Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan danışıqlarının liderlər səviyyəsində davam etdirilməsi uğursuzluğa düçar olub. Belə ki, Londonda keçirilən Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısı çərçivəsində Böyük Britaniyanın baş naziri iki lideri bir araya gətirmək istəsə də, Ermənistanın baş naziri Nikol Paşinyan bu görüşdən imtina edib.
"Görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk", - deyə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Xatırladaq ki Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dünən Londonda başlayan Avropa Siyasi Birliyinin 4-cü Zirvə toplantısında iştirak edirlər.
Sammitdə Fransa prezidenti Emmanuel Makron və Avropa İttifaqı Şurasının sədri Şarl Mişel də iştirak edir.
Avropa siyasi ictimaiyyətinin əvvəlki toplantıları çərçivəsində Əliyev və Paşinyan arasında iki görüş Mişel və Makronun təşəbbüsü ilə keçirilib.
İlk dördtərəfli görüş 2022-ci ildə Praqada olub, o zaman tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birlərinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan ediblər. 2023-cü ilin iyununda Əliyev və Paşinyan Kişinyovda Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə görüşüblər.
Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində artıq mövcud olan bu danışıqlar platforması Böyük Britaniyanın vasitəçiliyi ilə əvəzlənə bilərdi...
Modern.az xəbər verir ki, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan Britaniyadakı sammit çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən imtina etsə də, London iki lideri görüşdürmək üçün əlavə diplomatik səylər göstərəcək.
“Çünki Nikol Paşinyan və İlham Əliyev fevralda Berlində Təhlükəsizlik Konfransı çərvəsində Almaniyanın kansleri Olaf Şoltsun iştirakıyla görüşüblər, bundan sonra Vaşinqtonda NATO sammiti çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan dövlət katibi Entoni Blinkenin iştirakıyla üçtərəfli görüş keçiriblər. İndi London da Avropa toplantısı çərçivəsində fürsətdən istifadə edib Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək istəyir. Bu, Böyük Britaniyaya Cənubi Qafqazda maraqlı olduğunu, o cümlədən Bakı ilə İrəvan arasında Berlin və Vaşinqton qədər moderatorluğunu göstərmək üçündür”, siyasi ekspert bildirib.
Siyasi şərhçi Aqşin Kərimovun sözlərinə görə, Böyük Britaniya Cənubi Qafqazın lideri və Mərkəzi Asiyanın təhlükəsizliyində mühüm rol oynamaq istəyən Azərbaycanla işləməyi prioritetlərı sırasına daxil edib.
"Böyük Britaniya Azərbaycanın regional güc olmasına diqqət yetirir, onun Ukraynadakı müharibə fonunda yaranan xaotik beynəlxalq nizamda artan oyunçuluq qabiliyyətini yüksək qiymətləndirir. Azərbaycanın Çinlə əməkdaşlığını yönləndirmək Böyük Britaniyanın hədəfləri sırasındadır.
London bu strategiyalarına nail olmaqdan ötrü Avropa Siyasi Birliyinin Zirvə sammitində İlham Əliyevlə Nikol Paşinyanın görüşünü açıq təşəbbüskarlıqla dəstəklədi. Amma Ermənistanın görüşdən imtinası Londonun İrəvanla əlaqəli siyasətindəki mülayimliyi məhdudlaşdıracaq. Bu imkan verəcək ki, Azərbaycanla Böyük Britaniya geosiyasi və təhlükəsizlik sahəsindəki əməkdaşlıqlarını daha faydalı şəkildə yenidən qursun".
Paylaş: