Xəbər lenti

Ötən həftə Samvel Şahramanyan yaman çox danışdı. O qədər danışdı ki, bəzi məqamlarda qatdı-qarışdırdı, “alkaş”ların araq, pivə, çaxırı bir-birinə qarışdırdığı kimi…Qarabağdan köçən ermənilərə çağırış edərək, onları Ermənistanda yaşayıb-yaratmağa çağıran, “Ermənistanın bizim Vətənimiz olduğunu unutmayın”-deyən baş separatçı eyni müsahibədə növbəti addımlarından da bəhs edib və… “Biz Qarabağdan çıxan sakinlərin qayıdışı ilə bağlı məsələləri həll etməliyik”-deyib.

Baş naziri “nala-mıxa vuran siyasət” yürüdən ölkənin Şahramanyanı da “haça-paça vəziyyətində” qalıb: bilmir Ermənistanı seçsin, ya Azərbaycanı. Elə bu günlərdə Nikol Paşinyan hökuməti Qarabağ ermənilərinə hansı status verməklə bağlı müşkülə düşüb. Anlayırlar ki, könüllü şəkildə Həkəri körpüsünü adlayanlara “məcburi köçkün” statusunu versələr, o halda, “Azərbaycanın 86,6 min kv.km-lik ərazi bütövlüyünü tanıyırıq”-bəyanatı havaya uçmuş sayılacaq və “Dəmir Yumruq”un küləkləri əsəcək. “Qaçqın” statusunu isə necə versinlər, axı ermənilərin bircəciyi də qaçaraq getməyib, Azərbaycanın hansısa təzyiqinə məruz qalmayıb, əksinə, “getməyin, qalın, yaşayın” təkidlərini qulaqardına vurublar, qucaqlarında da Azərbaycan polisi və ordusundan qəbul etdikləri ərzaq payı, çeşidli sovqatlar…100 il əvvəlki deyil ki, dünyanı aldatsınlar, minlərlə faktlar, görüntülər, müsahibələr ortada…Hələ ki, Paşinyan hökuməti Qarabağdan gedənlərə pul paylayır, adambaşına 100 min erməni dramı, yəni 420 AZN. Havadarlarının və ağılsız başçılarının “sayəsində” dramatik həyat sürməyə vadar olan ermənilər Azərbaycan vətəndaşlığını qəbul edib, etdiklərinə görə üzrxahlıq bildirib, rahat ömür sürməyə razılaşmadılar, xaricdən pul selinin axacağı barədə nağıllara uyub Ermənistana axışdılar. Elə Şahramanyan da 100 min dram alanlar sırasındadır…

Amma görünür keçmiş baş separatçı baş verənlərdən dərs götürməyib. Əgər götürsəydi, növbəti dəfə “status”un s-sını belə dilə gətirməzdi. 9 sentyabrda Qarabağdakı xunta rejiminin sınıq-salxaq “taxt”ına çıxarılan Şahramanyan 19-20 sentyabr antiterror tədbirindən sonra “artsax”ın buraxılması barədə “fərman”a bənzər kağız parçası imzaladı. “Bildirçinin bəyliyi” cəmi 19 gün çəkdi. Azərbaycan dövləti Qarabağda belə bir qurumu tanımadığı üçün rejimin başçısının hara, nə yazması da onunçün əhəmiyyət kəsb etmirdi. Ancaq Şahramanyanın bu elanı separatçı-terrorçu rejimin kapitulyasiya etirafı idi, həm də xunta rejiminin ətrafında cəm olmuş canilərin silahı yerə qoyması, ağ bayraq qaldırması üçün önəmliydi. İstisna deyil ki, məhz bu xidmətinə görə Azərbaycan dövləti əvvəlcədən elan edildiyi kimi, silahını, həmçinin hikkəsini yerə qoyanlara toxunmadı, həmçinin Şahramanyana.

Amma Samvel Şahramanyan özünün də dediyi kimi, helikopterlə Ermənistana uçandan sonra yenə də dil uzatmağa başlayıb. Qarabağdan gedəndən bir neçə gün sonra “artsax respublikası ləğv edilməyib. Heç bir sənəd xalq referendumu ilə yaradılmış artsax respublikasını ləğv edə bilməz”, - deyərək sərsəmləyən separatçı qorxduğunu da etiraf etmişdi. Onun “hər yanlış hərəkət gözlənilməz nəticələrə səbəb ola bilər”, - sözləri də bu qorxunun əlamətiydi. Şahramanyan həm terror küləkləri əsən Ermənistandakı revanşçılardan ehtiyatlanır, günün birində onların atdığı qurşuna hədəf ola biləcəyini anlayır, həm də bəyanatlarının “barıt”ını çox edəcəyi halda, Azərbaycan tərəfin sərt tələbləri ilə üzə-qala biləcəyini anlayır. Əks təqdirdə, sentyabrın 28-də 1 yanvar 2024-cü ildən bütün qondarma “dqr” qurumlarının mövcudluğunun dayandırılmsı və buraxılmasına dair “fərman” adam niyə belə tezliklə

geri dönüş etsin?

Televiziyaya müsahibəsində bütün məsuliyyəti Qarabağdakı bir sıra separatçı liderlərin, həmçinin Ermənistan hakimiyyətinin üzərinə yıxmaqla vəziyyətdən çıxmağa çalışıb. “Hərbi əməliyyatların başlamasından bir neçə saat sonra anladım ki, biz təkik. Rusiya tərəfi müşahidəçi statusunda idi. Qüvvələr qeyri-bərabər idi, nə qədər davam etsə, itkilər və itkilər bir o qədər çox olardı. “Artsax”ın prezidenti kimi mənim məqsədim mümkün qədər tez hərbi əməliyyatları dayandırmaq və daha çox qurbanların qarşısını almaq idi”, - Şahramanyan bildirib. Bununla həm də Rusiyanı “vurub”. Özünü revanşçıların cəngindən qurtarmaq üçün hər yerə al atıb, suda boğulan saman çöpünə əl atan sayağı…

Nikol Paşinyanı da “sağ” buraxmayıb, “Ermənistan bizim hansı sənədi imzalayacağımızdan xəbərdar idi. Bakının səlahiyyətli şəxsləri ilə əlaqə yaratdım. Hərbi əməliyyatları dayandırmaq üçün danışıqlara başlamalı oldum”-deyib Şahramanyan. Daha sonra deyib: “Danışıqlardan sonra biz müvafiq sənədi qəbul etdik. Silahları təhvil vermək, silahlı qüvvələrin buraxılması, Yevlaxda görüş kimi məsələlər burada yer almışdı. Laçında buraxılış məntəqəsi yaradıldığı gündən etibarən biz oradan silahlarımızı və ağır texnikaları çıxara bilməzdik. Ona görə təhvil verdik. Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi. Lakin biz Azərbaycanın tələbi ilə bunu da qəbul etdik”, - Şahramyan bildirib.

Samvel Şahramanyan son açıqlamalarında həm də Nikol Paşinyanın yalançı, oyunbaz birisi olduğunu ortaya qoyub. Axı, Ermənistanın baş naziri hətta son əməliyyatlar zamanı Azərbaycanın tələblərinə cavab olaraq, “Ermənistanın Qarabağda hərbi qüvvələri yoxdur”-deyərək qırmızıcasına iddia edirdi. Baxmayaraq ki, 2020-ci ilin 10 noyabr kapitulyasiya aktına imza atmasını da bununla əsaslandırmışdı ki, “əgər atəşi dayandırmasaydıq, Qarabağdakı 25 min hərbçimiz mühasirəyə düşəcəkdi”. Bu adamın yaddaşı o qədər qısadır ki...Şahramanyan isə “Ermənistan Silahlı Qüvvələrinin ərazidən çıxarılması bizim üçün qəbuledilməz idi”-deməklə Nikolu növbəti dəfə ifşa etdi. Kəsəsi, özünü xilas etmək üçün Nikol Paşinyanı “keçi qiyməti”nə satdı, heç olmasa Ermənistan hökumətindən aldığı 100 min drama xətir qoymadı. Tipik erməni satqınlığı, “meymunun boğazına su çıxanda...” Baxdı ki, qardaşını, tərəfdarlarını İrəvanda şil-küt edirlər, başladı satmağa...Hələ nələr bilir, nələr...

Əslində, Azərbaycanda Şahramanyan üçün şans açılmışdı, əgər özünü normal aparsaydı, bəlkə bu gün Xankəndidəki hərbi parad hazırlığına ən azı eyvandan baxmaq şansı əldə edərdi. Özü də tək yox, elə Xankəndidəki digər erməni sakinlərlə birgə, sözsüz ki, Azərbaycan vətəndaşlığı almaq istəyənlərdən söhbət gedir. Düzdür, onun da Azərbaycana qarşı cinayətlərdə iştirakı məsələsi araşdırılacaqdı. Amma ən azı amnistiyaya düşmək şansı böyük idi. Məsələn, bu ilin 1 martında Xocalıda, Rusiya hərbi kontingentinin komandanlığının vasitəçiliyi ilə Azərbaycan icmasının nümayəndəsi və erməni sakinlərlə görüş keçirilmişdi. Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində Milli Məclisin deputatı Ramin Məmmədov müəyyən edilmişdi. Erməni sakinləri təmsil edən iki nəfərdən biri Samvel Şahramanyan idi. Həmin vaxt separatçı qurumun oyuncaq “təhlükəsizlik naziri” vəzifəsini icra etsə də, nisbətən normal mövqeyinə görə Azərbaycan onunla danışmağa etiraz etməmişdi, təbii ki, sakin olaraq...Hətta ən kritik günlərdə də təmaslar olub, özü də etiraf edib ki, Azərbaycanla 12 saat davam edən danışıqlar aparıb. Amma sonradan yenə “cızığından çıxdı”, qulağına nə pıçıldadılarsa... “Qarabağın əhalisi”ni, o cümlədən oyuncaq qurumdan kənarda yaşayanları müstəqil və fərdi qərar qəbul etmək məqsədi ilə Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olmağa çağıran, bununla bağlı “fərman”ının ikinci bəndində aydın şəkildə yazan, altından imza atan Samvel indi paşinyansayağı davranır...Guya ki, “fərman dərc edildikdən dərhal sonra qüvvəyə” minmişdi. Görünür Şahramanyan hansısa qüvvələrin onun öz belinə minəcəyindən ehtiyatlanır. Yoxsa Qarabağ ermənilərinin geri qayıtmasından danışarkən “bu, bizim gündəliyimizdəki məsələlərdən biridir və biz müzakirələrə başlamalıyıq, bu problemin həlli yollarını axtarmalıyıq”, - deməzdi.

Qayıdacaqdılarsa, niyə yığışıb gedirdilər? Suala cavab yoxdur. Amma o, “hansı statusla qayıtmaqdan söhbət gedir” sualına bu cür cavab verib: “Bu, müzakirə, danışıqlar məsələsidir. Əhalinin qayıtmasında müxtəlif siyasi mərkəzlər maraqlıdır - avropalı, amerikalı, rus. Mənə elə gəlir ki, Azərbaycan da bunda maraqlıdır. Çünki beynəlxalq ictimaiyyətdən onların əhalimizin məcburi köçkünlüyünə töhfə verməsi ilə bağlı ittihamlar var”. Yenə də qatıb-qarışdırıb. Özünün geri qayıdıb-qayıtmayacağı barədə suala cavabı ilə tanış olun: “Mənim Qarabağın statusunun necə olması barədə öz fikirlərim var ki, həm mən, həm də ailəm qayıda bilsin. Qayıtmağım barədə danışmaq hələ tezdir, çünki qarşıda bizi çox iş gözləyir. Əgər yaxın gələcəkdə belə bir format yarada və məsələni müzakirə mərhələsinə çıxara bilsək, təbii ki, bu barədə ictimaiyyətimizlə danışacağıq. Hazırda belə bir proses yoxdur. Bununla belə, mən bu prosesə yaxın gələcəkdə başlamaq üçün ilkin şərtlər görürəm”.

Yenə şərt?! Yenə sarsaqlamalar?! Qarşıda sizi hansı işlər gözləyə bilər? Yenə qazan qaynatmaq fikriniz var?! Azərbaycan Xankəndidə hərbi paradı hazırlaşır. Xanın kəndində “Dəmir Yumruq” abidəsi də qoyulacaq abidənin Bakıdan 385 km-lik məsafədə yerləşən Xankəndiyə aparılmasının görüntüləri də yayılıb. Xankəndi əmin əllərdədir, şəhərin azərbaycanlı sakinlərinin 32 illik didərginlik həyatından sonra evlərinə qayıdışına da tədarük görülür. Ermənilər üçünsə gerisayım başlayıb və düşünmək, qərar vermək üçün vaxt limiti bitmək üzrədir. Rus helikopteri ilə aradan çıxan Şahramanyansa bu durumda “qarşıda bizi çox iş gözləyir”-deyir…

Müsavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 478          Tarix: 30-10-2023, 13:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma