Xəbər lenti

Rusiyanın Güney Qafqazda neçə vaxtdır “daşa dirənmiş” işlərinə görə əlbəttə, suçlu Azərbaycan deyil. Elə onun özüdür. Lap dəqiqi, səbəb - hələ SSRİ-nin son illərindən etibarən Moskvanın Azərbaycanı, sözü imzası olan dürüst azərbaycanlıları qoyub nankor və riyakar, çörəyi dizi üstdə olan ermənilərə güvənməsi, onlara “stavka” etməsidir.

Nəticə, ilahi ədalət artıq ortada. “Qucaqlarında bəslədikləri ilana” görə altını heç cür çəkib qurtara bilmirlər. Bunca yaxşılıqların qarşısında erməni yenə rusu günahkar, borclu çıxarır. Hətta öz ağasını Qərbə, NATO-ya dəyişəcəkləri ilə Rusiyanı hədələyir, şantaj edir...

NATO demiş, bu gün Rusiya XIN rəsmisi - Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin Bakı və İrəvanı sadə dildə yazsaq, NATO-dan uzaq durmağa çağırıb. Bunu o, iyulun 9-11-də NATO-nun ABŞ-da keçiriləcək 39-cu, yubiley (75) sammitinə Azərbaycan və Ermənistanın da dəvət olunmasına münasibətdə bildirib. Qərbin bu dəvətinin arxasında hansısa məkrli məqsədin gizləndiyini iddia edib.

“Qərb Bakı və İrəvanı NATO sammitinə dəvət etməklə Moskvanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq istəyir. Bu cür təşəbbüs fəlakətli nəticələrə gətirib çıxardı. Balkanlar, Əfqanıstan, Liviya, İraqı xatırlamağa dəyər. Rusiya XİN ümid edir ki, İrəvan və Bakı NATO reseptlərinin region üçün təhlükəsini başa düşür. NATO emissarları Bakıya da səfərlər edir, Ermənistanla Azərbaycan arasında münasibətlərin inkişafına töhfə vermirlər”, - diplomat vurğulayıb və əlavə edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir...

Əvvəla, bizim NATO adlı bir dərdimiz, qayğımız yox. Alyansa qoşulmaq istəyimizi də hər hansı şəkildə ifadə və bəyan etməmişik – Ermənistandan fərqli olaraq. İkinci yandan, NATO üzvü Türkiyə kimi sadiq dost-müttəfiqimiz, qardaşımız ola-ola, NATO-ya nə gərək ki?

Sammitin yubiley tədbirində qonaq kimi iştirak isə uzaqgedən siyasi nəticələr çıxarmağa əsas vermir. Hər halda, Alyans Azərbaycana düşmən də deyil. Təhlükə və təhdid mənbəyi heç deyil. Üstəgəl, orada qardaş Türkiyə təmsil olunur...

Azərbaycanın isə Qoşulmama Hərəkatının fəal üzvü kimi qurumda yeri kifayət qədər möhkəmdir. Rəsmi Bakı xarici siyasətdə balans siyasətinə sadiqdir. Bunu Moskvada bilirlər. Onu da yaxşı bilirlər ki, Azərbaycan NATO üzvü qardaş Türkiyə hesabına öz silahlı qüvvələrini Türkiyə modelinə uyğunlaşdırmaqdadır ki, buna da Rusiya heç vaxt irad bildirməyib.

Və sonda: fakt budur ki, keçmiş Dağlıq Qarabağ probleminin ədalətli həlli üçün 32 il ərzində Kremlin əlində son dərəcə unikal imkan olub. Ancaq ondan istifadə etməyib. Əksinə, erməni işğalının uzanmasının əsas qarantına çevrilib. Bu azmış kimi, 44 günlük müharibədən sonra belə ərazimizdə erməni qanunsuz hərbi birləşmələrinin qalmasını təşviq edib.

Bu mənada “bölgədə sülhə kim töhfə verə bilər” məsələsində əcnəbi məsləhətçilərin siyahısı tutulsa, Rusiya şübhəsiz, sırada sonuncu yerlərdən birində olacaq...

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 767          Tarix: 3-07-2024, 19:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma