Xəbər lenti

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə ölkə gündəminin əsas mövzularından biridir və bunun belə olması olduqca təbiidir.

Hazırda Rusiya, onun Ukraynada apardığı müharibə, kollektiv Qərbin bu müharibədə iştirakı, prezident Vladimir Putinin indiyədək tutduğu və indən sonra tutacağı mövqe bütün dünyanın diqqət mərkəzindədir.

Belə bir vaxtda V.Putinin Azərbaycana səfəri bu iki ölkənin xaricində də maraq doğurur.

Öncə onu deyək ki, Azərbaycanın regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsinə yönəlmiş siyasəti, bu kontekstdə qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi böyük əhəmiyyət daşıyır. Rəsmi Bakının prioritetlərindən biri regionda qalıcı sülhə, təhlükəsizliyə nail olmaqdır.

Rusiya isə regionun böyük ölkələrindən biridir. Son iki əsrin 170 ilini bu ölkə ilə Azərbaycan eyni sərhədlər daxilində yaşayıb, 33 ildir bir-birindən uzaqlaşmadan eyni geosiyasi məkanda mövcuddur. Bu illər ərzində iki ölkə arasında sıx iqtisadi-ticarət, siyasi, humanitar əlaqələr yaranıb.

Rusiya təkcə öz regionunun deyil, həm də dünyanın aparıcı dövlətlərindən biridir, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olaraq çoxqütblü dünya nizamında öz yerini qoruyub saxlamağa, söz sahibi kimi çıxış etməyə çalışır.

Azərbaycan müstəqilliyini bərpa edəndən bəri Rusiya ilə əlaqələr ərazi bütövlüyü, bərabərhüquqluq və bir-birinin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında davam və inkişaf edir. Bəzən arada yaranan problemlər bir qayda olaraq gərginliyə yol verilmədən, qarşılıqlı razılaşma yolu ilə həll edilir. Bu, iki ölkə arasında yaxın dostluq münasibətlərinin, dövlətlərarası dialoqun yüksək səviyyədə olmasının nəticəsində mümkün olur.

Azərbaycanla Rusiya arasında vaxtilə sıx şəkildə mövcud olan iqtisadi əlaqələrin yeni dönəmdə daha da inkişaf etməsi göz qabağındadır. Bu tərəqqini ifadə edən konkret rəqəmlər var. Məsələn, 2023-cü ilin nəticələrinə görə 2022-ci illə müqayisədə ticarət dövriyyəsi 17 faiz artaraq 4.5 milyard dollar səviyyəsinə yüksəlib, 2024-cü ildə daha yüksək nəticə gözlənilir. İnkişaf özünü əsasən sənaye və kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixrac-idxalında, turizm sektorunda, yük daşımalarının həcminin artmasında göstərir.

Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsində

Rusiya ilə Azərbaycan arasında Şimal-Cənub nəqliyyat dəhlizinin inkişaf etdirilməsi sahəsində əməkdaşlıq böyük iqtisadi əhəmiyyətə malikdir. Bu, Rusiyanın öz mallarını Hind okeanı hövzəsinə qədər daşımaq imkanı yaradır. Öz növbəsində Azərbaycanın da bu nəqliyyat arteriyasına (həm şimala, həm də cənuba doğru) qoşulmaq imkanı yaranır. Bu dəhliz dünyada mövcud olan qlobal nəqliyyat dəhlizləri arasında xüsusi önəmə malikdir və ölkələr arasında iqtisadi əlaqələrin qırılmazlığını təmin edir. Azərbaycan Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirib, bu kommunikasiyaların etibarlı bəndi olduğunu sübut edib.

Azərbaycan dövlətinin yeritdiyi müstəqil siyasət təbii ki, öz milli maraqlarına uyğundur və bütün tərəflərlə əməkdaşlığı nəzərdə tutur. Rəsmi Bakı zaman-zaman kəskin şəkildə qütbləşən dünyada tərəf tutmadan, həm Qərblə, həm də Rusiya, İran və digər ölkələrlə yaxşı əlaqələr saxlamağa çalışır. Elə qüdrətli ölkələr var ki, hər zaman kiçik ölkələrdən tərəf tutmağı tələb edirlər, amma onların təzyiqinə boyun əymədən öz neytral mövqeyində qalmaq hər baxımdan əlverişlidir. Azərbaycan həm BRİKS, ŞOS kimi platformalarda iştirak edir, həm də Avropa İttifaqı və Qərbin digər qurumları ilə əməkdaşlığa malikdir, ancaq onların hamısı rəsmi Bakını “öz tərkinə almaq” imkanından məhrumdur. Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvlərindən biri olaraq, hərbi-siyasi platformalara qoşulmur, amma özü ikitərəfli qaydada öz strateji tərəfdaşlarını seçir, onlarla uyğun sazişlər imzalayır.

İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Azərbaycan bir-birilə amansız müharibə aparan Rusiya və Ukrayna ilə yaxın münasibətlərə malikdir. Rəsmi Bakı hər iki dövlətlə öz münasibətlərini qoriyub saxlamağa çalışır. Kanat üzərində öz müvazinətini saxlamağa bərabər olan bu neytral mövqedə olmasına görədir ki, Avropa İttifaqı Ukrayna vasitəsilə Rusiya qazının alınmasından tam imtina etdikdən sonra bu sahədə boşluğu doldurmaq üçün Azərbaycanla əməkdaşlıq cəhdlərini artırmağa çalışır və Azərbaycan qazının Ukrayna ərazisindəki qaz kəmərləri vasitəsilə nəqlini nəzərdən keçirir.

Prezident İlham Əliyevin beynəlxalq arenada yürütdüyü siyasətin düzgünlüyünü zaman və baş verən hadisələr silsilə təkrar-təkrar təsdiqləyir. Onun məharətli diplomatiyası sayəsində, Rusiya ilə qurulmuş düzgün münasibətlər nəticəsində Azərbaycan bir sıra tarixi problemlərinin həllinə nail oldu, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Başqa yol yox idi. Qarabağ probleminin həlli bu ölkənin neytral mövqe tutmasından çox asılı idi. Azərbaycan Rusiyanın uzun illərdən sonra. nəhayət. Qafqaz ölkələri arasında bərabərlik işarəsi qoymasına nail oldu və bu, öz bəhrəsini verdi. Çünki Azərbaycan Ermənistanla bərabər deyildi, güclü və haqlı idi, sadəcə, ortadakı arbitrin ədalətli olması lazım idi.

Hazırda ukraynalı ekspertlər də Azərbaycanın yürütdüyü müdrik siyasəti nümunə gətirir və Prezident İlham Əliyevin səyləri nəticəsində Azərbaycanın Qərblə Rusiya arasında münaqişə arenasına çevrilmədiyini və öz milli məqsədlərinə nail olduğunu qeyd edir, bunu yüksək qiymətləndirirlər;

İndi ölkəmiz dünyada dialoq məkanı kimi tanınır. Həm Rusiya, həm də Ukrayna Azərbaycana, onun liderinə etimad göstərir. Bu etimad votumu Rusiya-Ukrayna qarşıdurmasının sülh yolu ilə həllində səmərəli istifadə oluna bilər. Elə olsa, regiona sülh və əmin-amanlıq gələr, eyni zamanda ölkəmizin beynəlxalq nüfuzunun daha artmasına töhfə olar.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 4 659          Tarix: 19-08-2024, 16:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma