Xəbər lenti


“Mən İlham Əliyevə hətta Paşinyanın özündən də çox təzyiq göstərmişəm və göstərəcəyəm. Problem məndə yox, Paşinyandadır. Qarabağ məsələsində mənim dəqiq mövqeyim və mesajım var”.

 

Ovqat.com-un məlumatına görə, Fransa prezidenti Emmanuel Makron ölkəsindəki erməni lobbisinin nümayəndələrinin suallarını cavablandırarkən deyib.

 

Bildirilir ki, Marseldə üç günlük səfərdə olan Fransa prezidenti Emmanuel Makron şəxsən dəvət etdiyi müxtəlif nüfuzlu dairələrin (iqtisadi, siyasi, icma, mədəniyyət, ticarət, elm və təhsil və s.) nümayəndələri ilə görüşüb. Görüşdə erməni lobbisinin nümayəndələri, o cümlədən Fransa Milli Assambleyasının erməni əsilli deputatı Sabrina Aqresti-Rubaş da iştirak edib. Deputat Fransa prezidentinə müraciət edərək dedi: “Azərbaycanın Qarabağı blokadaya alması və hücumları kontekstində biz sizdən daha güclü təşəbbüs gözləyirik – təkcə mənəvi dəstək səviyyəsində deyil, həm də praktiki olaraq”.

 

Fransa prezidenti onun suallarını cavablandırarkən faktiki olaraq Paşinyandan daha ermənipərəst olduğunu bildirib. 

 

Daşnaksütyun” partiyasının Qərbi Avropa Mərkəzi Komitəsinin nümayəndəsi, Fransanın “Hay Dat” ofisinin rəhbəri Qrax Varjapetyan isə Makrondan Qarabağ ermənilərinə əməli dəstək verilməsini xahiş edib: “Cənab Prezident, biz Fransa vətəndaşları olaraq öz prezidentimiz, eləcə də Minsk Qrupunun həmsədr ölkəsinin lideri kimi Sizə müraciət edirik və sizdən Qarabağdakı soydaşlarımıza əməli dəstək vermənizi gözləyirik. Həmçinin aydın olmalıdır ki, çoxəsrlik “erməni Artsaxını” Azərbaycanın bir hissəsi kimi görməklə bağlı hər hansı söhbət və ya niyyət bizim üçün qəbuledilməzdir”.

 

Makronin ona cavabını isə Azərbaycanı faktiki olaraq hərbi təcavüzlə təhdid etmək kimi qiymətləndirmək olar:

 

“Mənim “Artsax”a və bütövlükdə Ermənistana qarşı qətiyyətimə şübhə etməyin. Beynəlxalq aləmdə belə bir gündəmi olan tək adam demək olar ki, mənəm və bu səylərimi davam edəcəyəm. Siz də bilirsiniz ki, Fransa ilk dəfə öz hərbi attaşesini Ermənistana səfir göndərib və bu nəsə deməkdir, elə deyilmi? Biz əlimizdən gələni, mümkün olan hər şeyi edirik”.

 

Maraqlıdır ki, Makronun özünün də etiraf etdiyi kimi Paşinyandan daha çox ermənipərəst açıqlaması Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirdikləri sülh danışıqları ilə eyni vaxta düşür. ABŞ rəsmilərinin Cənubi Qafqazı Rusiyanın təsir dairəsindən uzaqlaşdırmaq üçün region dövlətləri arasında ədalətli sülhə çalışdıqları bir zamanda Fransa prezidentinin Paşinyanı faktiki olaraq erməni xalqının milli maraqlarına zidd hərəkət etmək günahlandırması Vaşinqton görüşünün nəticələrini pozmağa yönəlmiş addımdır. Ən pisi isə odur ki, Vaşinqtonda gözlənilən sülh sazişinin bir sıra məsələlərində ümumi razılıq əldə olunduğu halda növbəti görüşün Brüsseldə keçirilməsi nəzərdə tutulur. Brüssel görüşlərində isə bir qayda olaraq Makron araya girir və tərəflər arasında uzun müddət mübahisələrə səbəb olan açıqlamalar verərək, əldə edilmiş razılaşmaları sıfırlamağa çalışır. Onun Marseldə dilə gətirdiyi fikirlər də Fransanın bu siyasətini davam etdirəcəyinə işarədir.

 

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 6 121          Tarix: 30-06-2023, 04:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma