ABŞ və Şimali Koreya arasındakı gərginlik heç də göründüyü qədər böyük deyil.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, əsas problemlər Şimali Koreyanın nüvə proqramını Rusiyanın dəstəkləməsindən sonra ortaya çıxıb:
“ABŞ hazırda Rusiyanın qarşısını almaq üçün adekvat addımlar atır və bundan da bir sıra istiqamətlərdə istifadə edir. ABŞ Cənubi Koreya və Yaponiya istiqamətində hər hansı bir addım atılacağı təqdirdə hərəkətə keçəcəyini bəyan edib. Məlum məsələdir ki, Şimali Koreyanı Çin də dəstəkləyir. Bu baxımdan ABŞ və Çin arasındakı münasibətlər də yaxşılığa doğru getmir. Hesab edirəm ki, hazırda əsas münaqişə Rusiya, Çin və ABŞ arasında gedir. Şimali Koreya, Cənubi Koreya və Yaponiya ilə münasibətlərdən isə sadəcə bir vasitə kimi istifadə olunur.
ABŞ nəyin bahasına olursa-olsun, istər İranın, istər Şimali Koreyanın nüvə proqramlarının inkişafının qarşısını almaq üçün mühüm addımlar atmağa çalışır. Hətta Şimali Koreyanın istifadə etdiyi reaktiv mühərriklərin guya Ukrayna istehsalı deyil, məhz Rusiya istehsalı olduğunu bəyan edir. Bütün bu problemlər tam şəkildə ABŞ-ın nüvə proqramına qarşı olmasından yaransa da, dolayı yolla əsas hədəf məhz Rusiyadır”.
Paylaş: