Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya işgüzar səfəri, iştirak etdiyi tədbirlər və keçirdiyi görüşlər yerli mətbuatın diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, Serbiya mediası Prezident İlham Əliyevin Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində söylədiyi fikirlərə geniş yer verib.
“Novosti”, “Index”, “NSPM”, “Informer”, “Opstina Sokolac” kimi saytların yaydığı materiallarda Prezident İlham Əliyevin mərasimi dostluq və strateji tərəfdaşlığın sübutu adlandırdığı, qaz interkonnektorunun Serbiya və Bolqarıstanın, eləcə də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini vurğuladığı qeyd olunur. Layihənin “köhnə qitə”nin enerji xəritəsini dəyişdiyi bildirilir.
Yazılarda istifadəyə verilən interkonnektor sayəsində Serbiyanın Azərbaycandan təbii qaz tədarükünə başlayacağı qeyd olunur. Boru kəmərinin istifadəyə verilməsinin Serbiya sənayesinin inkişafına töhfə verəcəyi vurğulanır.
Serbiyanın Azərbaycanın qaz ixrac etdiyi 9-cu ölkə olduğu, ölkəmizin 2027-ci ilədək Avropaya qaz ixracının həcmini iki dəfə artıracağı bildirilir. Diqqətə çatdırılır ki, Serbiya bununla da enerji mənbələrini şaxələndirir və daha da möhkəmləndirir. Boru kəməri Serbiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Şərqi və Mərkəzi Avropa ölkələrinə əlavə təchizat imkanı verəcək. Bu interkonnektorun istifadəyə verilməsi həm Serbiya, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb edir.
“Beta”, “Politika”, “SRNA”, “Alo” və “Gradske info” xəbər portalları isə Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiçin təkbətək görüşdə ölkələr arasında ikitərəfli və iqtisadi əlaqələrin qarşılıqlı maraq doğuran bütün vacib mövzular ətrafında müzakirələr apardığını yazıb. İki ölkə lideri, həmçinin regional və geosiyasi məsələləri də müzakirə edib. Serbiya Prezidenti ölkəsinin Azərbaycanla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əla münasibətlər qurmağı bacarmasından qürur duyduğunu deyib.
İki ölkə əlaqələrinin sürətlə və dinamik şəkildə inkişaf etdiyi, Azərbaycan və Serbiyanın strateji tərəfdaş olduğu bildirilir. Qeyd olunur ki, iki ölkə strateji tərəfdaşlıq çərçivəsində enerji sektoru ilə yanaşı, hərbi sənaye, yüksək texnologiyalar və üçüncü bazarlar üçün birgə istehsal kimi əməkdaşlığın təkmilləşdirildiyi çoxsaylı digər sahələrdə birgə işlər görür.
“Srbija Danas”, “RTV BN”, “Tanjug” Azərbaycan və Serbiya prezidentlərinin səfər çərçivəsində hərbi texnika və avadanlıqlara baxdığını yazıb.
Bildirilir ki, hərbi aerodromda Serbiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin silah və imkanlarının təqdimatı olub. Həmçinin pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, hava və quru döyüş platformalarının təqdimatı keçirilib, Paraşüt briqadası və digər xüsusi təyinatlı birləşmələr öz imkanlarını təqdim edib.
Paylaş: