Xəbər lenti

Tofiq Zülfüqarovdan səfir təyinatı ilə bağlı gözləntilər

Rusiya Prezidenti V.Putin bir neçə gün öncə Azərbaycana yeni səfir təyin etdi. Bu, Mixail Yevdakimovdur. Özü də köhnə səfir Mixail Boçarnikov öz missiyasını başa çatdıran kimi. O Boçarnikov ki, işğaldan sonra Şuşanı ziyarət etmiş, bu addımı ilə də Ermənistanda isterikaya səbəb olmuşdu.

ABŞ-ın ölkəmizdəki səfir postu isə düz bir ildir boşdur (sonuncu elçi Orl Litzbergerin səlahiyyəti keçən ilin iyulunda bitib). Ancaq deyəsən, tilsim qırılıb. Belə ki, bugünlərdə Senatın Xarici Əlaqələr Komitəsi ABŞ prezidenti Co Baydenin Azərbaycanda səfir vəzifəsinə namizəd irəli sürməsi ilə bağlı dinləmələr keçirib. Əgər təsdiqlənərsə, komitə karyeralı diplomat Mark Libbinin bütün Senat tərəfindən təqdir edilməsi üçün yolunu açacaq.

Xatırladaq ki, Mark Libbinin namizədliyi 2022-ci ilin may ayının 25-də irəli sürülüb. Dinləmələr zamanı o deyib ki, əgər təsdiqlənərsə, ABŞ-ın Azərbaycanla Ermənistan arasında ədalətli və davamlı sülh sazişini təşviq etmək səylərini dəstəkləyəcək. Vurğulayıb ki, ərazi bütövlüyü, suverenlik, region sakinlərinin, o cümlədən “Dağlıq Qarabağda yaşayanların hüquq və təhlükəsizliyi məsələlərinin həlli istənilən möhkəm və layiqli sülh üçün vacibdir”.

“Bu münaqişənin hərbi yolla həlli yoxdur və ABŞ zorakılığı və ya zorakılıqla bağlı təhdidləri pisləməyə davam etməlidir. Amma Birləşmiş Ştatların və bizim avropalı tərəfdaşlarımızın köməyi ilə tərəflər razılığa gəlməyə hər zamankındən daha çox yaxındır və əgər məni təsdiq etsələr, Bakıda fəal və israrlı iş sayəsində bu məsələdə onlara kömək etməyi öhdəmə götürürəm”, - Libbi davam edib.

Onun sözlərinə görə, sülh sazişinin imzalanması hələ ilk addımdır. “Məni təsdiqləsələr, mümkün nizamlanmanın həyata keçirilməsini dəstəkləmək üçün Bakıdakı səfirliyin idarələrarası qrupuna rəhbərlik edəcəyəm”,- o deyib.

Libbinin fikrincə, sülh sazişinin uğurla həyata keçirilməsi “ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə yol açacaq” ki, bu da bölgəni sabitləşdirəcək və “münaqişədən faydalanaraq öz zərərli təsirlərini genişləndirməyə çalışan” rəqiblərin meydana çıxmasının qarşısını alacaq.

Diplomat həmçinin qeyd edib ki, sülh sazişi Vaşinqton və Bakıya münasibətləri, xüsusən də terrorizmlə mübarizə, sərhəd, enerji və dəniz təhlükəsizliyi sahələrində əlaqələri yeni səviyyəyə qaldırmağa imkan verəcək ki, bu da ABŞ-ın milli təhlükəsizliyinə xidmət edir. Libbi habelə Bakının Ukraynaya humanitar yardımlarını yüksək qiymətləndirib.

Erməni lobbisi Libbinin təyinatını nə dərəcədə əngəlləyə bilər? Səfir təyinatı alarsa, Şuşaya gedəcəkmi?

Bu arada  Rusiyadakı “Novıye izvestiya” nəşri iddia edib ki, Vaşinqton Azərbaycanla münasibətdə dönüşə hazırlaşır. “Prezident Baydenin fikrincə, Rusiyanı Cənubi Qafqazdan qovmağın və Bakını regionda əsas müttəfiqə çevirməyin vaxtı çatıb. Bunun üçün də ABŞ Prezidenti Bakıya erməni lobbisi ilə heç bir əlaqəsi olmayan yeni səfiri - Libbini göndərmək qərarı verib”, - deyə nəşr iddia edib.

Belədirmi? Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a bildirdi ki, əvvəllər erməni lobbisinin Azərbaycana səfir təyinatlarına maneələr yaratması halları olub, erməni lobbisi özlərinə yaxın olmayan diplomatların Azərbaycana səfir təyin edilməsinə əngəl olmağa çalışıblar: “Libbinin də təyinın qarşısını almaq cəhdlərinin ediləcəyi istisna deyil. Lakin ABŞ qanunvericiliyi ölkənin prezidentinə Senatın dəstəyi olmadan da səfir təyin etmək səlahiyyəti verir. Yəni Libbinin səfir göndərilməsində ABŞ Prezidenti qərarlıdırsa, bu təyinat Senatdan, Konqresdən keçməsə belə, Co Bayden həmin şəxsi Azərbaycana səfir təyin edə bilər. Odur ki, erməni lobbisi cəhdlər etsə də nəticəsi olmayacaq. Mark Libbi təcrübəli diplomatdır. Azərbaycanın maraqlarına cavab verən bəyanatları onun səsləndirməsi bununla bağlıdır ki, həmin bəyanatlar ABŞ administrasiyasının, Dövlət Departamentinin mövqeyidir. Libbi bu mövqeyi bildiyi üçün məhz ona uyğun açıqlamalarla çıxış edir.

O ki qaldı Mark Libbinin səfir təyin olunacağı halda Şuşaya gedib-getməyəcəyinə, bu məsələ səfirin şəxsi münasibətindən asılı deyil. ABŞ administrasiyası, Dövlət Departamenti səfirin nə zaman Şuşaya səfər etməsini məqbul hesab edəcəksə, həmin vaxt da səfər reallaşacaq. Səfirin kim olmasından asılı olmayaraq belə olacaq".

Tofiq Zülfüqarov həmçinin qeyd etdi ki, ABŞ administrasiyası Azərbaycanın bu bölgədə vacib ölkə olduğunu bilir: “Onu da bilir ki, Ermənistan-Azərbaycan məsələsində vəziyyətin inkişafı indiki halda Azərbaycandan asılıdır. Laçında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsinin açılması və digər baş verənlər Azərbaycanın mövqeyinin güclü olduğunu bir daha nümayiş etdirib. Rusiya və Qərb həmişə olduğu kimi, öz aralarında gedən rəqabəti yenə də bu bölgədə gücləndiriblər. Rusiya mediasında yazılanlar da bunu göstərir. Rus mediası Ermənistan cəmiyyətinə mesaj verir ki, Rusiya Ermənistanı, ABŞ Azərbaycanı dəstəkləyir və Nikol Paşinyan Azərbaycanı dəstəkləyən Amerikanın yanındadır. Məqsəd Ermənistan cəmiyyətini Paşinyana qarşı qaldırmaq, onda anti-Amerika əhval-ruhiyyəsini körükləməkdir”.




Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 17-06-2023, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma