Bu səhəri də Ermənistanın təxribat xəbəri ilə açdıq. Çox təəssüf ki, yenə şəhidimiz və yaralımız var. Düşmən azğınlığını davam etdirir, “Dəmir Yumruq”suz olmayacaq, artıq heç birimizdə şübhə qalmadı.
Əslində, növbəti xain təxribat gözlənilirdi. 4 gün davam edən Vaşinqton görüşü barədə ümidverici açıqlamalar gəlirdi. Elə iki gün əvvəl okeanın o tayından bəzi anlaşmaların olduğu açıqlanmışdı, bu, Vaşinqtondakı görüşlərin ilk günündə hikkəsini açıq şəkildə ifadə edən Mariya Zaxarovanın timsalında Rusiyanın məsələyə biganə qalmayacağını ortaya qoymuşdu. Ötən ilin “Valday”ında Putin səviyyəsində Ermənistan Vaşinqton təklifləri ilə şantaj edilmişdi. Dünya siyasəti hələ beləsini görməmişdi.
“Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Bu, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını ehtiva edir. O zaman buyursunlar”, - demişdi Rusiya prezidenti. Deyirsiniz, yəni bundan sonra Vaşinqtonda əldə olunmuş uğuru həzm edə bilərmi Qafqazın başının üstündən əskik olmaq istəməyən cütbaşlı qartal?!
Həmçinin Moskvadakı 9 may paradında səf tutanlar sırasında “Soros uşağı” Nikol Paşinyan da var idi. Azərbaycan Prezidenti Şuşa Zəfərini o Ucalıqda qeyd edirdi, lideri olduğu xalqı ilə bərabər!
Baş Komandanın “Heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir” bəyanatı OX kimi sancıldı birilərinin ürəyinə və gözlərinə. Sakit otura bilməzdilər...
Şuşanın işğalına, 28 il yarım əsarətdə saxlanmasına ortaq olanlar, təbii ki, bu qalibiyyəti sindirə bilmirlər, dövlət başçımızın Laçındakı sərhəd qapısı ilə bağlı Şuşa bəyanatı onları dəli olmaq dərəcəsinə çatdırıb. Axı general Lentsovu növbəti dəfə Bakıya, danışıqlara yollamaq istəyirdilər, separatçıların Rusiyadan üz döndərəcəyindən ehtiyatlanırlar, onları əldə saxlamaq üçün Bakıdan hansısa güzəştlər qoparacaqlarına ümid edirdilər.
Azərbaycan Prezidenti Şuşadan xalqa müraciətində bütün ümidləri kəsdi. Sitat: “Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik”.
Açıq döyüşə cürət etməyənlər qarşılığında yenə xain təxribata əl atdılar.
Nikol Paşinyan Kremldən təlimat alıb, qayıtdı. Qayıdan kimi də güc strukturlarının rəhbərləri ilə qapalı toplantı keçirdi. “Nəticə” ortada...
Paşinyan deyir Zod tərəfdə baş verənlər onun danışıqlarla bağlı qərarına təsir etməyəcək. “Bazar günü danışıqlar üçün Brüsselə səfər etmək fikrimi dəyişməmişəm” - deməklə özünün “sülhpərvər” olduğunu göstərməyə çalışır. Axı bundan əvvəl də məhz Rusiyanın təlimatı ilə Brüssel prosesini pozmuşdu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında hər dəfə görüş təşəbbüsü olanda şimal qonşumuz havalanır, “Cənubi Qafqaz əldən getdi” şüvəni ilə hərəkətə keçir, heç nəyə əli çatmasa da, “növbəti görüş Rusiyanın təşəbbüsü ilə keçiriləcək” mesajını yollayır. Özü Ukrayna bataqlığında batan ölkə əl çəkmir “sülh təşəbbüsü”ndən...
Şimal qonşumuz baxır Kişinyovda Avropa Siyasi İcmasının növbəti iclası çərçivəsində, üstəlik, Fransa Prezidenti və Almaniya Kanslerinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirilməsinə tədarük görülür, əsəbləşir. Brüssel də bir yandan... Hələ sonrakı görüşlərin də anonsu verilir.
Dığ təxribatı yadınızdadırmı? O zaman da şəhidlər vermişdik xain təxribat səbəbindən, Avropa İttifaqının təşəbbüsə yiyələnməsi, Fransa xarici işlər nazirinin bölgəyə səfərinə bu sayaq reaksiya verdi Ermənistandakı “beşinci kolon”. Bu dəfə də Zod təxribatı...
Təsəvvür edin, Moldovadakı 5-ci kolon Rusiyaya müraciətlə Dnestryanıdakı hərbi qüvvələrin sayını artırmaq çağırışı edir, Qərb isə özünün moderatorluğu ilə bu ölkədə sülh təşəbbüsləri göstərir, Kreml buna dözər(di)mi?.. Elə bu günlərdə Ermənistan mediası ölkədə “beşinci kolon”un olması ilə bağlı ciddi ekspertlərin açıqlamalarını tirajlamışdı. Ordudakı “kolonçu”lar isə saysızdır, bunlara bir işarə kifayət edir.
Heç şübhəsiz ki, Ermənistan hakimiyyəti də süddən çıxmış qaşıq deyil, hər fürsətdə aranı qarışdırmağa cəhdlər edir. Elə “sülh qaranquşu” kimi görünməyə çalışan Paşinyanın “Bazar günü Azərbaycanla sülh sazişinin imzalanması ehtimalı nə dərəcədədir? Təəssüf ki, bu imkan çox azdır, çünki sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli saziş layihəsi hələ çox ilkindir və onun imzalanması barədə danışmaq hələ tezdir” deməsi də bu ölkənin sülhə münasibətinin göstəricisidir. Niyyət prosesi pozmaqdır, sifarişlə üst-üstə düşür mövqe, qalanı oyunbazlıqdır.
Düzdür, Ermənistandakı revanşistlər də son vaxtlar hərəkətə keçiblər: Qaregin başda olmaqla erməni kilsəsi, daşnaklar, Yerprapa terrorçu təşkilatı, Sasna Tser qruplaşması...Birinci Qarabağ müharibəsinin canilərini öz ətrafında birləşdirən bu terrorçu qruplaşmaların elə bu günlər bir araya gəlib, ultimativ vermələri də təsadüfi deyildi. Hələ Ohanyan-Sərkisyan-Köçəryan kimi canilərin xortlaması...Onları dirildən var, “missiyanız hələ bitməyib”, deyərək.
Ümumilikdə götürsək, Ermənistanda radikallığın “doza”sı son vaxtlar artmaqdadır. Paşinyan bir az güzəştli mövqe sərgiləyən kimi, təhdidlər artır, hətta terror mesajı verilir. Bu mənada Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması Ermənistanın məqsədli şəkildə vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Paşinyan bununla həm də rəqiblərinə “qan istəyirdiniz, alın, için” mesajı vermək, eyni zamanda danışıqlarda sərgiləyəcəyi mövqenin qarşılığında təhdid olunması Ermənistanın snayperlərdən istifadə etməsini, əraziyə snayperlərin cəlb olunmasını və deməli, təxribatın məqsədli şəkildə törədildiyini nümayiş etdirir.
Artıq neçə gündür erməni ekspertlər Vaşinqton raundunda Ermənistanın “ən yüksək səviyyədə” məğlub olduğunu açıqlayırlar. Son təxribat həm də ondan xəbər verir ki, Zodda baş verənlər Vaşinqtonda keçirilmiş danışıqlarda Ermənistanın ağır vəziyyətə düşməsi və bu ölkədən Azərbaycanın ərazi bütövlüyünü tanınmasının tələb olunmasına “cavab”dır. Belə olan halda Azərbaycan əsgərinin irəli gedəcəyinə aşkar şəkildə zəmin yaranır. Çünki bu, bir beynəlxalq təcrübədir: atəş nöqtəsini susdurmaq lazımdır, kimsə buna görə Azərbaycanı qınaya bilməz! Bu bölgədə neçə vaxtdır silahlar susmur, itkilər veririk! Deməli, bayrağımızı daha da irəlidə sancmağa zərurət var!
Ona da şübhə yoxdur ki, Ermənistan mayın 14-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşdə də eyni vəziyyətlə üzləşəcəyini və çətin vəziyyətə düşəcəyini bilir və ənənəvi metod olan təxribata əl atır. Sözsüz, Ermənistanın Zod təxribatının arxasında maraqlı qüvvələrin də dura biləcəyi istisna olunmur.
44 günlük müharibədən bir müddət sonra, razılaşmaya uyğun olaraq 27 noyabr 2020-ci ildə Azərbaycan ordusu Kəlbəcər ərazisindəki Zod qızıl mədənini nəzarətə götürdü. Həmin ərazinin böyük hissəsinə Azərbaycan nəzarət edir... On illərlə qanunsuz olaraq talanan, qızılı daşınan qiymətli ünvana... Bu ilin aprelindən ərazidəki təxribatlara Azərbaycanın cavab verməsi nəticəsində Zoddakı açıq mədəndə işlərin dayandırmağa vadar olub düşmən, ancaq qapalı mədən işləyir. Amma şübhələr var ki, qızıl mədəninin üçdə biri Ermənistan ərazisinə düşdüyü halda, ermənilər qaza-qaza Azərbaycanın içərilərinə dorğu irəliləyə bilər.
2021-ci ilin 16 avqustunda Prezident Kəlbəcərdə olarkən Basarkeçər yolunda tarixi çıxış etmişdi. Xatırlayaq:
“Durduğumuz yol ermənilər tərəfindən çəkilmiş Basarkeçər-Kəlbəcər yoludur. Onlar Ermənistanı Qarabağla birləşdirmək üçün ikinci yol çəkdilər. Laçın dəhlizindən əlavə. Beləliklə, Kəlbəcəri və digər əraziləri məskunlaşdırmaq və özlərinin gediş-gəlişini daha rahat etmək üçün bu yolu çəkdilər. Bu yol birbaşa Basarkeçər rayonuna gedir. Basarkeçər rayonuna Ermənistanda “Vardenis rayonu” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır, qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Orada yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olmuşdur. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi, deportasiyaya məruz qalmışlar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunu, onun adını dəyişdirərək ona “Vardenis” adı qoymuşdur. Xahiş edirəm ki, Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilsin. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır”.
Tarixi Basarkeçərimizdən, Göyçədən açılan atəşlər sonda bizi o torpaqlara qaytaracaq! Erməni ekspertlər indi hay-küy salıblar ki, Azərbaycan Göyçənin sahilinə enmək istəyir. Göyçə mahalı istiqamətindən edilən təxribatın cavabsız qalacağınımı zənn edirmişlər?!
Bu ərazidə atəşi tətikləyən səbəblərdən daha birini yazaq: Bu mədəndə on illərdir ki, Rusiyanın “GeoProMining Gold” şirkəti çalışır. İşğal illərində Qarabağın qızılını, misini, sinkini, molibden və dəmirini talayıb aparan şirkət! “GeoProMining”in təmsilçisi Ruzanna Qriqoryan ötən günlərdə demişdi ki, Zod mədənində işlər mayın 15-dən sonra işə başlayacaq. İşə başlamaq üçün tətiyə basdılar... Cavablarını artıqlaması ilə alacaqlar, şübhəmiz yoxdur.
Vaşinqton görüşü öncəsi Ermənistan Gorusun Dığ kəndi istiqamətində təxribata əl atdı, cavabı artıqlaması ilə verildi: Laçın Sərhəd-Nəzarət Məntəqəsini də qurduq. Görünür, Ermənistan Basarkeçərdə də Sərhəd məntəqəsi qurmağımızı istəyir. Nə olar, çətin deyil. Yeri gəlmişkən, neçə vaxtdır Azərbaycan Qarabağdakı ermənilərə Basarkeçər yolu ilə gedib-gəlməyi təklif edir. Hə, uzaqdır? Nə olsun? Biz də Ağdamdan Şuşaya, Zəngilandan Ordubada, Ağdərədən Kəlbəcərə kəsə gedə bilmirik... Uzaq yolu getsinlər, ağılları başlarına gəlsin.
Bəlkə, Göyçə sahilinə enməyimizi arzulayırlar...
Müsavat.com
Paylaş: