşaması üçün şərait yaratsınlar".

Deputat Qarabağ ermənilərindən də danışdı: “Qarabağda yaşayan ermənilər barəsində qeyd etmək istəyirəm ki, kimlər separatçılıq meyllərindən əl çəkmək istəmirlərsə, vaxtında ərazilərimizi tərk etsinlər. Əks halda, onlar qanunlarımıza uyğun cəzalandırılacaqlar. Qarabağda yaşayan və separatçıların girovunda olan ermənilərin narahat olmağına heç bir lüzum yoxdur. Çünki onlar Azərbaycan bayrağı altına keçərək azad ölkənin xoşbəxt vətəndaşları kimi yaşaya biləcəklər. Ölkəmiz yüksək tolerant və multikultural dəyərlərə malikdir. Bütün xalqların, dini konfenssiyaların nümayəndələri Azərbaycanda dost və qardaşlıq şəraitində yaşayırlar və bu, dünyaya bir nümunədir”.

Hərbi ekspert Telman Qasımov Azərbaycan tərəfin addım-addım Qarabağda olan problemləri həll etdiyini bildirdi: “Sülhməramlılarla bağlı gündəmə gələn bu fikirlər ki, guya Azərbaycan o sərhədçilərlə həmin keçid məntəqəsini birlikdə qurub. Üçtərəfli anlaşma ilə onsuz da sülhməramlıların nəzarəti ilə proses həyata keçirilib. Zatən rus sülhməramlılarının orada postları var idi. Sadəcə, alternativ yolda idi. Həmin yol da bağlanandan sonra onlara imkan yaradıldı. Rus sülhməramlılarının orada iştiraklarının əleyhinə gedə bilmərik. Çünki anlaşmada belə bir bənd var idi ki, onlar nəzarət edəcəklər. Onların olması bir tərəfdən də yaxşıdır ki, səhəri gün erməni tərəfi iddia edə bilməz ki, Azərbaycan tərəfi keçəndə bizi incidir. Bu münasibətlərdə Rusiyanın orada olması bir növ bizim xeyrimizədir. Bundan sonra orada nə qədər qalacaqlarını zaman özü göstərəcək. Müharibədən sonrakı müddətdə üç dəfə rus sülhməramlılarının komandanı dəyişib. Bu dəyişikliklə oradakı formatda münasibətlərə nələrinsə təsir edəcəyi inandırıcı görünmür. Çünki bundan əvvəlki dəyişiklikdə Volkovun daha diqqətli olacağı deyilirdi, amma bir müddətdən sonra hər kəs sülhməramlıların orada səlahiyyətlərindən kənarda başqa işlərlə məşğul olduqlarını gördü. Son zamanlar ermənilər belə iddia edirdilər ki, sülhməramlılar Qarabağ ermənilərinin hesabına pul qazanırlar. Lazım olan ərzaqları onlara satdıqlarını belə deyirdilər. Bir sözlə, işləyib pul qazandıqlarını qeyd edirdilər. İndi də yeni komandanın daha təcrübəli olduğu barədə xəbərlərə rast gəlirik. Onu da qeyd edim ki, Abxaziyada bu qüvvələr hər zaman təxribatçı kimi tanınıblar. Lentsov, üstəlik, daha qəddar kimi qəbul olunub. Rus pasportlarının orada paylanılması prosesində iştirak edən bir adamdır. Düşünürəm ki, onu bura daha çox təcrübəsinə görə gətirirlər. Bir şeyi unutmaq olmaz ki, dünyanın hansı yerində rus əsgəri varsa, orada bəla, problem, haqsızlıq, qan-qada var. Dünyanın heç bir yerində görmədim ki, rus əsgəri olan yerdə süh olsun. Bu baxımdan, komandan dəyişikliyi ilə heç nə dəyişməyəcək. Məqsəd eyni qalır. Volkov onsuz da öz sifətini göstərmişdi. Ötən il dekabrın 12-dən başlatdığımız aksiya ilə dünyaya öz gücümüzü göstərmişik. Bütün dünya üzərimizə gəldi, amma bir addım belə geri atmadıq. Aksiya davam etməlidir. Düşünürəm ki, məqsədimizə çatana qədər davam edəcək. Qarabağda hələ çox problemlərimiz var və həmin problemlər həll olunana qədər Azərbaycan tərəfi öz qəti addımlarını atacaq. İşlər addım-addım görülür. Qarşı tərəf dinc durmur, sürprizlər hazırlaya bilərlər. Qarabağ ermənilərinin ikili vətəndaşlıqları var, indi həmin pasportların vaxtları bitir, iki il müddətinə verilir. İndi necə olacaq? Qarabağ ermənilərinin niyə Ermənistan vətəndaşı olmaları məsələsini çözəcəyik. Onların hamısının fotolarına qədər kompüterlərə salınacaq. Barmaq izlərinə qədər bu proses gedəcək. Keçid məntəqəsinin qurulması ilə öz sərhədimizi birdəfəlik möhkəmləndirdik. Bütün dünyaya bir daha sübut etdik ki, bura Azərbaycan ərazisidir, Azərbaycan dövləti var, dünya tərəfindən tanınan bizə məxsus sərhədlər var. Fikir verin, görün hansı dövlətlər məntəqələr qurmağımızdan narahatdırlar. Qarabağı bazara çevirənlər. Gəlirdilər, gedirdilər. Kim istəyirdi, gəlib-gedirdi. O günə qalmışdıq ki, iranlılar belə oranı bazara çevirmişdilər. Biz bunun qarşısını aldıq. Çox önəmli idi. Ən çox vacib olanı da sərhədimizi möhkəmləndirməyimiz oldu”.

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 184          Tarix: 28-04-2023, 10:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma