Xəbər lenti

Ağ Ev Senatın qəbul etdiyi qanun layihəsində Rusiyaya qarşı nəzərdə tutulan sanksiyaları dəstəkləyir. Amma prezident Donald Trampın administrasiyası sənədin bəzi müddəalarından narazıdır. Sənəddə prezidentin səlahiyyətlərinə məhdudiyyətlər gətirilir.

Qanun layihəsinin mahiyyəti

ABŞ Senatı Rusiyaya qarşı sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsini iyunun ortalarında bəyənib. Qanun layihəsinə senatorların böyük əksəriyyəti - 100 senatordan 98-i səs verib.

Rusiyaya qarşı təklif edilmiş sanksiyalar Rusiya banklarının maliyyələşdirilməsinin maksimal müddətinin 14, neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin maliyyələşdirilməsinin maksimal müddətinin isə 30 günə qədər ixtisarını nəzərdə tutur. Sənədin ayrı bəndində həmçinin “Şimal axını-2” qaz kəməri layihəsinin tikintisinə mane olmaq niyyəti ifadə olunub.

Bundan başqa, düzəlişlərin tətbiqindən sonra 180 gün ərzində ABŞ Maliyyə Nazirliyinin başçısı sanksiyaların mümkün nəticələrini təsvir edən məruzəni Konqresə təqdim etməlidir.

Bundan başqa, layihə ABŞ prezidentinin Rusiyanın ixracat boru kəmərlərinin tikintisinə bir il ərzində beş milyon dollardan daha çox pul xərcləyən, həmçinin boru kəmərlərinə xidmət edən və informasiya dəstəyi göstərən şirkətlər barəsində tədbir görməsini nəzərdə tutur.

Senat qanun layihəsini daha sonra Nümayəndələr Palatasına göndərib. Ancaq orada problemlər yaranıb: Konqresin aşağı palatasında respublikaçılardan ibarət əksəriyyət layihəni beynəlxalq işlər üzrə komitəyə göndərib. Amerika Konstitusiyasına əsasən, Nümayəndələr Palatası ölkənin gəlirlərinin artımına gətirib çıxara biləcək şəkildə qanun layihələrinə düzəlişlər edə bilər.

İyunun sonunda senatorlar yeni anti-Rusiya sanksiyaları haqqında qanun layihəsində texniki səhvləri düzəltdilər. Düzəliş edilmiş sənəd yenidən Nümayəndələr Palatasına göndərildi.

Ağ Evin mövqeyi

Sənəd barəsində Tramp administrasiyasının mövqeyinİ Ağ Ev yanında qanunverici fəaliyyət məsələləri üzrə direktor Mark Şort açıqlayıb.

“Administrasiya Rusiya və İran üzrə qanun layihəsində olan sanksiyaları tamamilə dəstəkləyir”, - məmur deyib.

Amma “Vaşinqton Post” nəşri yazıb ki, Ağ Ev sənədin bir sıra müddəalarına qarşı çıxış etmək niyyətindədir. Nəşrin mənbəyi dəqiqləşdirib ki, Ağ Ev prezidentin səlahiyyətlərinin məhdudlaşdırılması kimi baxılan bəndlərə qarşı çıxır. Konkret olaraq prezidentin sanksiyaları ləğv etmək səlahiyyəti məhdudlaşdırılır.

Trampın mövqeyi

İyulun 9-da prezident Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə G20 sammitində görüşü zamanı sanksiyaları müzakirə etməyib.

“Sanksiyalar prezident Putinlə görüşümdə müzakirə edilməyib. Ukrayna və Suriyada problemlərin həllinə qədər edilməyəcək!” – Amerika lideri “Tvitter”də yazıb.

ABŞ-ın dövlət katibi Reks Tillerson da həmçinin sanksiyaların ləğvini Ukraynadakı vəziyyətlə əlaqələndirib.

Tillerson Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşündə vurğulayıb ki, Ukraynada böhranın nizama salınması Rusiya-Amerika münasibətlərinin yaxşılaşması üçün şərtlərindən biridir.

Rusiya hakimiyyəti isə Minsk razılaşmalarının icrası ilə sanksiyaları əlaqələndirmək cəhdini dəfələrlə cəfəngiyyat adlandırıb. Moskva iddia edir ki, Rusiya Minsk razılaşmalarının tərəfi deyil.

“Konqreslə döyüş”

Rusiya siyasətçiləri Trampın sözlərini ABŞ-dakı daxili problemlərlə izah etdilər. Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri prezidentin mövqeyini “Konqreslə gələcək döyüşü udmaq” cəhdi kimi qiymətləndirdi.

“Məlum olduğu kimi, Konqres Trampı Barak Obama tərəfindən tətbiq edilmiş sanksiyanın zəiflətmək qərarı verməkdən məhrum etməyə çalışır. Tramp üçün bu yalnız Rusiya ilə münasibətlər məsələsi deyil, bir prezident kimi onun səlahiyyətləri Konqres tərəfindən qəsb edilir”, - senator bildirib.




Ana səhifəyə qayıt        Baxış: 856          Tarix: 11-07-2017, 13:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma