Xəbər lenti

İran Azərbaycana daim Ermənistan vasitəsilə təzyiqlər edib.

Xüsusən, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Tehran özünü çaşqın apardı. Rəsmi Bakı ilə davranışını müəyyən etməkdə çətinlik çəkdi. Hakimiyyətin aparıcı fiqurlarından sayılan, İslam İnqilabı Keşikçiləri Korpusunn (SEPAH) keçmiş komandanı, dəfələrlə prezidentliyə namizəd Möhsün Rezai "Qarabağda ermənilərə muxtariyyətin verilməsi" kimi cəfəng fikirlər söyləməklə Azərbaycan Respublikasının daxili işlərinə müdaxilə etmişdi. İranın Ermənistandakı səfirləri də ölkənin xarici siyasi kursunun icraçıları olduqlarından anti-Azərbaycan çıxışları ilə yadda qalıblar.

Bu günlərdə Tehranın İrəvandakı səfiri Mehdi Sübhani "Radio Azatutyun"a ("Azadlıq" radiosunun ermənicə redaksiyası - red.) müsahibəsində təmsil etdiyi hakimiyyətin ermənilərlə bağlı niyyətlərini, Azərbaycana qarışı dost olmayan münasibətini gizlətməyib. O, Azərbaycan Respublikası ilə münasibətlərin bərpasına çalışan İranın diplomatı kimi deyil, rusiyayönlü Ermənistan müxalifətinin nümayəndəsi, Fransa Prezidenti Emmanuel Makronun təmsilçisi və anti-Azərbaycan fransız siyasətçilər kimi edib. O, bununla həm də özünü kimlərinsə tapşırığının icraçısı kimi göstərib.

Mehdi Sübhani ermənilərdən artıq erməni olduğunu göstərərək deyib:

"Ermənilərin Qarabağda hüquqlarının qorunmasına əməl edilməlidir. Bu məsələ yara kimidir və müalicə olunmalıdır. Müalicə edilməzsə, yenidən açıla bilər. Dayanıqlı sülhdən danışarkən bu yara da nəzərə alınmalıdır".

Səfir bu açıqlaması ilə "qaşınmayan yerdən qan çıxarmağa" səy edib. Səfir Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasına susan, bu dövrdə Qarabağ ərazisində binaların və yurd yerlərinin dağılmasında, talan edilməsində erməni işğalçıları və havadarları ilə əməkdaşlıq edib. Həmin dövrdə Qarabağda İranın qanunsuz olaraq 80-ə yaxın firma və şirkətinin fəaliyyət göstərməsi bunu təsdiqləyir.

Tehranın istər müharibə dövründə, istərsə də müharibədən sonra Qarabağda terror qrupları təlimatlandırması kimi məsələlərdən geniş bəhs etmək istəməzdik. Səfir Mehdi Sübhani hansı "yaradan danışır?". Yoxsa, Tehran hakimiyyəti səfirinin "yarlı" saydığı erməni sakinlərdən əslən isfahanlı keşiş Baqrat Qalstanyan kimi istifadə etmək istəyir. Görünür, Tehran hakimiyyəti "müalicə" adı ilə həmin kütlədən Ermənistan hökumətinə də təzyiq etməyi, bununla həm də Rusiyaya dəstək verməyi hədəfləyir.

Hər kəsə məlumdur ki, rəsmi Bakı Qarabağdakı erməni sakinlərə Azərbaycan cəmiyyətinə inteqrasiya çağırışı etmişdi. Ancaq regionda pozuculuq və terror fəaliyyəti ilə məşğul olmuş, bu fəaliyyəti davam etdirmək istəyən həmin sakinlər Azərbaycan ərazisindən könüllü şəkildə çıxıb gediblər.

Səfir isə bildirib ki, Qarabağda məskunlaşdırılan ermənilər "qeyri-ixtiyari olaraq evlərini tərk ediblər, onların könüllü olaraq ora qayıtmaları üçün şərait yaradılacağına" ümid edir.

Ermənistanla sülh müqaviləsinin imzalanması üçün vacib şərtlərdən biri qərbi azərbaycanlıların öz yurdlarına, evlərinə repatriasiyasıdır. Bu şərt Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə açıqlanıb. İran səfiri ermənilərin "Qarabağa qayıtmasını" da "dayanıqlı sülh"ün şərti kimi irəli sürür. O, bununla özünü İrəvan rəsmisi kimi aparır. Həm Ermənistanda bu cür düşünənlərin, həm də Sübhaninin qərbi azərbaycanlılarla Qarabağa yerləşdirilən erməniləri eynihüquqlu tutması gülüncdür. Çünki Qərbi Azərbaycan türk torpağıdır. Ermənilər Qarabağa da, indiki Ermənistana da yerləşdiriliblər. Yəni bölgəni onlarla birləşdirən müqəddəs heç nə yoxdur. Başqa bir tərəfdə isə qərbi azərbaycanlılar öz yurdlarından silah tətbiqi və zorakılıqla çıxarılıblar. Bütün mülkiyyətləri Ermənistanda qalıb. Erməni sakinlər isə Azərbaycan ərazisini könüllü tərk ediblər və bütün əmlaklarını özləri ilə aparıblar. Başqa fərqlilikləri də sadalamaq olar.

Səfir Sübhani təmsil etdiyi hakimiyyətin 30 ildən artıqdır Azərbaycana münasibətdə buraxdığı səhvləri təkrarlayır. Bu davranışı və açıqlaması ilə o, Azərbaycana şər-böhtan atanların sırasında yer alıb.

Tehran diplomatlarının və dövlətin başqa rəsmilərinin belə çıxışları İran-Azərbaycan münasibətlərinə xələl gətirir. Səfirin belə qərəzli açıqlaması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə maneə yaradır.

İyulun 15-də - səfirin müsahibəsindən iki gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İrandakı səfirliyinin fəaliyyətini bərpa etdiyinə dair açıqlama yayıb. Bildirilib ki, səfir və səfirliyin hazırkı heyəti İrana geri dönüb. Qeyd edilib ki, İran tərəfi akkreditasiya ölkəsi kimi, "Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası" çərçivəsində təhlükəsizliyin təminatına dair öhdəliyinə uyğun olaraq, səfirliyimizin yeni binasının qarşısında diplomatik mühafizənin təmin olunması üçün müvafiq tədbirlər həyata keçirib:

"Hazırda İrandakı səfirliyin yeni binasında konsulluq xidmətinin təşkili üçün müvafiq işlər görülür və yaxın zamanda konsulluq xidmətinin bərpası barədə əlavə məlumat veriləcək".

Bu, Azərbaycanın İrana etdiyi xoşməramlı davranışlarındandır.

Rəsmi Bakının bu jesti qarşılığında Tehranın Mehdi Sübhanini ABŞ-nin maliyyələşdirdiyi informasiya vasitəsinə müsahibə verdiyinə (çünki İranda belə çıxış edənlərə təzyiq olunur), Azərbaycana qarşı yalan məlumatlar yaydığına, İran-Azərbaycan münasibətlərinə xələl gətirdiyinə və başqa pozucu çıxışına görə tənbeh edəcəyinə ümid etmək istərdik. Ola bilsin səfir İranın yeni seçilən Prezidenti Məsud Pezeşkianın komandasında olmayacağını bildiyi üçün bu müsahibəni verərək rəsmi Bakı ilə Tehran münasibətlərinə qəsddən zərbə vurmaq istəyib. Hər halda Mehdi Sübhaninin açıqlaması məşhur atalar sözünün ürəkbulandıran hissəsinə daha çox uyğun gəlir.

"Report" İnformasiya Agentliyi




Ana səhifəyə qayıt        Baxış: 3 331          Tarix: 15-07-2024, 18:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma