Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov “Report”a müsahibə verib.
Strateq.az həmin müsahibəni təqdim edir:
– 2018-ci il Azərbaycan üçün necə keçəcək?
– Bu il Azərbaycan üçün asan olmayıb. Çünki müəyyən problemlər, xüsusilə də 2015-ci ildə olan devalvasiya iqtisadiyyata təsirini göstərdi. Azərbaycanın siyasi həyatında müəyyən dəyişikliklər olub, struktur dəyişikliyi aparılıb. 2016-cı ilin dekabrında qəbul edilmiş "Strateji Yol Xəritəsi”nə uyğun olaraq, 2017-ci ildə müəyyən işlər həyata keçirildi. Neftin qiymətində ciddi azalmalar baş vermədi, qiymət 50-55 dollar səviyyəsində qaldı, 2017-ci ildə büdcədə neftin qiymətini 40 dollardan götürülmüşdü. Azərbaycan üçün müəyyən qədər problemlər qalsa da, uğurlu il oldu. Düzdür, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nəticə əldə edə bilmədik. Müəyyən danışıqlar aparılsa da, müsbət nəticə əldə olunmadı. Ən önəmli məsələ ölkədə sabitliyin qorunmasıdır. Bizim üçün vacib məsələ odur ki, dünyada gedən proseslər fonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlayaq, 2017-ci ildə buna nail olduq. Bunu uğur hesab etmək olar.
2018-ci illə bağlı gözləntilərimiz çoxdur. Son vaxtlar İran, Rusiya, Türkiyə əlaqələri və bu əlaqələr fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsinə diqqət çəkməsi önəmli məsələdir. Mən həmişə demişəm, yenə də deyirəm, Dağlıq Qarabağı yalnız müharibə yolu ilə geri ala bilərik. Müharibəsiz bu torpaq Azərbaycana qaytarılan deyil, çünki mövcud siyasət onu göstərir. Ermənilərin böyük dövlətlərdə çox güclü diaspor təşkilatları var. Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasəti düzgün hesab edirəm. Ordunun gücləndirilməsi, müasir silahlarla təchiz edilməsi üçün hər il dövlət büdcəsindən kifayət qədər vəsait ayrılır. 2016-cı ilin aprelində baş verən döyüşlər göstərdi ki, Azərbaycanda ordu formalaşıb. Bu sahədə, demək olar, problemimiz yoxdur.
Prezident İlham Əliyevin qəbul etdiyi “Strateji Yol Xəritəsi”ndə çox önəmli məsələlər əksini tapıb. Orada 11 sahə üzrə inkişaf istiqaməti göstərilib. Məsələn, orada qeyri-neft sektorunun inkişafı əsas formul kimi nəzərdə tutulub. Yol xəritəsində maliyyə-bank sistemində sağlamlaşdırılma məsələləri də əks olunub. Yol xəritəsinin həyata keçirilməsi ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən işlər görülür. Diqqət edirsizsə, Prezident regionlarda müəssisələrin açılışında iştirak edir. Bir müddət öncə, Neftçalada Sənaye Parkının açılışı oldu. Sumqayıt Sənaye Parkı da istifadəyə verilib, digər regionlarda da sənaye parkları da tikilib istifadəyə veriləcək. Yəni, regionlarda bu kimi işlər həyata keçirilir. Əsas məqsəd yeni iş yerlərinin açılması və əhalinin regionlara cəlb edilməsidir. Ən ciddi məsələlərdən biri kənd təsərrüfatının inkişafı ilə bağlı məsələdir. Bununla bağlı işlər görülür, nəticəsi də göz qabağındadır. Ölkədə kənd təsərrüfatı emalı müəssəsiləri yaradılır.
2018-ci ildə əsas diqqət neftin qiymətində olacaq. Biz nə qədər inkar etsək də, dövlət büdcəsi neftdən asılıdır, büdcənin 60 faizi neftdən gələn gəlirlər hesabına formalaşır. Hazırda neftin qiyməti 60 dollar ətrafındadır. Neftin qiyməti normal olarsa, ölkədə iqtisadi sahədə ciddi problem olmayacaq. Bu ilin sonunadək manatın ucuzlaşacağını düşünmürəm. Yəqin ki, hazırki məzənnədə qalacaq. Çünki ixrac-idxal əməliyyatlarında müsbət saldo yaranıb, ixrac idxalı üstələyir. Təxminən 1,4 milyard manata yaxın müsbət saldo yaranıb. Azərbaycanda pul-kredit siyasətinə çox ciddi nəzarət edilir. Əvvəllər, düzdür, istənilən sahəyə vəsait ayrılırdı, ona görə də manat ucuzlaşmaqda davam edirdi. Amma bu il faktiki olaraq manatın ucuzlaşması cəmi 4 faiz səviyyəsində oldu. Manata təsir edən əsas amillərdən biri neftin qiymətidir. Mərkəzi Bankın pul kütləsinə nəzarət etməsində mənfi hal da var. Pul kütləsi az olanda bu, real sektorun inkişafına problem yaradır.
Bu məsələni Milli Məclisdə də qaldırmışdım, Mərkəzi Bankın sədri Elman Rüstəmov aydınlıq gətirdi. Yenə də öz fikrimdə qalıram. Devalvasiyadan əvvəl ölkənin maliyyə bazarında 12.5 milyard manat pul var idi, indi dövriyyədə 8 milyard manat var. Təxminən 3 milyard manat dövriyyədən çıxarılıb. Başa düşürəm, Mərkəzi Bankın siyasəti var.
Onlar iki amil üzərində nəzarəti həyata keçirirlər.
Birincisi, çalışırlar ki, inflyasiya aşağı olsun, ikincisi də, manatın məzənnəsi qorunub saxlanılsın. Gələn il neftin qiymətində problem olmazsa, real sektorda müəyyən irəliləyişlər olacaq. Bu il ümumdaxili məhsulu mənfi ilə çıxmağımızın səbəbi manat qıtlığının olması ilə bağlıdır. Növbəti il belə olmamalıdır. 2018-ci ildə dövlət büdcəsində əsaslı vəsait qoyuluşu üçün 4,9 milyard vəsait nəzərdə tutulub. Bu, ötənilki rəqəmdən iki dəfə çoxdur. Ən ciddi problemimiz maliyyə-bank sistemində olan problemdir. Bankarın vətəndaşlara verdiyi kreditlərin faizləri yüksəkdir, burada Mərkəzi Bankın da günahı var, çünki uçot dərəcəsini 15 faizdə saxlayır. Banklar 15 faizlə kredit götürürsə, 28-30 faizlə vətəndaşa verir. Ona görə də vaxtı keçmiş krditlərin miqdarı artır. Ötən il problemli kreditlərin miqdarı 1,6 milyard manat idisə, bu il 1,8 milyar manat olub.
– Bəs çıxış yolu üçün nə təklif edirsiniz?
– Bu, Azərbaycanın maliyyə bazarı üçün böyük məbləğdir. Bunu həll etmək lazımdır. Mən və həmkarım Əli Məsimli təkliflərimizi hökumətə təqdim etmişik. Bank sisteminin sağlamlaşdırılması 2018-ci ilin əsas prioritetlərindən biri olmalıdır. Prezident bu ilin əvvəllində hökumət iclasında dedi ki, Azərbaycan dövlətinə ən çox ziyan vuran bank sistemi olub. Biz bank sistemini günahlandırırıq, amma onların özlərinin də problemləri var. Devalvasiya banklarda çox ciddi problemlər yaratdı. Onlar çox ciddi problemlərlə – kapitallaşma, likvidlik, kredit portfeli və s. məsələlərlə üz-üzə qaldılar. Bu səbəbdən də onlara müəyyən qədər köməklik etmək lazımdır. Köməklik belə olmalıdır ki, banklara vəsait verilməlidir və deyilməlidir ki, bu pulu qeyri-neft sektorunun inkişafına yönəlt. Daha istehlak kreditlərinin paylanılmasına imkan verilməməlidir. Bank rəhbərləri ilə bu məsələlər müzakirə olunmalıdır. Banklar birləşdirilməlidir, kapitallaşma həll edilməlidir. Bankın kapitalı olmalıdır. Kapitalsız bank heç kəsə lazım deyil.
Azərbaycanda son 15 ildə infrastruktur layihələrinə yüz milyarddan çox maliyyə sərf edilib. Regionlarda yol, su, qaz, işıq məsələsində elə də ciddi problem yoxdur. İndi dövlət kənarda dayanmalıdır, bank, əhali və biznes işləməlidir. Bank işləməyəndən sonra əhali necə işləsin?! Sistem əhəmiyyətli banklar var. “Paşa Bank”, “Kapital Bank” fəaliyyət göstərir, çünki kapitalları var. Amma o biri banklar işləmir…
Onlara ya müəyyən qədər kömək olunmalıdır, ya da birləşdirilməlidir. Azərbaycanda 31 bank var, çoxdur, 15-16 bank kifayət edir. Azərbaycanın 10 milyon əhalisi var. Aldığım məlumata görə, bu istiqamətdə işlər görülür. Amma vaxtımız azdır, vaxtı itirmişik, bank sistemi ilə bağlı çox uduzmuşuq. Bu məsələlər gündəmdədir. Hamını manatın məzənnəsinin qorunub saxlanılması maraqlandırır. Əgər Amerika dolların uçot dərəcəsini dəyişdirəcəksə – məlumata görə, onlar dolları möhkəmləndirmək istəyirlər – bu, Azərbaycanın milli valyutasına öz təsirini göstərəcək. Manat qıtlığı yaranmayacaqsa, müəyən qədər dövriyyədə pul olacaqsa, bu da manata öz təsirini göstərəcək. Əsas məsələ neftin qiymətidir, ola bilər, qiymət bir qədər aşağı ensin. Təbii ki, bu da manata öz təsirini göstərəcək. Həmişə demişəm, manat gec-tez öz yerini tapmalıdır.
– Məsələn, siz manatın hansı səviyyədə qərarlaşacağını proqnozlaşdırırsınız?
– Onu heç kim deyə bilməz. Manata təsir edən faktorlar var. Əgər bazar iqtisadiyyatında söhbət gedirsə, dünya valyutalarının məzənnələrində dəyişiklik manata da təsir edir. Azərbaycanda tam üzən məzənnə siyasəti aparılmır. Mərkəzi Bank müəyyən qədər tənzimləyir. Məzənnə sabitliyi çox vacibdir. Belə olan halda ölkə iqtisadiyyatı inkişaf edir.
– Gələn il Azərbaycanın milli valyutası neçə faiz möhkəmlənə bilər?
– Ola bilər, məzənnə sabit qaldı. Neftin qiyməti indiki səviyyədə qalacaqsa, manat zəifləməyəcək. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, əlbəttə, devalvasiya olacaq. Ola bilər ki, Mərkəzi Bank gələn ilin əvvəllində qərar verdi ki, tam üzən məzənnəyə keçir, o zaman manatın dollara nisbətdə məzənnəsi 1.80-1.90 ola bilər. Azərbaycanda həmişə idxal ixracı üstələyib, bu da mənfi saldodur. İlk dəfə 2017-ci ildə müsbət saldoya nail oduq. Deməli, bunu etmək mümkündür. Lazım olmayan mal Azərbaycana gətirilməməlidir, daha gərəkli mallar gətirilməlidir. Belə olan halda artıq pul xərclənməz. Nəzarət mexanizmi builki kimi həyata keçirilsə, problem olmayacaq. Əslində, manatın devalvasiyasını gözləmirəm.
Neftin qiyməti iqtisadi deyil, siyasi məsələdir. Deyirlər, guya birjada müəyyən olunur, boş söhbətlərdir. Bu məsələ kabinetlərdə həll edilir. Azərbaycan OPEC-lə danışıqlar aparır. Məsələn, İran deyir ki, uzun müddət neftin satışına embarqo qoyulub, ona görə də neftin satışına məhdudiyyət qoymur. Üzv ölkələr razılığa gəlsələr, neftin ixracını həminki səviyyədə saxlasalar, problem olmayacaq. Məsələn, üzv dövlətlərdən hansısa, məsələn, Ərəbistan desə ki, məhdudiyyətin əleyhinədir, o zaman problem yaranacaq. Ona görə də indidən nəyəsə proqnoz vermək çətindir. Çünki siyasət indiki zamanda anbaan dəyişir. Heç kəsin ağlına gəlməzdi ki, Türkiyə, Rusiya və İranla əlaqələr bu səviyyədə olacaq. Azərbaycanı dünyada müdafiə edən yeganə dövlət Türkiyədir. Bu, faktdır. Bir müddət öncə, Dağlıq Qarabağ mövzusunda konfrans keçirilirdi. Həmin tədbirdə İndoneziyanın və İranın Azərbaycandakı səfirləri də iştirak edirdi. Dedim, İndoneziyanın və Pakistanın Ermənistanla heç bir əlaqəsi yoxdur, amma burada səfirlər var ki, təmsil etdikləri ölkələr Ermənistanla əlaqələri var. Amma bizə deyirlər, guya əlaqələri yoxdur. Onlar necə müsəlman dövlətləridir ki, Ermənistanla əlaqələri var?!
– Milli Məclisdə büdcə müzakirələri zamanı dediniz ki, Dövlət Neft Fondundan büdcəyə transfert edilməsi hökumətdə müəyyən mənada rahatlıq yaradıb. Əvvəllər Dövlət Neft Fondunun 53 milyard dollar vəsait var idi, hazırda 33 milyard dollar civarındadır. Necə düşünürsünüz, daha da azala bilərmi?
– Mən həmişə bunun əleyhinə olmuşam. 1992-1993-cü illərdə – Əbülfəz Elçibəyin prezidentliyi dövründə Stabilləşmə Fondu yaradıldı. Bu, gələcək nəsillər üçün yaradılmışdı. Sonradan hakimiyyətə ulu öndər Heydər Əliyevgələndə qurumun adı dəyişdirildi, Dövlət Neft Fondu oldu. Bu da düzgün addım idi, çünki bir çox ölkələrdə belə adlandırılır. Ötən il Neft Fondundan dövlət büdcəsinə 6.1 milyard manat transfet etmişdik. Amma 2018-ci ilin dövlət büdcəsinə 9.2 milyard manat transfert olunur. Neftin qiymətinə arxayın olmaq olmaz. Mən həmişəm transfertin əleyhinə olmuşam. Bu vəsait gələcək nəsillər üçün saxlanılmalıdır. Dövlət büdcəsində əsaslı vəsait qoyuluşunu artırmaq üçün qərar qəbul olundu ki, 9.2 milyard manat transfert olunsun. İki il öncə, Neft Fondunda vəsaitin həcmi 53 milyard dollar idi, indisə 32-33 milyard dollar olub. Biz bu vəsaiti qoruyub-saxlamalıyıq. Bu, həm də hökumətə arxayınlıq verir. Deyirlər ki, pul olmayanda Neft Fondundan götürəcəyik. Belə olmamalıdır.
– Vahid müəllim, neftin qiyməti dünya bazarında yüksəlsə də, bu, Azərbaycanda tələbat mallarının qiymətinə təsir etmir, hətta qiymətlər daha da artır. Bunun səbəbi nədir?
– Ölkədə qiymət siyasəti olmalıdır. Rusiyada çörəyin qiyməti artanda, Prezident Vladimir Putin kənd təsərrüfatı nazirini çağırır, səbəbini soruşur. O da taxıl qıtlığının olmasını əsas gətirir. Soruşur ki, nə qədər taxıl lazımdır? Sonra Putin göstəriş verir ki, bazara verilən taxıl miqdarı artırılsın. Bununla da problem həllini tapdı. İkinci problem isə əlavə dəyər vergisidir. Bütün məhsullara əlavə dəyər vergisi qoyulur. Niyə bütün məhsullara 18 faizlik əlavə dəyər vergisi qoyulmalıdır? Məsələn, gündəlik tələbat mallarına da, avtomobilə, mebelə də, qızıla də niyə eyni dəyər vergisi tətbiq edilməlidir? Biz gündəlik avtomobil, mebel almırıq ki… Amma gündəlik pendir, yağ və s. məhsullar alınır. Gündəlik tələbat malları istisna olmaqla, digərləri üçün əlavə dəyər vergisini 35-40 faiz edin, məsələ həll edilsin. Yəni dövlət bunu edə bilər. Gömrük rüsumu 0-15 faiz arasındadır. Hamısı 15 faiz qoyula bilərdi, niyə etmədik bəs? Ona görə 0-15 faiz qoyulub ki, bazara uyğun tətbiq olunsun. Məsələn, bazarda qiymətlərdə problem olanda, rüsum götürülə bilər. Yəni rüsum 15 deyil, 3-5 faiz də müəyyən edilə bilər, 0-15 faiz buna görə müəyyən olunub. Biz hər şeyi İqtisadiyyat Nazirliyinin üzərinə də qoya bilmərik. Bu problemi hökumət həll etməlidir. Deyirlər, Azərbaycanda inhisar yoxdur. Bəs 10 ildir, Rəqabət Məcəlləsini qəbul edə bilmirik, qanun layihəsi Milli Məclisdə birinci oxunuşdan keçib, amma iki və üçüncü oxunuş qalıb. Demirəm ki, Rəqabət Məcəlləsi qəbul olanandan sonra birdən-birə inhisarçılıq aradan qaldırılacaq. Amma bazarda müəyyən qədər azad rəqabəti yaratmaq olar. Yol xəritəsində göstərilib ki, Rəqabət Məcəlləsi 2017-2021-ci illər ərzində qəbul edilməlidir. Niyə 2018-ci ildə qəbul edilmir? Hərə bir-birinin üstünə atır, bu məcəllənin qəbulunda maraqlı deyillər. Amma Prezident İlham Əliyev bu məsələyə bir neçə dəfə toxunub.
– Görünür, bəzi məmurların dirənişi var…
– Təbii ki. Məmur dirənişi olmasaydı, məcəllə indiyə qəbul olunmuşdu. Bu məcəllə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Bu məcəllə qəbul edilməlidir. O dəfə mənə deyirlər ki, bunun üçün orqan yaradılmalıdır. Mən də dedim ki, məcəllə qəbul olunsun, sonra digər işlər görülər. Təklif etdim ki, bu orqan birbaşa Prezidentə tabe olsun, göstərişi yalnız Prezident versin. Bazar iqtisadiyyatının təməl prinsiplərindən biri azad rəqabətdir.
– Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı, özünü doğrultdumu?
– Maliyyə Bazarlarına Nəzarət Palatası 2016-cı ildə yaradılanda əleyhinə çıxdım. Dedilər ki, inkişaf etmiş bir çox dövlətlərdə var. Mən də dedim ki, biz hələ o səviyyəyə çatmamışıq. Əgər Mərkəzi Bank işinin öhdəsindən gələ bilmirsə, rəhbərliyi dəyişsin. Pul-kredit siyasətinə Azərbaycan kökuməti, Mərkəzi Bank cavabdehdir. Palata yaradıldı, əvvəllər pis işləmirdi, banklardakı vəziyyət təhlil edildi. Səhv addım bankların bağlanması idi. Bankları bağlamaq olmaz. Hər bankın arxasında on minlərlə insan var, depozit yerləşdiriblər. “Bankstandart”ı bağladılar, 40 minə yaxın insan əmanətini ala bilmir. Mənə də müraciət ediblər. Sənədləri prokurorluğa və digər dövlət qurumlarına göndərirəm ki, kömək etsinlər. Biz deyirik ki, bankları bağlamayın. Bank rəhbərləri ilə danışın, birləşdirin. Prezident İlham Əliyev də belə göstəriş verib. Bunlar isə əksinə, problem yaratdılar. Beynəlxalq Bank dövlətin maliyyə sisteminə böyük zərbə vurdu. Ona görə də dövlət büdcəsindən vəsait ayrıldı ki, problemlər həll edilsin. Maliyyə Bazarlarına Nəzarət Palatası indiki halda bu işin öhdəsindən gələ bilməz. Tutaq ki, bankda vəziyyət ağırdır. Nə etmək lazımdır? Maliyyə Bazarlarına Nəzarət Palatasında vəsait yoxdur axı. Vəsait Mərkəzi Bankdadır. Qanuna edilən dəyişikliyə əsasən, Palata bununla bağlı Mərkəzi Banka müraciət etməlidir. Mərkəzi Bank da deyə bilər ki, pul yoxdur. Azərbaycanda hər şey ola bilər. Belə olanda, problem yaranır. Palatanı tez yaratdıq.
– Siz bir neçə dəfə bu məsələlərin müzakirəsi üçün bank rəhbərlərini Milli Məclisə dəvət etmisiniz, amma bu müzakirə baş tutmur…
– Mən indi də təklif edirəm ki, bank rəhbərləri Milli Məclisə dəvət olunsun. Amma bu, mümkün olmur. Məndən asılı məsələ deyil ki…
– “Maliyyə nəzarəti haqqında” qanun layihəsi ilə bağlı nə yenilik var?
– Yenilik yoxdur. Gördük ki, bu qanunun qəbuluna maraqlı deyillər. Ona görə də “Hesablama Palatası haqqında” yeni qanun layihəsinin üzərində işlədik. Azərbaycanda yeganə yoxlayıcı orqan bu qurumdur. Yəni dövlət büdcəsinə nəzarət mexanizmini Hesablama Palatası həyata keçirir. Bu qanun layihəsi artıq ilk oxunuşdan keçib. Bizi əsas dövlət büdcəsi maraqlandırır. İstəyirik ki, Hesablama Palatasının səlahiyyətləri artırılsın. Milli Məclisdə məsələ qaldırdım ki, biz niyə qapalı təşkilatları yoxlamırıq. Çünki hər il dövlət büdcəsindən müəyyən qədər vəsait qapalı təşkilatlara ayrılır. Amma yoxlamalar aparılmır. Niyə? Dövlət büdcəsinin vəsaitinin hara xərclənməsi ilə bağlı məlumat olmalıdır.
– Bəzi dövlət qurumlarının ləğv edilməsi məsələsi də deputatlar tərəfindən qaldırılır. Sizin buna münasibətiniz necədir?
– Azərbaycan hökumətinin strukturu sovet hökuməti vaxtından qalıb. Azərbaycan 26 ildir, müstəqildir, ona görə də islahatlar aparılmalıdır. 2016-cı ildə referendum keçirildi, sonra müəyyən islahatlar həyata keçirildi. Belə islahatlar ilk olaraq Prezident Administrasiyasından başladı, müşavir vəzifələri ləğv edildi, müəyyən strukturlar birləşdirildi, vitse-prezidentlik institutu yaradıldı. Sonra isə Nazirlər Kabinetində islahatlara başlanıldı. Bilirsiniz ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi. Amma yenə də struktur dəyişikliyi aparılmalıdır. Azərbaycan üçün bu qədər nazirlik, komitə çoxdur. Mobil struktur olmalıdır. Yoxsa ki, həll ediləcək məsələləri o bunun, bu onun üstünə atır…
– Bəzən Milli Məclisdə sərt çıxışlar edirsiniz, buna görə Sizə irad bildirilirmi?
– (Gülür) “Sərt” ifadəsini işlətmə, qorxurlar. “Sərt” deyəndə qorxurlar. Mən həmişə həqiqəti deyirəm.
– Həqiqət də bəzən sərt olur…
– Çıxışlarıma görə bir dəfə irad bildiriblər.
– Bəli, bir dəfə qəzetlərdə əleyhinizə yazılar dərc olunmuşdu… Bəs şəxsən özünüzə qeyri-rəsmi formada irad bildirilirmi?
– Çıxışlarımda təhqir etmirəm ki… Mən tənqid edəndə təklif də irəli sürürəm. Nazirlərlə, komitə sədrləri ilə münasibətim var. İstənilən vaxt istənilən şəxslə görüşə bilirəm. Düzdür, daha çox görüş deyil, telefonla əlaqə saxlayıram. Təbii ki, onlar da mənə zəng edirlər, danışırıq, müəyyən məsələləri müzakirə edirik, fikir ayrılığımız da olur, hətta mübahisə də edirik. Amma münasibətlərdə ciddi münaqişə yaranmır. Azərbaycanda gözü götürməmək müəyyən qədər var. Çıxış etməzdən əvvəl düşünürəm ki, bu, Azərbaycan dövləti, xalqı, prezidenti tərəfindən necə qarşılanacaq, təklifin bir xeyri varmı? Çıxışlarımı bu səpkidə qururam. Milli Məclisdə mənim demədiklərimi həmkarım Əli Məsimli, onun demədiklərini də mən deyirəm. Kimsə inciyəcək deyə çıxış etməməliyik?!
– 2018-cil ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu baxımdan, ümumi situasiyanı necə qiymətləndirirsiniz?
– Gələn il həm də prezident seçkiləri keçiriləcək, ola bilər, müəyyən aktivlik olsun. Müəyyən problemlərin olmasında maraqlı dövlətlər var. 1992-1993-cü ildə baş nazirin birinci müavini işləyəndə, görürdüm ki, Azərbaycana qarşı nə qədər təzyiqlər var. Azərbaycana qonşu olan dövlətlərin də diqqəti ölkəmizdədir. Çünki ölkədə neft, qaz var axı. Son vaxtlar, xüsusilə də İlham Əliyev Prezident seçildikdən sonra böyük layihələrin icrasına başlanıldı. Bunu gözügötürməyənlər var. İstəyirlər ki, bu layihələri Ermənistan vasitəsilə həyata keçirsinlər.
Cənab Prezident də deyir ki, buna etiraz etmir, amma Ermənistan Azərbaycan torpaqlarını qaytarsın. Onlar da buna razı deyillər. Bakı-Ərzurum qaz kəməri çəkiləndə əngəl olmağa çalışdılar, çox böyük təzyiqlər oldu. Amma cənab Prezident bunu həyata keçirdi. Bu layihələr bizim üçün siyasi əhəmiyyət daşıyır. Düzdür, iqtisadi cəhətdən önəmlidir. Amma siyasi cəhətdən də vacibdir. 1994-cü ildə “Əsrin müqaviləsi” sazişi imzalanmasaydı, indi vəziyyət tamam başqa cür olardı. Bu müqavilə imzalandıqdan sonra böyük şirkətlər Azərbaycana investisiya qoydular. Ona görə də çalışdılar ki, ölkədə stabillik olsun. Yəni, müstəqilliyin qorunub saxlanılması üçün bu layihələrin böyük önəmi var. Azərbaycan daha çox Qərbə meyillidir. Amma Rusiya ilə də münasibətlərimiz normaldır. Mən imperiya siyasətini qəbul etmirəm. Vuruşmamışıq ki, kiminsə tabeliyinə düşək…
Azərbaycan hazırda müstəqil siyasət yürüdür, bu siyasət də xalq tərəfindən dəstəklənir, buna görə də Azərbaycanda stabillik mövcuddur.
Məsələn, Ukraynada baş verən hadisələr burada da baş verə bilərdi. Prezident İlham Əliyevin apardığı siyasət balanslıdır. Azərbaycanda stabillik olmasaydı, kim ölkəyə investiya qoyacaqdı?
Mən Müstəqillik Aktına imza atan adamam. Bizim üçün müstəqillik önəmlidir. Bəzən köhnə təfəkkürlü insanlar deyir ki, müstəqillik heç nə verməyib. Deyirəm, ola bilər, bizə nəsə vermir, amma mən bilirəm ki, mənim nəvəmə, nəticəmə nəsə qazandıracaq. Azərbaycan gələcəkdə daha da güclənəcək, bunu görürəm. Ona görə də müstəqilliyi qorumaq lazımdır. Prezident İlham Əliyevin hər çıxışının əvvəllində müstəqillik məsələsinə toxunur. Heydər Əliyev üçün də müstəqillik əsas idi. 1990-cı ildə insanlar özlərini tankların altına atdı, onlar dəli deyildilər ki…
Bu, xalqın müstəqilliyə nə qədər dəyər verməsini göstərir. Prezident seçkiləri ərəfində qalmaqal yaratmağa çalışa bilərlər. İri dövlətlər istəyir ki, öz namizədlərini prezident etsinlər. Müxtəlif qüvvələr mövcuddur. Buna baxmayaraq, hesab edirəm, növbəti prezident seçkilərində də İlham Əliyev seçiləcək.
Bu yaxınlarda Rusiya Azərbaycana ermənipərəst yeni səfir təyin etmişdi. Azərbaycan bunu qəbul etmədi. Bunu qəbul etməmək asan məsələ deyil, bu, ciddi problem də yarada bilərdi. Prezident İlham Əliyev mövqeyini bildirdi. Bu cür mövqe bəzi qüvvələrin xoşuna gəlmir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi işə düşdü. Yüklərin daşınmasında müəyyən problemlər ola bilər. Bu, böyük dəmir yoludur. Faktiki olaraq, Asiya ilə Avropanı birləşdirir. Bu dəmiryolunun çəkilməsində Prezident İlham Əliyev xeyli əziyyət çəkdi. Hətta Gürcüstana vəsait verdi ki, işləri həyata keçirsin. Məsələn, İrana da vəsait verir ki, Astara-Rəşt dəmiryolu çəkilsin. Yəni, layihənin həyata keçməsində problem yaranmasın. Belə ağıllı addımları alqışlamaq lazımdır.
– Bəs müxalifətin durumu, yürütdüyü siyasət sizi qane edirmi?
– Müxalifətlə də münasibətim var. Ümumiyyətlə isə onların apardığı siyasəti başa düşmürəm. Düzdür, müəyyən təzyiqlər, basqılar olub, amma müxalifət də mübarizə aparmalıdır. Adını müxalifət qoymusansa, hakimiyyət uğrunda mübarizə aparmalısan. Azərbaycan müxalifəti çox zəifdir. Diqqət edin, Milli Məclisdə 80-ə yaxın deputat hakim Yeni Azərbaycan Partiyasını təmsil edir, 5-6 nəfər var ki, özlərini müxalifət hesab edirlər. Amma açığı, mən onları müxalifət saymıram. Düzdür, savadlı insanlardır, onlar da bəzi məsələləri başa düşürlər.
– Vahid müəllim, olubmu ki, seçicilərinizə verdiyiniz hansısa vədi yerinə yetirə bilməmisiniz?
– Mənə çox müraciət edilir. Çalışıram ki, verdiyim vədləri yerinə yetirim. Elə bir nazirlik, komitə yoxdur ki, onlarla münasibət olmasın, nə isə xahiş edim, yerinə yetirməsinlər… Nadir hallarda şəxsi məsələlərlə bağlı xahiş edirəm. Amma seçicilərlə əlaqədar çox müraciət edirəm. Son zamanlar bank sistemi ilə əlaqədar minlərlə müraciət almışam. Banklar təkliflərimə həmişə müsbət yanaşıblar, güzəştə gediblər, müəyyən faizləri aşağı salıblar. Onlara minnətdarlığımı bildirirəm. Quba çox ağır regiondur, ona görə də xüsusi diqqət də göstərilir. Hazırda yollar çəkilir, sovet dövründə həmin kəndlərdə yol olmayıb.
Qubada “ASAN Xidmət” mərkəzi tikilib, dekabrda istifadəyə veriləcək. Amma deyə bilmərəm ki, problem yoxdur. Qubada əsas kənd təsərrüfatı – meyvə tərəvəzlə bağlı satış problem var. Düşünürəm, yaxın vaxtlarda bu məsələlər həllini tapacaq. Bu ay qəbul keçirdim, 106 nəfər iştirak edirdi. Həm də mənə təkcə Qubadan deyil, Azərbaycanın bir çox regiounundan müraciətlər daxil olur. Çalışıram ki, həll edim. İnsanlar da hörmət edirlər, bilirlər ki, söz verdimsə, edirəm. Elə məsələ olur ki, deyirəm, bunu həll edə bilmərəm. Amma çıxış yolu göstərirəm
Paylaş: