ABŞ-Rusiya proksi-savaşı Güney Qafqazda da gedir. Qonşu Gürcüstanda və Ermənistanda yaşananlar bunun bariz sübutu sayıla bilər.
İki güc mərkəzi eyni zamanda, bölgəyə təsir rıçaqlarını saxlamaq uğrunda amansız informasiya savaşı aparır. Moskva Vaşinqtonu regiona soxulub israrla Rusiyanı oradan çıxarmaq planlarında, ABŞ da Kremli Cənubi Qafqazla bağlı bəd niyyətlərdə ittiham edir, region ölkələrinə və xalqlarına “harda Rusiya var, orda sülh yoxdur” tipli permanent mesajlar göndərir.
Obrazı yazsaq, “kor kora “kor” deməsə, bağrı çatlar”. Həqiqət isə həmişəki kimi, yəqin ki, “qızıl orta”dan keçir...
“ABŞ bütün cəbhələrdə təşəbbüsü itirməkdədir. Postsovet məkanında Vaşinqton uğursuzluğa düçar olmağa başlayıb. Azərbaycan və Ermənistan ABŞ və Avropa Birliyinin sülh yolu ilə nizamlanma tövsiyələrinə daha bir elə qulaq asmır, bütün məsələləri özləri müstəqil şəkildə həll etməyə üstünlük verir”.
Bu barədə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin Rusiyanın “Razvedçik” jurnalına müsahibəsində bildirib.
Bununla belə, Narışkin hesab edir ki, postsovet məkanı ABŞ və Böyük Britaniyanın “kəşfiyyat xidmətlərinin hücumları üçün prioritet məkan” olaraq qalacaq. Çünki: “Qərb öz qarşısına iddialı məqsəd qoyub: ölkələrimiz arasında təkcə iqtisadi, siyasi deyil, həmçinin dərin tarixi və humanitar əlaqələri tamamən qırmaq. Belə yanaşma məşhur anqlo-sakson maksimindən qaynaqlanır - “Avrasiyanı idarə edən dünyanı idarə edir”. Hərçənd “idarə etmək” onlardan ötrü “parçalamaq”, “xaos yaratmaq”, sonra isə “qərəzsiz təhlükəsizlik qarantları” kimi özlərini qana bələdikləri xalqlara sırımaq deməkdir. Bunun necə baş verdiyi Ukrayna nümunəsində aydın görünür”.
Yəni əslinə Rusiyanın özü də narahatdır, ehtiyat edir, qorxur...
Əvvəla, Qərbin, özəlliklə ABŞ-ın Güney Qafqazla bağlı planları aşağı-yuxarı məlum. Ümid edək ki, Donald Tramp dönəmində rəsmi Vaşinqton, Konqres Azərbaycan-Ermənistan məsələsində Co Bayden hökuməti kimi qaba metodlarla, “balta” ilə işləməyəcək. Sülh müqaviləsinin imzalanmasına yardımçı ola bilməyəcəksə, əngəl də olmayacaq.
Analoji gözləntimiz təbii ki, Rusiya sarıdandır. Əfsus ki, nə ABŞ (Qərb), nə də şimal qonşumuz “süddən çıxmış ağ qaşıq”lardır.
Doğru, ABŞ-dan fərqli olaraq, Rusiya bilavasitə bölgədə, buradadır, böyük qonşumuzdur. Ruslarla dərin tarixi-mədəni, humanitar-insani, iqtisadi-siyasi əlaqələrə malikik. Rusiyada böyük azərbaycanlı icması mövcuddur. Ermənistan isə bu və digər səbəblərdən Moskvadan faktiki asılı bir ölkə. Rusiya Ermənistan məhsulları üçün yeganə və ən ucuz, ən böyük bazardır. Üstəgəl, Rusiyada az qala, Ermənistandakı qədər erməni yaşayır, çörək qazanır...
Ancaq Moskva sadalanan unikal “üstünlüklər” və təsir resurslarından yenidən Bakı və İrəvana qarşı sui-istifadə fikrinə düşməməlidir. Sırf öz maraqları naminə təzədən iki qonşu ölkənin barışığına maneələr yaratmamalı, 35 illik səhvlərindən nəticə çıxarmalıdır.
Ayrı sözlə, bizim üçün nə fərqi, sülhə anqlo-sakslar əngəl olur, yoxsa rus? Hər halda acı gerçəklik həm də budur ki, qondarma Dağlıq Qarabağ problemini məhz Moskva yaratmışdı və istəsəydi, onu hələ Mixail Qorbaçov dövründə, “bələyində” boğardı.
Etmədi. Nəticədə hər iki tərəfdən minlərlə qurban verildi. İki xalq arasında nifrət dərinləşdi. Azərbaycan 44+1 günlük Vətən müharibəsinə başlamalı oldu. Daha bir səbəbə: Rusiyanın da həmsədri olduğu üzdəniraq Minsk Qrupu 26 ildə faktiki, erməni işğalını “rəsmiləşdirməklə” məşğul idi. Kim bilir, Ukrayna böhranı olmasaydı, “üçlük” (Rusiya, ABŞ, Fransa) bəlkə də onu “xortlatmağa” çalışacaqdı (unutmayaq, İrəvan hələ də MQ-nin rəsmi ləğvinin əleyhinədir)...
Ancaq nə yaxşı ki, sahədə status-kvo 4 ildir dəyişib. Azərbaycan artıq öz suverenliyi və ərazi bütövlüyünü güc yolu ilə bərpa etmiş qalib dövlətdir. Bölgənin açar ölkəsidir. Artıq ərazimizdə nə erməni separatçı-terrorçu ünsürlər var, nə də hansısa dövlətin hərbi qüvvəsi. Qardaş Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi də öz yerində.
Qısası, Azərbaycanla daha “köhnə oyunlar”, əvvəlki “zarafatlar” keçməz. Bölgəmizdə hansısa şəkildə var olmaq istəyən, xarici güclər öncə Azərbaycanla anlaşmalı, onunla səmimi tərəfdaş və ya dost olmalıdır...
Konkret olaraq Kreml Azərbaycan-Ermənistan barışığı prosesinə ən ciddi töhfəni vasitəçi qismində yox, ən yaxşı halda 3+3 formatında və ya tərəflər üçün danışıq yeri təşkil eləməklə verə bilər. Verəcəkmi? Yaxın zamanda görəcəyik.
Rəsmi Bakı isə tam haqqına, “başına gələn başmaqçı olar” fəlsəfəsindən çıxış edərək, İrəvanla prosesi ikitərəfli danışıqlar formatında aparır. Zira, (vasitəçi kimi) inamı, etimadı itirmək asan, onu qazanmaq isə çox çətindir. Bu xüsusda başqa bir Atalar sözümüz də var: “Adın çıxınca canın çıxsa yaxşıdır”...
Z.SƏFƏROĞLU
Müsavat.com
Paylaş: