Xəbər lenti
Dünən, 19:25

Artıq yəqinliklə yazmaq olar ki, ilin sonunadək Bakı və İrəvan arasında sülh müqaviləsinin imzalanması mümkün olmayacaq. Hər halda bundan ötrü gərəkən diplomatik fəallıq gözə dəymir. Liderlərin, XİN rəhbərlərinin tezliklə görüşəcəkləri ilə bağlı razılaşmalar da yoxdur. Belə görünür, ümidlər növbəti ilə keçir. Qısası, 13 gündə möcüzə gözləməyə dəyməz.

Ermənistan hökuməti isə hələ də hərblə sülh arasında ilişib qalıb. Hərçənd sülhdən hamıdan çox rəsmi İrəvan danışır. 44 günlük müharibədən rüsvayçı məğlubiyyətlə çıxan Nikol Paşinyanın partiyası cəmi 6 ay sonra - 2021-ci ilin iyununda erkən parlament seçkilərində də məhz ona görə qalib olmuşdu ki, elektorat müharibəni rədd edib sülhü, barışığı tərcih eləmişdi. Yəni xalqdan sülh mandatı almaq məsələsi...

Gəl ki, baş nazir üç ildir bu legitim etimadı doğruldub “maddiləşdirə” bilmir. Ya qorxur, ya da sadəcə, içindəki revanşist hisslərdən heç cür qurtula bilmir, o da sələfləri kimi xarici havadarların havasına gedir, “bəlkə də qaytardılar” ümidi ilə yaşayır. “Nala-mıxa” vuran Nikol Vovayeviçlə yazılı sülh anlaşması mümkün olacaqmı? Bacaracaqmı? Zaman bitmək üzrə deyilmi?

Problem ondadır ki, Ermənistanda hakimiyyət zorakı və ya dinc yolla dəyişsə, o zaman indiki hökuməti əvəzləyənlər öz öhdəliklərini yerinə yetirməyə bilərlər. Bunu heç gizlətmirlər də. Aydındır ki, belə bir gəlişmə Azərbaycanla Ermənistan arasında yeni münaqişəyə gətirəcək və regionda gərginliyi daha da körükləyəcək. Məhz ona görə rəsmi Bakı haqlı olaraq sazişdəki bəndlərin icrasına təminat verilməsinin vacibliyini tələb edir...

Ermənistan konstitusiyasında Azərbaycana torpaq iddiasının qaldığı da nəzərə alınarsa, sülh müqaviləsinə zəmanət məsələsi bütün ciddiliyi ilə ortaya çıxır. Ki, Paşinyanın başına bir iş gələndən sonra da imzalanmış sənəd qüvvədə qalsın, danışıqların dinamikası neqativə dəyişməsin, yeni müharibə təhlükəsi yaranmasın. Hansı müharibə ki, radikalların, o cümlədən Rusiyaya bağlı “5-ci kolon”çuların hay-küyünə rəğmən, ən əvvəl erməni xalqına gərək deyil.

Son vaxtlar isə Ermənistandakı müxalif-revanşist kəsimin təzədən ayaqlanmaq istəyi aydın müşahidə edilir. Həm bu düşərgədən, həm də Rusiyadan və hətta erməni katolik kilsəsindən (N.Paşiniyanın erməni katolikosluğu ilə arası çoxdan dəyib) baş nazirə hədələr xeyli dərəcədə artıb.

Unutmayaq ki, Ermənistan fiziki terrorun siyasi mübarizədə vaxtaşırı istifadə olunduğu ən “əlverişli” məkanlardan sayılır. 1999-cu ilin 27 oktyabrında parlamentin gülləbaran edilməsini yada salmaq yetər. O zaman “ip ucu” məhz Moskvaya aparmışdı...

Diqqətçəkicidir ki, son aylar Paşinyanın mühafizəsi xeyli gücləndirilib. Bunu ötən gün onun kortejinin Gümrü şəhərinə səfərindən yayılan görüntüləri də təsdiqləyir. Bu da öz növbəsində Paşinyana qarşı sui-qəsd cəhdlərinin hakim çevrələr tərəfindən artıq ciddi qəbul olunduğuna işarədir.

Hakimiyyətin təlaşı üçün digər əsas “məxməri” inqilabdan sonra radikal-revanşist müxalifətin cəmiyyət içində nüfuzdan düşməsi, iqtidarı kütləvi etirazlarla devirməyin mümkünsüzlüyünə əmin olmasıdır. ABŞ sorğu şirkəti “Gellup”ın ard-arda keçirdiyi ictimai rəy sorğuları da göstərir ki, ölkədə Nikol Paşinyan və partiyasının nüfuzu nə qədər azalsa belə, müxalifətdən 2-3 dəfə böyük olaraq qalır.

Deməli, seçki qəzəbli revanşistlərə hakimiyyət bəxş etməyəcək. Bu istisnadır. Ermənilərin əksəri müharibə istəmir, toplum olaraq aldığı “yaralar”ın sağalmasını arzulayır. Bu da Bakı və Ankara ilə barışıqdan keçir. Qalır su-qəsd, terror yolu...

Bütün bu variantlara qarşı yəqin ki, Bakının ehtiyat variantı, hansısa “B planı” var. Ümid edək ki, onun reallaşmasına lüzum qalmayacaq. Paşinyan hökuməti enində-sonunda sülh müqaviləsini imzalayacaq, üstündə duracaq və onu Ermənistan parlamenti və Konstitusiya Məhkəməsində təsdiqlədib də tarixi missiyasını başa vura biləcək...

Siyasət şöbəsi,

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 5 121          Tarix: 18-12-2023, 23:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma