Xəbər lenti

Çingiz Qənizadə: “Bu hədələmə biabırçılıqdır və ciddi beynəlxalq skandala səbəb olmalıdır”

ABŞ-ın bir qrup respublikaçı senatoru Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) baş prokuroru Kərim Xanı İsrailin baş naziri Benyamin Netanyahu və digər İsrail rəsmiləri haqda beynəlxalq həbs orderi verməməsi ilə bağlı xəbərdarlıq edib və “sərt sanksiyalar”la hədələyiblər. Məlumata görə, aralarında Tom Kotton, Marko Rubio və Ted Kruzun da olduğu 12 respublikaçı senator BCM baş prokuroru Xana təhdid məktubu göndəriblər.

Məktubda qeyd edilir ki, Netanyahu və digər İsrail rəsmiləri üçün həbs qərarı verilərsə, bu, yalnız İsrailin suverenliyinə deyil, həm də ABŞ-ın suverenliyinə təhdid kimi qiymətləndiriləcək və sərt sanksiyalarla nəticələnəcək. “İsraili hədəf alsanız, biz də sizi hədəfə alacağıq” yazan senatorlar BCM-in baş prokurorunu hədələyərək, “Xanın işçilərinə və köməkçilərinə sanksiya tətbiq edəcəkləri və baş prokurorun və ailəsinin ABŞ-a daxil olmasına mane olacaqları” barədə xəbərdarlıq ediblər. Qeyd edək ki, Netanyahu Qəzza olaylarına görə BCM-ə verilib. Türkiyə də bu prosesi dəstəkləyir. Lakin nə Türkiyə, nə də ABŞ və İsrail BCM-in üzvü deyil (Roma Əsasnaməsini Ermənistan da daxil, cəmi 123 ölkə ratifikasiya edib). 

Qeyd edək ki, son iki həftədə İsrail rəsmiləri BCM-in baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Gallant və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderləri verməyə hazırlaşmasından getdikcə daha çox narahat olublar. Eyni narahatlıq Vaşinqtonda da hiss olunmaqdadır. Son bir neçə həftə ərzində İsrail ABŞ-a Fələstin Administrasiyasının rəsmilərinin İsrail liderlərinin həbsinə order verməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna təzyiq etdiyini göstərən məlumatlara malik olduğunu bildirib. Respublikaçı deputatlar İsrail liderlərinin həbsinə order verəcəyi təqdirdə BCM-ə qarşı qanun qəbul edəcəkləri ilə hədələyiblər. İsrail rəsmiləri bildiriblər ki, mümkün həbs orderləri ilə bağlı “son dərəcə əsəbi” olan Netanyahu son günlər bir neçə Respublikaçı və Demokrat senatorla danışıb və onlardan BCM prokuroruna orderləri verməməsi üçün təzyiq etməyi xahiş edib.

Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) Ərəb Dövlətləri üzrə regional bürosunun rəhbəri Abdulla əd-Dərdari bildirib ki, Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi ilə bağlı dağıntılar İkinci Dünya müharibəsi ilə zərərin intensivliyi miqyasında müqayisə oluna bilər.

Bütün hallarda bu o anlama gəlirmi ki, ABŞ BCM-in Putin haqda vaxtilə çıxardığı həbs qərarını da ədalətsiz sayır? İstənilən halda Netanyahu üçün belə bir qərar nə demək olardı?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi: “Müstəqil bir qurumun rəhbərliyinə kimliyindən asılı olmayaraq, istər ABŞ senatorları olsun, istər Fransa senatorları olsun, istərsə də digər ölkələrin komandası olsun, təhdid dolu məktubların göndərilməsi qəbuledilməzdir. Bu, ABŞ-nin müəyyən senatorlarının iç üzünün bir daha açmış oldu. Qeyd edim ki, beynəlxalq cinayət məhkəməsinin baş prokuroru ilə bağlı onun gələcəkdə nə qərar verib-verməməsi tamam başqa məsələdir. Bir anlıq belə fikirləşək ki, İsrailin baş naziri haqqında çox ciddi qərarlar qəbul olunub. Əgər ədalətli bir qərar olsa belə, bu hansısa 10-12 senatorun marağına uyğun deyilsə, bu qurumun rəhbərini təhdid edirlər. Bu biabırçılıqdır. Dünyada artıq beynəlxalq hüququn işləməsinə maneçilik törədən amillərdən biridir və heç cür qəbul oluna bilməz. Təəssüflər olsun ki, son vaxtlar ABŞ bu və ya digər ölkələrin rəsmilərinə, ayrı-ayrı şəxslərinə qarşı sanksiyalar tətbiq etməklə dövlətlərin də daxili işlərinə qarışır, onların da suveren hüquqlarına müdaxilə edir. Azərbaycanla bağlı qəbul edilən siyahı bir daha göstərdi ki, tutduğu vəzifədən istifadə edərkən iyrənc metodlara əl atan və lobbilərin təsiri altında fəaliyyət göstərən müəyyən qurumların üzvləri, senatorlar var. Azərbaycanın haqq işini reallaşdıran, Azərbaycanın suverenliyini reallaşdıran bir qrup şəxslərə, fəaliyyəti ilə bağlı məhkəmə hakimlərinə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı ABŞ-yə təqdim edilən siyahı onların üzünü bir daha açmış oldu. Güclərindən istifadə edərək digər dövlətlərin bu və digər formada daxili işlərinə qarışmasının bariz nümunəsi kimi özlərini göstərmiş oldular. Respublikaçıların Baş prokuror Kərim Xanı, işçi qrupunu hədələməsi çox ciddi beynəlxalq skandala səbəb olmalıdır. BMT bu məsələni müzakirəyə çıxarmalıdır. ABŞ hüquqi dövlətdirsə, senatorların bu hərəkətinin yolverilməzliyi ilə bağlı onlara qarşı müəyyən tədbirlər görməyə çalışmalıdırlar. Düzdür, Azərbaycan da beynəlxalq cinayət məhkəməsinin üzvü deyil və Roma Statutunu təsdiq etməmişik. Bu quruma üzv olan dövlətlərlə əməkdaşlıq edən bir təşkilatın rəhbərliyinə qarşı təhdid dolu məktublar anlaşılan deyil. Əslində inanmıram ki, onlar belə bir sanksiyanı gündəmə gətirsinlər. Bunlar hədələyici faktorlardır. Amma nəzərə alsaq ki, ABŞ də, İsrail də beynəlxalq cinayət məhkəməsinin üzvü deyil, onda ümumiyyətlə onların bu qurumun işinə müdaxilə etmələri də yolverilməzdir. ABŞ senatorları İsrailin baş naziri ilə bağlı müzakirə edilən məsələnin qarşısını almaq üçün bu cür addımlar atır. Burada da senatorların ikili yox, ikiüzlü yanaşmasını görürük ki, özlərinə düşmən etdiyi ölkənin prezidenti- Putin haqqında belə bir qərar çıxarılarkən ayaqüstü qarşılayırlar. Amma özlərinin maraqlarına uyğun olan lobbilərin təsiri altında digər bir ölkənin rəhbərinə qarşı çıxarıla biləcək bir qərarın qarşısını elə beşikdə ikən boğmağa çalışırlar. Bu təkcə ABŞ konqresmenlərinin, senatorlarının hərəkəti deyil, bir beynəlxalq biabırçılıq kimi mən bunu dəyərləndərirdim”.




Ana səhifəyə qayıt        Baxış: 3 947          Tarix: 11-05-2024, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma