Surac Şarma
“Middle East Eye” (Böyük Britaniya)
Analitiklərin fikrincə, Suriyanın Afrin kürd kantonu Türkiyə hücumunun hədəfi ola bilər. Ankaranın Suriyada Rusiya ilə tərəfdaşlığı, Əsəd hökumətinin İdlibdə hücumları və ölkədəki rus təsislərinə üsyançı həmlələri durumu gərginləşdirib.
İdlibə hücumlar və ona yaxın olan rus hərbi hava bazasında partlayışlar Ankara-Moskva tərəfdaşlığında çatlar yaradıb.
Bu tərəfdaşlığın ilk meyvələrindən biri Astana prosesi, İdlib də daxil olmaqla, Suriyada hərbisizləşdirilən zonalarının yaradılması və İranın da maliyyələşdirdiyi yeni sülh planı idi.
İstanbulun Kadir Has Universitetində beynəlxalq əlaqələr üzrə professoru Əhməd Qasim Xanın sözlərinə görə, artıq həmin tərəfdaşlığın dağılması görünür.
Xan “MEE”yə deyib ki, Türkiyənin təpkisi gözlənilməz və Afrinə hücum şəklində izhar ola bilər, çünki onun ilk hədəfi sərhəddə kürd hərbi qruplaşmalarının məğlub edilməsidir.
"Türkiyə küncə sıxışdırıldıqda və təcrid edildiyi zaman sürpriz qərarların alınması tarixinə sahibdir. Afrinə türk hərbi hücumu məni təəccübləndirməyəcək".
Türkiyənin tərəfindəki tikan
Afrin Suriya-Kürd Demokratik Birlik Partiyası (PYD) və onun milislərinin nəzarəti altında olan, Türkiyə ilə sərhəddə yerləşən Suriyanın şimal-qərb bölgəsidir.
Son bir neçə ayda Afrinlə sərhəddə Türkiyə hərbçilərinin sayı artırılıb.
Türkiyənin Suriya siyasətində sabit bir müddəa var: Ankaranın sərhədləri boyunca PYD-nin idarə etdiyi ərazi ola bilməz.
PKK-nın qurucusu Abdullah Öcalanın Afrində, dağ yamacında barelyefi
Türk hökuməti PYD və onun silahlı qanadını – YPG-ni terrorçu Kürd Fəhlə Partiyasının (PKK) Suriya qolu hesab edir.
Avropa İttifaqı və ABŞ da PKK-nı terrorçu təşkilatlar siyahısına alıb, lakin PYD bu siyahıda deyil.
2016-cı ilin avqustunda Türkiyə Suriyanın şimalındakı Carablus şəhərindən əl-Baba qədər uzanan ərazini nəzarəti altına alıb.
“Fərat Qalxanı” adlı təcavüzün əsas məqsədi Türkiyə-Suriya sərhədinin PYD nəzarətlə vahid kantona çevrilməsinin qarşısını almaq idi. Digər məqsəd – PKK və İŞİD-in Suriyanın şimalından Türkiyə ərazisinə hücumlarının qarşısını almaq üçün tampon zonanın yaradılmasıydı.
Xan deyib: "Ruslarla müqavilə Moskvaya və Suriya hökumətinə Hələbə hücum etmə icazəsi verərkən, Türkiyə də öz hücumunu gerçəkləşdirdi".
Analitikin fikrincə, Türkiyənin Suriyada Rusiya ilə tərəfdaşlığı iki elementə əsaslanır: praqmatizm və opportunizm.
Praqmatik baxımdan Ankara ehtiyaclarını anladı: Suriyadakı kürdlərlə əməkdaşlıq edən ABŞ-a qarşı Moskva ilə əməkdaşlıq lazımdır.
Ankaranın opportunist düşüncəsi – PYD-ni hədəfə almaq üçün Rusiya ilə tərəfdaşlığını daha da artırılmalıdır.
Rusiya və Suriya hökumətinin strategiyası tamamilə fərqli və geniş planının bir hissəsidir. Onlar üçün məqsəd “cihadçılar”ı və digər opponentləri bir yerə toplamaq və neytrallaşdırmaq idi. İdlib bu yer olmağa Hələbdən daha yaxşı xidmət etdi.
“Rusiya və Bəşər Əsəd hökumətinin ən strateji məqsədi Suriyanın sahil bölgəsini tam nəzarətə almaq və İdlibi mühasirə vəziyyətinə salmaq idi, – Xan bildirib. – Türk səlahiyyətliləri bunu bilirdilər, onlar sadəlövh deyillər, amma Rusiyanın dəstəyinə çox ehtiyacları vardı".
Astana prosesi risk altındadır?
Türkiyə, Rusiya və İranı Suriya hökumətinin İdlibə hücumuna son verməsinə çağırıb. O deyir ki, müxalifətlə bərabər, mülki vətəndaşlar da hücum hədəfi olur.
Ankaranın sözlərinə görə, Moskva və Tehran Astana mexanizmində razılaşdıqları kimi, öz rollarını zamin kimi yerinə yetirməlidir.
Rusiya da Türkiyənin öz zamin rolunu yerinə yetirməmək və sünni qrupların hərbi bazaya hücum etmələrinə mane olmamaqda təqsirləndirib.
İstanbul Kültür Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Mensur Akgün “MEE”-yə bildirib ki, Suriya bütün münasibətlərdə kövrəklik yaranıb.
"Suriyada vəziyyət çox mürəkkəbdir, amma İran və Rusiya səfirlərinin Xarici İşlər Nazirliyinə çağırılması və Rusiyadan Türkiyə Baş Qərargah rəisi və kəşfiyyat başçısına məktublar yaxşı əlamətlərdir, bu, tərəflərin məsələləri həll etmək üçün ünsiyyət qurması deməkdir.
Suriyadakı hər hansı bir təcrid və ya onun taleyi ilə bağlı tələsik qərarlar və nəticələr olmamalı, problemlər bütün tərəflərlə birgə həll edilməlidir".
Ancaq Xanın fikrincə, Astana prosesi çöksə belə, bu, daha böyük miqyasda Türkiyə-Rusiya ittifaqına təsir etməyəcək.
"Ruslar heç bir tərəfdaşına özlərinə tay kimi baxmırlar və əlbəttə, Türkiyə də istisna deyil. Ancaq Türkiyə əlaqəni davam etdirməyə çalışacaq, həm də bunu böyük ittifaq kimi təqdim edəcək, çünki ondan Birləşmiş Ştatlarla münasibətlərinə tarazlıq kimi istifadə etməyə çalışır".
Amma Rusiya qalib kimi qalır.
"Moskva öz siyasətinə Ankaranın heç bir təsir alətinin olmadığını bilir, buna görə də, Suriyada istədiyi kimi hərəkət edir və bəzən Türkiyəni qərbli müttəfiqlərindən uzaqlaşdırmaq üçün daha geniş addımlar atır ".
Tərcümə: Strateq.az
Paylaş: