Xəbər lenti

“UEFA İntizam Komissiyasının Türkiyə milli futbol yığmasının oyunçusu Merih Demiralı sərt cəzalandırması Avropanın Türkofob və İslamofob hisslərindən qaynaqlanır. Bu baxımından Demiralın “Bozqurd” işarəsi yox, UEFA-nın onu cəzalandırması faşizm motivlidir”.

Bu sözləri siyasi şərhçi Heydər Oğuz Globalinfo.az-a açıqlamasında deyib.

Onun fikrincə, hər hansı milli simvol qətiyyən faşizm təzahürü ola bilməz:

“Bozqurd türklərin milli simvolu, totemidir. Hələ şovinizm nəzəriyyələri ortaya çıxmamışdan əvvəl babalarımız yaşadığı təbiət hadisələrindən, ətrafındakı vəhşi və ev heyvanlarından ibrət alıb, onlardan bəzilərinə böyük dəyər verib və kultlaşdırıb. Bozqurd da bizim kultlaşdırdığımız obrazlardandır. Necə ki, ruslar ayını, fransızlar xoruzu özlərinə kult, müqəddəs dəyər seçiblər. Fikir verdinizsə, Fransız yığmasının paltarının sinəsində xoruz simvolu var. Merih Demiralı bir Bozqurd salamına görə cəzalandıran UEFA adil qurumdursa, onda gərək Fransanın bütün yığma komandasını çempionatdan qovardı. Sırf sinələrində xoruz simvolu gəzdirdiklərinə görə”.

Heydər Oğuzun fikrincə, Bozqurd həm də Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının daha çox istifadə etdiyi simvol olduğundan, görünür, UEFA rəhbərliyi və qardaş ölkəni ona şikayət edən Almaniya iki fərqli hadisəni bir-birinə qarışdırıb:

“Əvvəla, MHP də Almaniya yetkililərinin hesab etdiyi kimi faşist düşüncə daşıyıcı deyil. Milli dəyərlərə sayğı duyan və dəyərlər üzərindən siyasət formalaşdıran partiyadır. Necə ki, Almaniyanı 16 il sərasər idarə edən Angela Merkel xristian dəyərlərinə eyni münasibəti göstərir və hətta Xristian Demokrat adlanan partiyanın sədri idi. Belə çıxır ki, almanlara xristianlığı müqəddəsləşdirmək olar, türklərə türkçülüyə hörmət göstərmək olmaz? Bu nə məntiqdir? Hər bir millətin öz milli dəyərləri ilə fəxr etmək kimi fundamental hüquqları var və türk futbolçusu da bu çərçivədən kənara çıxmamışdı”.

Merih Demirala verilən cəzanın təkcə futbolçunun deyil, həm də bütün türk dünyasının mənəvi dəyərlərinə hörmətsizlik olduğunu düşünən həmsöhbətimiz xüsusilə almanların kimisə faşizmlə günahlandırmağa haqqı olmadığını qeyd edib:

“Ən azı ona görə ki, faşizm Hitlerlə eyniləşmiş qavramdır və Hitler türk deyildi. İndi onun nəvələrinin kimisə faşizmdə ittiham etməsi məşhur atalar sözünü xatırladır: “Adımı sənə qoyaram, səni də yana-yana qoyaram””.

Zaira Akifqızı

Globalinfo.az




Ana səhifəyə qayıt        Baxış: 4 379          Tarix: 7-07-2024, 21:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma