“Nəzərə almaq lazımdır ki, Şimali Koreya təcrid olunmuş bir dövlətdir. Odur ki, Azərbaycan dövləti hansısa digər dövlətin yox, bir müstəqil dövlət kimi yalnız öz maraqları çərçivəsində xarici siyasət aparmalı və başqa ölkələrlə də münasibətlərini buna uyğun qurmalıdır...”
“O göz qabağındadır ki, Azərbaycan iqtidarı əvvəlki hakimiyyətlərdən fərqli olaraq Rusiya ilə münasibətdə həm dövlətimizin maraqları, həm də hakimiyyətin qorunması baxımından çox yumşaq, praqmatik bir siyasət aparır. Bununla paralel olaraq Azərbaycan dövləti Ukraynaya açıq humanitar yardımlar göstərir...”
Məlumdur ki, rəsmi adı “xalq demokratik respublikası” olsa da, gerçəklikdə Şimali Koreya qeyri-məhdud hakimiyyətli birpartiyalı idarəetmə üsuluna malik, yəni bir partiya, əslində isə bir nəfər tərəfindən idarə olunan diktatura, avtoritar bir rejimdir. Bu gün Ukraynada açıq, ədalətsiz, amansız, faktiki soyqırımı ilə müşayiət olunan savaş aparan Rusiyanın lideri Vladimir Putinin Şimali Koreyaya, ardınca da Vyetnama səfəri göstərdi ki, Kreml özünə bənzər totalitar, avroritar quruluşlu dövlətlərlə hərbi-siyasi blok yaratmağa çalışır. Azərbaycan olaraq biz Ukraynaya təcavüzünün başlanmasından cəmi iki gün öncə müttəfiqlik sazişi imzaladığımız Rusiya ilə münasibətdə, demək olar ki, müttəfiqlik öhdəliklərini sadiq şəkildə yerinə yetiririk. Son illər Azərbaycan öz xarici siyasətini Kremlin bu və ya digər ölkələrə münasibətinə uyğun formalaşdırır. Rusiya Fransa ilə az qala açıq düşmənçilik səviyyəsində açıq rəqabət aparır, biz də eyni işi görürük, demək olar ki, mediamız hər gün Fransanın neokolonial, neo-müstəmləkəçi siyasətini ifşa edir, bu mövzuda dövlət və qeyri-hökumət qurumları müxtəlif yerli və beynəlxalq miqyaslı tədbirlər keçirir. Rusiya ABŞ-la, Avropa Birliyi ilə də düşmənçilik münasibətindədir, biz də son bir neçə ildə həmin ölkələrlə münasibətdə çox soyuq davranır, tədricən rəsmi şəkildə Qərb dəyərlərindən uzaqlaşmağa çalışırıq...
Maraqlıdır, belə bir durumda, tutaq ki, sabah Vladimir Putin bizimlə müttəfiq dövlətin başçısı kimi təklif etdi ki, siz də Rusiyaya dəstək olaraq Şimali Koreya ilə, onun Kim Çen In adlı bütün sivil dünyanın diktator kimi tanıdığı rəhbəri ilə yaxın əlaqələrə girin, əməkdaşlıq edin, onda biz, yəni Azərbaycan dövləti necə davranacaq, biz də “dostumun dostu mənim də dostumdur” prinsipi ilə bu diktatura dövləti ilə əməkdaşlıq edəcəyik?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı bunları söyləyib:
“Birincisi, onu demək istəyirəm ki, Putinin Şimali Koreyaya səfərinin əsas səbəblərindən biri məcburiyyətdir. Bu, məcburiyyət Ukrayna savaşının bataqlığında batması, tək qalmasından irəli gəlir. Tarix boyu istər çar dövründə, istər sovet, istərsə də son 33 ildəki Rusiya dövlətləri koreyalılara bu və ya digər formada dəstək olublar. Koreya şimali və cənubi olaraq iki yerə bölündükdən sonra isə Sovet imperiyası və hazırkı Rusiya daha çox Şimali Koreya ilə münasibətləri sıx tutmağa çalışıb və həmin dövlətə mümkün dəstəyi veriblər. İndi isə bir növ onun bəhrəsini yemək istəyirlər. Ukrayna savaşı zamanı Rusiyaya Şimali Koreyadan milyonlarla mərmi, patron və s. silah-sursat göndərilib. Şimali Koreya da təcrid olunmuş bir dövlətdir və Rusiyadan, Çindən savayı gedəcəyi, üz tutacağı bir yer də yoxdur. Bu ölkəyə səfərindən Putin bir yandan da 5-ci dəfə prezident olandan sonra öz “legitimliyi”ni təsdiqləmək üçün yararlanır. Deyərdim ki, Vyetnama səfər də eyni məqsədlərlə edilir. Amma Vyetnam praqmatik siyasət aparmağa çalışan bir dövlətdir. Təbii ki, hər iki səfər Çinlə razılaşdırılıb. Lakin Putinin Şimali Koreya, Vyetnam kimi dövlətlərlə Qərbə, NATO-ya qarşı koalisiya qurmaq cəhdi qeyri-real görsənir. Düzdü, Şimali Koreyanın artıq Rusiya üçün Uktaynada döyüşməkdən ötrü canlı qüvvə, əsgər də yollaması haqda informasiyalar peyda olmaqdadır...
Rusiya ilə müttəfiq olması səbəbindən Azərbaycanın da Şimali Koreya ilə əməkdaşlıq edə bilməsinə gəlincə, ilk növbədə onu demək lazımdır ki, Rusiya ilə sözügedən saziş qarşılıqlı olaraq parlamentlərdə ratifikasiya edilməyib. Həmin müqavilənin imzalanmasını sadəcə Azərbaycanın praqmatik siyasətinin nümunəsi kimi dəyərləndirmək olar. Həm də heç kəs deyə bilməz ki, Azərbaycan dövləti 2022-ci il fevralın 22-də iki gün sonra Rusiyanın Ukraynaya hücuma keçəcəyi haqda məlumatlı olub və məhz buna görə həmin dövlət rəhbərliyi ilə müttəfiqlik sazişi bağlayıb. O göz qabağındadır ki, Azərbaycan iqtidarı əvvəlki hakimiyyətlərdən fərqli olaraq Rusiya ilə münasibətdə həm dövlətimizin maraqları, həm də hakimiyyətin qorunması baxımından çox yumşaq, praqmatik bir siyasət aparır. Bununla paralel olaraq Azərbaycan dövləti Ukraynaya açıq humanitar yardımlar göstərir, ukraynalılar sərbəst şəkildə Azərbaycana gəlir və ukraynalı uşaqları Lənkəran və digər bölgələrdəki düşərgələrdə istirahət edir. Həmçinin azərbaycanlılar Ukraynanın azadlığı uğrtunda döyüşür... Yəni hesab edirəm ki, dövlətimiz Ukrayna ilə də bağlı düzgün siyasət aparır...
Fransanın Afrika ölkələrindəki neokolonial siyasətinə qarşı mübarizə məsələsinə gəldikdə, son vaxtlar əksər dünya dövlətləri qara qitədə aktivləşib. Məsələn, Rusiyadan başqa Çin, qardaş Türkiyənin özü...
Bəli, Qoşulmama Hərəkatının bir çox üzvləri Afrika dövlətləridir – onlarla əməkdaşlıq edirik... Fransa isə 2020-ci ilin 44 günlük savaşımızdan sonra erməni separatizminin məhvini, torpaqlarımızın işğaldan azad edilməsini açıq-aşkar qəbul etmədi. Bəli, təxminən eyni dövrdə Fransa-Rusiya münasibətləri də çox pisləşdi. Rusiya Fransanın Afrikadakı maraqlarına ciddi ziyan vurub. Azərbaycan dövləti də Fransa-Rusiya münasibətlərinin pisləşməsindən istifadə edərək düzgün oyun aparmalıdır. Bir sıra Afrika dövlətləri də, ola bilsin, Rusiyanın diqtəsi ilə Fransaya qarşı siyasət aparırlar. Biz də buna uyğun siyasətimizi qurmalı, oyunlarımızı düzgün aparmalıyıq...
Şimali Koreya ilə isə Azərbaycanın münasibətlərinə gəldikdə, hazırda həmin ölkə ilə dövlətimizin heç bir ciddi əlaqəsi yoxdur. Səhv etmirəmsə, bir neçə dəfə xarici işlər nazirləri səviyyəsində səfərlər olub. Azərbaycanın Pekində fəaliyyət göstərən Şimali Koreya səfirliyi var. Onu da nəzərə almaq lazımdır ki, Şimali Koreya təcrid olunmuş bir dövlətdir. Odur ki, Azərbaycan dövləti hansısa digər dövlətin yox, bir müstəqil dövlət kimi yalnız öz maraqları çərçivəsində xarici siyasət aparmalı və başqa ölkələrlə də münasibətlərini buna uyğun qurmalıdır...”
Sultan Laçın
Paylaş: