Xəbər lenti

Mayın 17-də İran və Rusiya prezidentlərinin iştirakı ilə Tehranda iki ölkə arasında Rəşt-Astara dəmiryol xəttinin tikintisinə dair sazişin imzalanması mərasimi keçirilib.

Sazişə əsasən dəmiryol xəttinin layihələndirilməsi, tikintisi, tikintiyə xidmət və malların təminatını iki ölkə birlikdə maliyyələşdirəcək. Müqaviləni İranın yol və şəhər inkişafı naziri Mehrdad Bazparş və Rusiyanın nəqliyyat naziri Vitali Savelyev imzalayıb. Rusiya Prezidenti Vladimir Putin mərasimə videobağlantı ilə qatılıb. Rusiya baş nazirinin müavini Aleksandr Novak da Tehrandakı mərasimdə iştirak edib.

Müqaviləyə əsasən, 170 km uzunluğunda dəmiryol xəttinin Astaraya qədər olan hissəsini İran və Rusiya, İran Astarasından Azərbaycan Astarasına qədər olan hissəsini isə 3 ölkə birlikdə inşa edəcək.

V.Putin razılaşmanı beynəlxalq nəqliyyat infrastrukturu üçün böyük hadisə kimi dəyərləndirib. O, imzalanma mərasimindəki çıxışında İran Prezidenti İbrahim Rəisiyə layihənin reallaşmasında “şəxsən” iştirakına görə təşəkkür edib. Bildirib ki, Rəşt-Astara dəmiryol xətti Şimal-Cənub marşrutu üzrə birbaşa əlaqəni təmin edəcək: “İranın Rəşt və Astara şəhərlərini birləşdirən 162 kilometrlik dəmiryol xətti tikiləcək. Kiçik görünən bu yolun çəkilişi ilə Şimal-Cənub nəqliyyat dəhlizi boyunca birbaşa əlaqə təmin olunacaq. Biz İranın Hind okeanı və Xəzər dənizi sahillərindəki limanlarını Rusiyanın Baltik və Şimal dənizlərindəki limanları ilə birləşdirəcək bu nəqliyyat arteriyasından çox danışmışıq. Rusiya və İranın bu istiqamətdə prinsipial razılaşması 2022-ci ilin iyulunda Tehranda aparılan danışıqlar zamanı əldə olunub”.

A.Novak mərasimdən sonra jurnalistlərə bildirib ki, dəmiryol xəttinin tikintisi üçün Rusiya İrana dövlətlərarası razılaşma əsasında 1,3 milyard avro kredit ayırıb. Onun sözlərinə görə, layihənin ümumi dəyəri 1,6 milyard avro təşkil edir. Beləliklə, layihədə Rusiyanın payı 85 faizə bərabərdir.

Rusiyanın baş nazir müavini onu da bildirib ki, Rusiya və İran 2030-cu ilədək dəmiryol daşımalarının həcmini ildə 15 milyon tona çatdırmaq niyyətindədir. Onun sözlərinə görə, ötən il ölkələr arasında yükdaşımaların həcmi avtomobil və digər nəqliyyat növlərini nəzərə almaqla 5 milyon tona çatıb: “Biz razılaşmışıq ki, ölkələr arasında yalnız dəmiryol daşımalarının həcmi ildə minimum 15 milyon ton təşkil edəcək. Özü də bu, yalnız tranzit yüklərə aiddir. Gələcəkdə biz bu gücləri daha genişləndirəcəyik. Bu layihə Süveyş kanalının alternativi olmaq potensialına malikdir”.

Qeyd edək ki, Rəşt-Astara dəmiryol xətti Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin quru hissəsinin əsas həlqəsidir. 2018-ci ildə İran həmin hissənin tikintisi üçün Azərbaycandan 500 milyon dollar güzəştli kredit alıb, əvəzində tikintinin Azərbaycan şirkətləri tərəfindən reallaşdırılması razılaşdırılıb. Lakin ötən müddət ərzində tikintinin layihələndirilməsi və sair istiqamətdə heç bir real addım atılmayıb. İndi isə Tehran tikintini maliyyələşdirməsi üçün Rusiya ilə razılığa gəlib, əvəzində tikinti işlərini Rusiya şirkətləri həyata keçirəcəklər. Rusiya mətbuatının yazdığına görə, yolla yükdaşımalarda Rusiyaya böyük imtiyazlar verilib.

2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə Azərbaycan on il əvvəl qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa çatdırıb.

Rəşt-Astara dəmir yolu hazır olduqdan sonra Azərbaycan və Rusiyanın İranın cənubundakı dəniz limanları ilə nəqliyyat əlaqəsi yaranacaq - AZƏRTAC

Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, dəhlizin bütün infrastrukturunu inkişaf etdirmək üçün icrası nəzərdə tutulan yüzlərlə layihəyə 38,2 milyard dollara yatırıma ehtiyac var. Bunlardan Rusiyanın icrasına başladığı və planlaşdırdığı layihələrin dəyəri 12,87 milyard dollardır.

İndiyədək Hindistan layihənin icrasına 2,1 milyard dollar sərf edib. Bunun bir hissəsi İran ərazisində nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilib.

2022-ci il sentyabrın 9-da Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzrə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin görüşü keçirilib. Görüşdən sonra dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin əraziləri arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin birbaşa uzunluğu 145 km, tunel və digər ötürücülərlə birlikdə uzunluğu isə 170 km-ə yaxındır. 2015-ci ildən sonra Azərbaycanın bu yolun çəkilişində yüksək marağını görən Tehran bundan istifadə etmək qərarına gəlib. Bakıya yolun tikintisinə güzəştli şərtlərlə kredit ayırmaq təklif olunub. Azərbaycan tikintini öz şirkətlərinin aparması şərtilə təklifi qəbul edib. Razılaşmalara əsasən, kreditin ilk hissəsi - 500 milyon dollar ayrılsa, konkret işlərə başlanmayıb.

Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi bir də 2022-ci ildə aktuallaşmağa başladı. Bu dəfə təşəbbüskar rolunda Tehran və Moskva çıxış edir. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il uyulun 19-da Tehranda mətbuat konfransında bildirib ki, Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır: “İlk sınaq qatarı artıq Şimal-Cənub marşrutu ilə hərəkət edib. Bu, İran limanlarına, buradan Fars körfəzinə və Hindistana gedən qısa yoldur. Xüsusi bir bölgə var - Rəşt-Astara. Bu, İranda kiçik bir ərazidir, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Biz bu yaxınlarda Xəzər sammiti çərçivəsində prezident Əliyevlə görüşdük və bu barədə müzakirələr apardıq. İran da bunda maraqlıdır və iranlı tərəfdaşlarımız bunu indi təsdiqləyiblər. Rusiya da bunda maraqlıdır, çünki bizim Rusiyanın şimalından, Sankt-Peterburqdan birbaşa Fars körfəzinə çıxışımız olacaq. Çox maraqlı və perspektivli marşrutdur. Orada məsələ bir hissəni tikməkdir, təkrar edirəm, cəmi 146 kilometr. Rusiya tərəfi bunu etməyə hazırdır”.

İran Prezidenti İbrahim Rəisi Rəşt-Astara dəmir yolunda aparılan işlərlə tanış olub - AZƏRTAC

Rusiya mənbələri çətin relyefli, həmçinin kənd təsərrüfatına yararlı torpaq sahələrindən keçdiyinə görə Rəşt-Astara xəttinin çəkilməsinin 2 milyard dollara başa gələcəyini bildirirdilər. Bunun 500 milyon dollarını Azərbaycan ayırıb, İran bu yatırımın qalan 1,5 milyard dollarlıq hissəsinin Rusiya tərəfindən qoyulmasını, əvəzində daşıma tariflərində güzəşt tətbiq edilməsini təklif edirdi.

Bu ilin yanvarında İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə İRNA agentliyinə bildirib ki, İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün 16 maddədən ibarət memorandumunu təqdim edib: “Rusiya hökuməti maliyyə yardımı göstərməklə Rəşt-Astara dəmir yolunun tamamlanmasında iştirak etməkdə maraqlıdır”.

Əfəndizadənin sözlərinə görə, İran və Rusiya arasında keçirilən 13-cü birgə iclasda 2023-cü ilə qədər 10 milyon ton malın transferi ilə bağlı anlaşma əldə olunub. Üç ölkə - İran, Rusiya və Azərbaycan 15 milyon ton yükün ötürülməsinə razılıq verib.

İran rəsmisi həmçinin bildirib ki, Rəşt-Astara dəmiryol xəttinin tikinti işlərini tamamilə yerli şirkətlər icra edəcək və proses 3 ilə yekunlaşacaq. Lakin Rusiya mətbuatı tikintinin Rusiya şirkətləri tərəfindən və Rusiya texnologiyalarının tətbiqi ilə həyata keçiriləcəyini bildirirlər.

Xatırladaq ki, Azərbaycan İran Astarasından bizim Astaraya qədər olan 3 km-lik hissənin tikintisini 2017-ci ildə başa çatdırıb, İran ərazisində zəruri infrastrukturu, o cümlədən yük terminallarını öz hesabına yaradıb. Əvəzində İran həmin terminalları 25 illiyə Bakıya icarəyə verib. Bu halda Rusiya və İran arasındakı indiki razılaşmada Astara-Astara xəttini 3 ölkənin birlikdə tikəcəyinə dair müddəa maraq doğurur. Belə çıxır ki, İran Azərbaycanın artıq tikib başa çatdırdığı hissəyə də Rusiyanı şərik edir.

Tehran Rusiyanın Qərbin sanksiyaları üzündən Hindistandan mal və məhsul tədarükünə kəskin ehtiyacından istifadə edərək, öz ərazisində infrastrukturun formalaşdırılmasına maliyyə təminatı əldə etməyə çalışır. İranlılar yalnız dəmiryol xəttinin tikintisində deyil, Xəzər dənizi ilə daşımalarda istifadə olunacaq gəmilərin tikintisində də Rusiyadan bəhrələnmək planları qurur. Artıq İranın yükdaşıma donanmasını yaratmaq üçün Rusiya gəmirqayırma sənayesindən güzəştlər əldə etməsinə dair danışıqlara başlanıb. Tehran Xəzərdə öz ticarət donanmasını yaratmaq üçün 300-dək quru yük gəmisinə ehtiyac olduğunu, onların mühüm bir qisminin Rusiyadan güzəştli şərtlərlə əldə ediləcəyini açıqlayıb...

Dünya SAKİT,
“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 118          Tarix: 18-05-2023, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma