Tavuşdan başlayan hərəkat əvvəldən yalan üzərində qurulmuş saxta gündəm seçmişdi, bu, özünü ən yüksək həddə İrəvanda göstərdi.
Bunu erməni politoloq Harutyun Mkrtçyan deyib.
Ekspert xatırladıb ki, hərəkat İrəvana çatada ona rəhbərlik edən keşiş Baqrat Qalstanyan Baş nazir Nikol Paşinyanın 7-10 gün ərzində istefa verəcəyini söyləmişdi, artıq 9 gün ötür, hələ də hakimiyyət dəyişikliyi baş verməyib: "2.5 milyonluq dövlətin legitim rəhbərliyinə istefa vermək üçün 1 saat vaxt və ultimatum verəndə hərəkat vaxtından əvvəl kartlarını açdı, ictimaiyyət də buna öz qiymətini verdi".
Mkrtçyan qeyd edib ki, revanşistlər nəinki hakimiyyəti devirə, heç balaca bir meydana doldura biləcək qədər insan toplaya bilməyib.
Politoloq vurğulayıb ki, Qalstanyanı önə çəkənlərin (Robert Köçəryan və Serj Sərkisyan) özlərini ictimaiyyətə təqdim edəcək simaları olsaydı, bunu çoxdan etmişdilər.
Revanşistlərin Paşinyanı impiçment etmək istəklərinə gəlincə, Mkrtçyan söyləyib:
"İndi impiçment yolunu seçiblər, bunun (səsvermə) üçün indiki mərhələdə 1 deputatın imzası çatışmır. Bəllidir ki, Paşinyanın keçirdiyi seçkilərə getmək istəmirlər, çünki seçkiləri saxtalaşdırmaq, Ermənistanda öz marionet hakimiyyətlərini qurmaq istəyirlər, vətəndaşlar buna imkan verməyəcəklər".
Ekspertin fikrincə, uğursuzluğa baxmayaraq, hərəkatın təkid etməsi Rusiyanın birbaşa dəstəyi ilə bağlıdır.
Mkrtçyanın sözlərinə görə, impiçment məsələsi parlamentdə səsverməyə çıxarılsa belə, Paşinyanın çoxluqda olan partiyası buna imkan verməyəcək./teleqraf.com
Paylaş: