Xəbər lenti

THE ECONOMIST

29 NOYABR 2017

 

Bu ilin yanvarında Donald Tramp Birləşmiş Ştatların prezidenti kimi and içdikdən dərhal sonra Senatın bir neçə iş otağında telefonlar zəng çalmağa başladı. Aparatın əməkdaşlarına məlum oldu ki, Ağ ev Ukrayna müharibəsinə görə 2014-cü ildə Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaların ləğv edilməsi məqsədilə sərəncam hazırlayır. “Biz dəhşət içində idik. Hamı bir-birinə zəng etməyə başladı. Və tezliklə məlum oldu ki, eyni şey haqqında eşitmişik”, – həmin hadisələrin iştirakçılarından biri deyir.

Senat aparatının əməkdaşları tez bir zamanda bu şayiələrin yayılmasına imkan yaratdı və qanun layihəsinin üzərində işə başladılar. Layihənin məqsədi prezident Barak Obamanın  sərəncamı ilə tətbiq olunan sanksiyaları qanuni qüvvəyə mindirmək idi. Sənədi tərtib edənlər Trampın birtərəfli qaydada onu ləğv etmək imkanından məhrum etmək istəyirdilər. Hərçənd daha əvvəl tətbiq olunan sanksiyaların Rusiyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar olsa da, Rusiyanın Amerika seçkilərinə müdaxilə etməsinə dair sübutlar da mövcud idi. Bundan başqa, Trampın Rusiya prezidenti Vladimir Putinin ünvanına səsləndirdiyi təriflər də narahatlığa səbəb olurdu və bütün bunlar Konqresi hərəkətə keçməyə məcbur etdi. Nəticədə “Sanksiyalar vasitəsilə Amerika rəqiblərinə qarşı mübarizə haqqında” qanun layihəsi meydana çıxdı. Həmçinin İran və Şimali Koreyaya qarşı tədbirlər daxil edilən bu layihə Konqresdə hər iki partiyanın yekdilliklə dəstəklədiyi yeganə qanunvericilik aktı oldu. Layihə Nümayəndələr palatasında 419 “lehinə” və 3 “əleyhinə”, həmçinin Senatda 98 “lehinə” və 2 “əleyhinə” ilə qəbul edildi. Nəticədə Tramp seçim qarşısında qoyuldu: ya o, bu qanun layihəsini imzamlamalı idi, ya da onun Konqresdə veto hüququ aradan qaldırılacaq. 

Avqustda imzalanmış yeni qanun möhkəmlənir, bəzi bəndlərində isə 2014-cü ilin sanksiyaları sərtləşdirilir. Xatırladaq ki, bu sanksiyalar rus şirkətlərini qərbin maliyyə mənbələrindən təcrid etmişdi. Bu sanksiyalar iqtisadi baxımdan 2014-cü ildə neft qiymətlərinin aşağı düşməsinin Rusiya iqtisadiyyatına göstərdiyi mənfi təsirlə üst-üstə düşməklə ölkənin yaranmış quyudan çıxmasına mane olmuşdu. Tətbiq edilən sanksiyaların miqyası ilə bağlı qeyri-müəyyənlik xariciləri sanksiyların bilavasitə toxunduğu şirkətlərə deyil, ümumiyyətlə istənilən rus firması ilə əlaqələrə ehtiyatlı yanaşmağa məcbur etmişdi. 2013-cü ildə 69 milyard dollar olan birbaşa xarici investisiyalar 2015-ci ildə 6,8 milyard dollara kimi azalmışdı. Lakin zaman keçdikcə biznes yeni şəraitə uyğunlaşdı. Qərb şirkətlərinin rəhbərləri tədricən Rusiyada keçirilən tədbirlərə geri qayıtdılar. Qərb investorları Rusiyanın dövlət istiqrazlarını yenidən aktiv şəkildə əldə etməyə başladılar. Yuxarıda qeyd olunan qanun layihəsi nəinki Trampın mürtəd fəaliyyətinin qarşısını aldı, həmçinin tədricən Rusiya iqtisadiyyatına təzyiqi artırdı. Sənəd Rusiyanın yeni neft qaz layihələrinə investisiya imkanlarına tətbiq edilən məhdudiyyələri genişlətdi, bu məhdudiyyətləri üçüncü ölkələrdəki rus şirkətlərinin fəaliyyətinə də tətbiq etdi.

Ancaq qüvvəyə minməsi 2018-ci il yanvarın sonunadək təxirə salınan yeni sanksiyaların effektivliyi ona görə azdır ki, Avropa şirkətləri onların təsirinə məruz qalmır. Rusiyanın Avropaya təbii qaz tədarük edən nəhəng şirkəti “Qazprom” sanksiya siyahısından çıxarılıb. Eyni sözləri Almaniya sahillərinə kimi uzanan Trans-Baltik qaz kəməri “Şimal axını – 2” haqda da demək olar. İlkin sanksiyaların tərtib edilməsində iştirak edən sabiq amerikalı məmur Deniel Frid (Daniel Fried) qeyd edir ki, Amerika rəsmilərindən bəziləri “Şimal axını – 2” layihəsinin bloklanmasını istəsələr də, Amerika və AB arasında birliyi qoruyub saxlamaq daha vacib məsələ idi.

Bundan əlavə, Amerika və Avropa silah satışı ilə bağlı münaqişənin yaranmasını istəmirdi. “Sanksiyalar vasitəsilə Amerika rəqiblərinə qarşı müqavimət haqqında” qanun sanksiyaları genişlədib və indi Rusiyanın müdafiə, habelə təhlükəsizlik sahəsi ilə “əhəmiyyətli sazişdə” iştirak edən istənilən tərəf zərə çəkə bilər. Amma dünyanın ikinci ən iri silah ixracatçısı olaraq Rusiya Amerikanın bir çox dostlarına, o cümlədən Hindistan, Vyetnama, İraq, habelə Türkiyə, Yunanıstan da daxil olmaqla NATO üzlərinə və Varşava paktına daxil olan bəzi Şərqi Avropa ölkələrinə öz məhsullarını tədarük edir. Ona görə Rusiya silahının satışına aid sanksiyalar ayrı-ayrı konkret hallar üzrə qəbul olunacaq.

Amma Rusiya elitasının nümayəndələrini daha çox narahat edən fərdi sanksiyalardır. Qanun “əlavə sanksiyalar” (secondary sanctions) tətbiq etmək imkanı verir. Bu o deməkdir ki, Amerika rəsmiləri  istənilən ölkədə “xüsusi qeyd edilən şəxslər”lə (specially designated nationals) böyük işgüzar əlaqələri olan istənilən insana qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edə bilər. Yəni, İqor Seçin (“Rosneft” şirkətinin prezidenti) və ya Gennadi Timçenko (nəqliyyat və energetika sahəsində maraqları olan oliqarx) kimi şəxslərlə. Qanunun tətbiq olunma şəklindən asılı olaraq, Putinin yaxın müttəfiqləri və yaxın dostlarından bəziləri “Hizbullah”, İran və ya Şimali Koreyadan olan “xüsusi qeyd edilən şəxslər” kimi zərərli ola bilərlər. “Bu artıq həddi aşmaq deməkdir. Bu, soyuq müharibə zamanı gördüklərimizin hüdudlarından kənara çıxır”, – rus məmurlarından biri deyir.

Qanunun digər hissəsi administrasiyanın Konqresə Putin və onun yaxın çevrəsi ilə sıx əlaqələri olan, xarici siyasət sahəsində fəaliyyət göstərən rus oliqarxları və yüksək vəzifəli məmurların qeyd olunduğu siyahıdan ibarət məruzə təqdim etməsini tələb edir. Hərçənd bu məruzədə adı çəkilən şəxslər sanksiyalara məruz qalmasalar da, Rusiya və Qərb arasındakı qarşıdurma güclənsə, onlar potensial hədəfə çevriləcəklər. Bacı və qardaş, övlad, valideyn və həyat yoldaşları da daxil olmaqla ailələrin şəxsi kapitalının və gəlir mənbələrinin qeyd olunduğu bu məruzə artıq Rusiya elitasının nümayəndələri arasında çaxnaşma yaradıb.

“Belə bir yoxlamanı kim həyata keçirəcək? MKİ, FTB, yoxsa hansısa başqa bir qurum?”, – Putinin tərəfdarlarından biri əsəbi halda soruşur. Baş verənlər heç kimin xoşuna gəlmir. Məruzəyə daxil edildikdən sonra siyahıdan çıxarılmasına nail olmaq demək olar ki, mümkün olmayacaq. Lakin “oliqarx” anlayışının necə təyin ediləcəyi qeyri-müəyyən olaraq qalır.

Məruzə fevralın əvvəli, Rusiya prezident seçkilərindən bir neçə həftə əvvəl meydana çıxmalıdır. Və sənəd ciddi siyasi nəticələrə səbəb ola bilər. Məruzəyə salınan əlavə tədbirlər Rusiya elitasının nümayəndələrinin Amerikanın fəaliyyətinə qarşı narazıçılığını, həmçinin müxalifətin aparıcı nümayəndəsi və korrupsiya mübarizi Aleksey Navalnının imkanlarını artıra bilər. Bununla belə, bu qanunun bəndlərinin reallaşdırılması əsas amil olaraq qalır. Konqreslə Ağ Ev arasında bu sənədin yaranmasına səbəb olan gərginlik qanunun tətbiqini çətinləşdirə də bilər. Administrasiya fərdi sanksiyalar tətbiq etməyə xüsusi cəhd göstərməsə də, onlara laqeyd yanaşa bilməyəcək. “Şahin kimi onları izləyəcəyik”, – Senat aparatının əməkdaşlarından biri deyir. (Xpress)

strateq.az




Ana səhifəyə qayıt        Baxış: 1 215          Tarix: 30-11-2017, 17:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma