Xəbər lenti

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada səfərdə olarkən bu ölkənin Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinlə görüşüb.

Karasin Seyidovla müzakirələrdə bir çox iddialar səsləndirib ki, bu, artıq iki gündür media və sosial şəbəkələrin gündəmindədir.

Maraqlıdır ki, Karasin-Seyidov görüşü və müzakirələr haqda məlumatı Rusiya rəsmi agentlikləri yayıb, bu baxımdan söhbətdə ritorika və tərzin dəqiqliyi haqda qəti söz demək mümkün deyil. Ona görə də Rusiya rəsmi agentliyinə istinaddan başqa seçim yoxdur.

Bu məqamı ona görə vurğulayırıq ki, Karasinin görüşdə hansı məsələləri qaldırmasından daha çox, seçdiyi ifadə və üslub təəccüblüdür.

1. Xankəndidə Rusiyanın konsulluq açmaq istəyi ilə bağlı. Karasin deyir ki: “İkitərəfli məsələlərdən Xankəndidə baş konsulluğun açılmasını qeyd edərdim. Biz yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq və sizin dəstəyinizə ümid edirik”. Sonra əlavə edir: “Baş konsulluğun 2024-cü ildə açılması ideal olardı. Bu, bizə konsulluqdakı qarşılıqlı bərabərsizliyi aradan qaldırmağa imkan verəcək”.

Əvvəla, Karasin deputatdır, hansı ölkədə səfirlik, hansı ölkədə konsulluq açılması qərarını verən şəxs deyil.

İkincisi, səlahiyyətinə aid olmayan məsələ barədə danışarkən Karasin diplomatik üslubu belə qorumağı lazım bilmir. “Biz yaxın vaxtlarda hazırlıq işlərinə başlamağı planlaşdırırıq” nə deməkdir və “sizin dəstəyinizə ümid edirik” hansı məntiqdir?

Konsulluq açmaq bir ölkənin arzusu ola bilər, ancaq “biz başlayırıq və sizdən dəstək gözləyirik” ifadəsi qətiyyən qəbuledilməzdir. Rusiya Xankəndi və yaxud haradasa konsulluq açmaq istəyirsə, Azərbaycanın müvafiq qurumları ilə danışıqlar aparmalı, arzu və istəyini bildirməli, cavab gözləməlidir. Karasin ən yaxşı halda “Bizim hökumət Xankəndidə konsulluq açmağı arzulayır və bu xahişlə Azərbaycan hakimiyyətinə müraciət edib, sizin də dəstəyinizi rica edirəm” kimi bir diplomatik norma sərgiləyə bilərdi – etmədi.

Üçüncüsü, Azərbaycanın Rusiyada konsulluqları olduğunu xatırladıb, “disbalansı” aradan qaldırmaq barədə siyasi ritorika da reallıqla səsləşmir. Rusiyada rəsmi olaraq 2,5 milyon, qeyri-rəsmi olaraq 3 milyondan çox azərbaycanlı yaşayır və 17,3 milyon kv.km-lik Rusiya kimi nəhəng ölkənin ayrı-ayrı şəhərlərində konsulluğa ona görə ehtiyac yaranıb. Azərbaycanda isə 100 min rus var, ərazimiz də 86,6 min kv.km-dır. Yəni “disbalansı” aradan qaldırmaq üçün Rusiyanın Azərbaycanda bir konsulluğu əvəzinə biz Rusiyada vətəndaş sayına görə 30, əraziyə görə 200 konsulluq açmalıyıq.

O ayrı məsələ ki, Xankəndidə hələ nəinki rus, hətta azərbaycanlı da yoxdur – məskunlaşma başlamayıb. Ötən gün bəlli oldu ki, məskunlaşma 2024-cü ilin sentyabrından başlayacaq, azərbaycanlı tələbələr köçürüləcək, Qarabağ Universitetində təhsil üçün. Rusiya hansı canfəşanlıqla və istəklə məskunlaşma olmayan şəhərdə tez-tələsik konsulluq açmaq istəyir və bu istəyinə bu cür qeyri-diplomatik dillə ifadə edir?

İllah ki, konsulluq açılmalıdır – Mingəçevir var, Gəncə var, hələ Naxçıvan da var. Bu şəhərlərdə ruslar da yaşayır, Rusiya vətəndaşları oralara səfər də edirlər, rus konsul onlara yaxşıca xidmət edə bilər.

2. Donbasa yardımla bağlı. Karasin deyir ki: “İndi Ukrayna mövzusuna toxunaraq, Azərbaycanın Kiyevə humanitar yardım göstərməsinə diqqət çəkmək istərdim. Və hansısa mümkün paritet və balans yaratmaq üçün Azərbaycanın humanitar yardımının Donbasa göndərilməsi məsələsinin müsbət həlli vacib olardı. Bu, ictimaiyyətimizin, ictimai rəyimizin anlayışı üçün çox mühüm göstərici olardı”.

Əvvəla, Rusiya heç vaxt Donbasa yardım xahişi ilə müraciət etməyib – Azərbaycan Kiyevə humanitar yardım göstərib, Donbasa göstərməməklə şantaj etmək qətiyyən müttəfiqliyə (2022-ci il 22 fevralda müttəfiqlik bəyannaməsi imzalanıb axı) sığmır.

İkincisi, Donbas – Ukrayna torpağıdır, Azərbaycan Donbası rəsmən Ukraynanın ərazisi kimi tanıyır və Ukraynaya da humanitar yardım göstərir. Rusiyanın yardıma bu qədər ehtiyacı varsa, Azərbaycan müharibə qurbanları və yaxud Donbasdan köçərək, Rusiyada məskunlaşan köçkün ruslara yardım edə bilər – baxmayaraq ki, şəxsən mən Qarabağdan illərdir köçkün düşən keçmiş köçkünlərə Rusiyanın yardımını xatırlamıram.

İndisə gələk Karasinin mahiyyətinə:

Azərbaycan Rusiya ilə müttəfiqliyə yaxın saziş imzalayıb, Ermənistan isə Rusiyanın strateji müttəfiqidir, Avrasiya İqtisadi İttifaqının üzvü kimi Rusiyadan milyardlarla pul qazanır, bu ölkədə Rusiyanın ordusu, sərhədçiləri var: bütün enerji strukturları Rusiyanın əlindədir, Ermənistan iqtisadiyyatının 70%-i Rusiyaya birbaşa bağlıdır və s.

Ermənistan parlamentinin sədri Alen Simonyan KTMT və Aİİ müttəfiqi Rusiyanı rəsmən işğalçı adlandırdı – bax bu Karasin “bunu aydınlaşdırmaq üçün” Ermənistan parlamentinə məktub göndərdiyini dedi. Alen Simonyan isə göndərilən məktuba lazım olan cavabın veriləcəyini elan etdi.

Bax, bu Karasinin cürəti çatıb, Simonyanın bu sözlərinə qarşı cınqırını da çıxartmadı. Aradan həftələr keçib, bu Karasin Ermənistan parlamentinin nə cavab verdiyini də ictimaiyyətə açıqlamayıb.

Sanki Simonyan Rusiyanı işğalçı adlandırmamışdı; sanki Paşinyan Ukraynanın ərazi bütövlüyünü tanıdğıını deməmişdi – səs yoxdur!

Gerisi də var: Ermənistan 8 fevral 2024-cü ildə Ukraynaya humanitar yardım göndərib – dərmanlar, tibbi ləvazimatlar və s.

Bax bu Karasin Rusiyanın strateji müttəfiqi olan Ermənistandan Donbasa da yardım göstərilməsinin “Rusiya ictimaiyyəti üçün vacib olduğu” barədə bircə kəlmə də deməyib.

Niyə, Karasin, Ermənistandan “disbalansı” qorumaq üçün niyə tələb irəli sürmürsən?

Ümumiyyətlə, Rusiya ilə yüksək əlaqələrə malik olan bir çox ölkə Ukraynaya humanitar yardım edib – ancaq Rusiya onlardan heç birinə “pariteti” qorumaq xahişi, ricası və yaxud tələbi ilə müraciət etməyib. Çünki Rusiya özünü fövqəlgüc sayır, fövqəlgücə isə humanitar yardım etmək ayıbdır, utancdır, xəcalətdir!

Məsələn, kimin ağlına gələr ki, ABŞ-a humanitar yardım etsin?

Bax bu Karasin bunu da düşünməyəcək səviyyədədirsə, öz işidir. Ancaq Azərbaycanla bu cür danışmaq və “ictimai rəyə sığınıb” tələblər səsləndirmək olmaz!

Simonyanın qabağında quzuya dönən Karasinin Seyidovla bu cür danışması Rusiyada diplomatiya çatışmazlığı və dövlətlərarası münasibətlərdə ayı yanaşmasının təzahürüdür.

Karasin zehniyyəti ilə dövlət idarə edilməz!

Azərbaycan elə ölkə deyil ki, Karasinin ifadələri ilə bağlı rəsmi bəyanat yaysın – çünki diplomatik mədəniyyəti var.

Lakin Azərbaycan harda, nə zaman və necə cavab verəcəyini yaxşı bilir...

Axar.az




Ana səhifəyə qayıt        Baxış: 3 742          Tarix: 29-05-2024, 13:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma