Xəbər lenti

 O 1987, bu 2018… 31 il edirmi, edir. Səsi və mahnıları ilə böyüdüyümüz Akif İslamzadə 31 ildir ürəyində oxuyur. Buna da hər adamın ürəyi tab gətirməz, onun ürəyi dözüb-durur. 31 il əvvəl ölüm hökmünü üzünə oxuyublar. Çox da soruşanda deyir ki, səsim açılsa, oxumaram. Çox da deyir ki, səsimin batmağında ilahi hikmət var, ən yaxşısı bu imiş, həya-abırla getdik. Bunu Akif İslamzadənin üzünə demədim, amma… amma səs itirməyin ağrısından söz düşəndə onun bu qədər soyuqqanlı olmağı məni qıcıqlandırırdı. Ayırd etmək də olmur: bunu “oynayır”, yoxsa 70-in qapısını döyən bu əzəmətli sənətkar doğrudan-doğruya dünya ilə, taleyi ilə barışıb.

Hər halda mən bu “tamaşa”ya inanmıram. Ki, səs var evdən gedir, səs var eldən. Akif İslamzadə təkcə öz səsini itirməyib, Akif İslamzadə bir elin, bir məmləkətin səsini itirib. O səs nə qədər könüllərə su səpə, nə qədər ürəklərə istilik gətirə bilərdi. O səs bir qızın bir oğlana, bir oğlanın bir qıza demədiyi, deyə bilmədiyi sözlər ola bilərdi…

Onu xalq artisti kimi təqdim edəndə sadəcə, gülümsəyir. Nə adamın sözünü kəsər, nə etiraz edər. Acığı da tutmaz. Eləcə gülümsəyər, vəssalam. Və elə gülümsəyə-gülümsəyə də təsbehini çevirib, sözünü deyər. Deyər ki:

 

“Mən nə əməkdar artistəm, nə xalq artisti. Bu adı alanlara da rişxənd etmirəm. Çünki elə mühitdə böyümüşəm ki, dövlət təltiflərinin bəhrəsini görən adamam. Nəslimizdə iki nəfər xalq artisti adını daşıyıb. Rəhmətlik Sara xanım Azərbaycanda sənətkara verilən bütün ödülləri alıb. Bu adı almağın xeyrini də bilirəm, məsuliyyətini də. 1990-cı ildə Ayaz Mütəllibov katib olanda Mərkəzi Komitədən zəng vurdular ki, sənədlərini hazırla, sənə fəxri ad veriləcək. Dedim, mənə adı atam-anam çoxdan verib. Pis-yaxşı adım var, başqası lazım deyil. Bütün Azərbaycan bilir ki, mən Əbülfəz Elçibəylə dost olmuşam. Onun dövründə mədəniyyət idarəsinin rəisi idim. Fəxri ad istəsəydim, öz adımı birinci yazardım. Hətta Əbülfəz Elçibəylə bu barədə söhbətimiz olmuşdu. Allah ona qəni-qəni rəhmət eləsin, üstümüzdə haqqı var. Elçibəyə dedim, adları yığışdırsaq, deyərlər, bizə gəlib çatanda ləğv olundu. Ona görə də, bayramdan çox bayram var, kim hansı adı istəyir, verək. Əməkdar istəyirsən, baş üstə, buyur. Xalq artisti olmaq ürəyindən keçir, buyur, kağızını sənə təqdim edirik, sən xalq artistisən. Əvvəllər “leçkomissiya” var idi, onun üzvü olurdular, indi o da yoxdur. Bütün bunları niyə deyirəm? İstəyirəm, bu söhbətlərə birdəfəlik nöqtə qoyaq. Bir dəfə televizora baxıram ki, aparıcı deyir, heç olmasa, Akif İslamzadəyə əməkdar artist adı versinlər. Vaxtında özüm adların əleyhinə olmuşam, indi həsrətində olum-filan… belə şey yoxdur. Amma bu o demək deyil ki, mənim başqa iş istəyim yoxdur. Yaxud o qədər təvazökaram, ad, ödül istəmirəm. Rəbbimiz yaradanda bizə əşrəf adı verib. Hələ o ada layiq olaq, onun içində bütün mükafatlar var. Bu ilin yayında 70 yaşım tamam olacaq. İnsanlar hər dəqiqə mənim fəxri ad məsələmi gündəmə gətirəndə, elə çıxar, mən öyrədirəm. Allah göstərməsin! Bu yaşa çatmışam, yalandan, fırıldaqdan uzaq olmuşam. Hətta bir kafeyə gedəndə mənim musiqimi verirlərsə, ikinci dəfə ora ayağımı basmıram. Birdən kimsə fikirləşər ki, Akif özü deyib”.

Akif müəllim, istəyirəm, dostlarınız barədə danışaq. Kimlərlə dostluğunuz olub?

– Ümumiyyətlə, keçmiş günlər barədə nostalgiyam yoxdur. Allah nə verib, nə yazıb, yaşamışam. Qismət olub, həyatın şirinini də görmüşəm, acısını da. Gözəl insanları tanımışam, onlarla dostluq etmişəm. Kimdən xoşum gəlməyibsə, özüm səssiz-səmirsiz uzaqlaşmışam. Elə dostlarım var, desələr, bank yarıblar, inanaram. Yox, desələr, əmanətə xəyanət edib, ana-bacıya, arvad-uşağa sataşıblar, dünyasında inanmaram. Sənətdəki dostlarımdan danışırıqsa, Rafiq Babayev mənim ustadım, dostum, sirdaşım olub. Yol göstərib, gözümün qabağında başqa dünya açıb. Bir yerdə çox işlərimiz olacaqdı. Heyf, mənim səsim belə oldu. Yazıq adam deyiləm, istəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin. Əvvəl-əvvəl, əlbəttə, nisgil yaşayırdım, amma zaman keçəndən sonra başa düşdüm ki, şükür Allahın məsləhətinə, onun sahmanından başqa hər şey yalandır. Zaman keçdi, başa düşdüm ki, ən yaxşısı bu imiş.

Həya-abırla getdik. Mənim dostlarım həmişə çox olub. Orta məktəbdən tanıdığım adamla bu gün də dostam. Yaxud başqa sahələrdə dostlarım çoxdur. Məsələn, mənim üçün fəxrdir ki, Fuad Poladov kimi sənətkarla dostam, onunla oturub-dururam. Eyyub Yaqubovun, Faytonçu Nazimin, Brilyant Dadaşovanın, Aygün Kazımovanın, Sevda Ələkbərzadənin xətrini dünyalar qədər istəyirəm, yaxşı da sənətkarlardır. Sizə bir şeyi deyim: dostlarım mənə maşına qədər alıb veriblər. Dostlarımın hesabına bu 31 il ərzində heç vaxt korluq çəkməmişəm. İmtiyazlarım da elə böyük deyil ki, yaxşı yaşayım.

– Səsinizi itirəndən sonra iş qurmaq, kiçik bizneslə məşğul olmaq niyyətiniz olmayıb?

– Elçibəylə dost olduğumuzu bilirdilər. Ona görə də cürbəcür təkliflər olurdu. Məsələn, biri deyirdi, kazino açaq. Yaxud deyirdilər, Ukraynadan İrana dəmir aparaq, özümüzə biznes quraq. Mən də deyirdim, bacarırsansa, get pulunu qazan. Mənlik deyil bu işlər. Sonra eşitdim ki, onlar da bacarmayıblar. Ev gedib, iş gedib, ata-ana küçədə qalıb. Bir dəfə də şərik iş qurmaq təklif etdilər. Dedim, şərik iş görüb səni itirmək istəmirəm. Mən çox kişilər görmüşəm ki, şərik iş qurub, sonra ana-bacı söyüşünə çıxıblar. Pul ki, gəlir ortalığa, gəl onu böl… Ona görə övladıma da deyirəm: gələcəkdə iş qursan, şərikdən uzaq ol.

– Bu sualı qəribə qarşılamayın: səsinizin batmağına görə yaradana üsyan etdiyiniz olub?

– Əstəğfürullah! Əstəğfürullah! Nə danışırsınız? Səsimi itirməyimin ağrısını yaşamışam, fikrini eləmişəm. Amma Allaha üsyan etmək… Yox, yox, yox! Bir dəfə oturmuşduq bağda. Hava da qaralmışdı. Sara Qədimova birdən qayıtdı ki, sən möhkəm kişisən. Sənin başına gələni mən yaşasaydım, havalanardım. Necə oldu mən səsimi itirdim? Get-gedə hiss eləyirdim, səsim sözümə baxmır. Getdim Moskvaya, xərçəng diaqnozu qoydular. Mən ölüm hökmü üzünə oxunan adamam. Səs telimin birini götürdülər. Həkim dedi, oxuya bilməyəcəksən. Hərdən deyirlər, bir səs teli ilə oxumaq olar. Mən də cavab verirəm: bir musiqi aləti ilə ifa etmək olarmı? Olar, amma yarımçıq.

 – Səhv etmirəmsə, siz ixtisasınız mühasiblikdir…

– Xalq Təsərrüfatı İnstitutunun əmtəəşünaslıq ixtisasını bitirmişəm. Gecə şöbəsinə daxil olduğuma görə, beş ay dükanda işləmişəm. Sonra sənətə gəldim, toylar başladı, yaxşı pul qazandım. Toylar olmasaydı, yamaqlı şalvarda gəzərdim. Mən toylara getməyə başlayanda qiymətlər 500-600 manatdan başlayırdı. Mən isə 1000 manatdan aşağı getməmişəm. Amma kimsə gəlib deyib ki, övladıma toy edirəm, imkanım 500 manata çatır. Mənim isə dəstəmin qiyməti 550 manat olub. Əlli manat da cibimdən qoyub, onların haqqını vermişəm. Heç vaxt da deməmişəm, dostumun toyudur, pulsuz gedək.

Bir dəfə ayın 28 gününü toyda oxudum, sonra özümü söydüm ki, mən nə edirəm? Şeytan insanı üç yolla ələ alır: şöhrət, sərvət, şəhvət. Şöhrət adamı çox yorur. Sərvət yetən qədər gözəldir, təki heç kimə möhtac olmayasan. O ki qaldı şəhvətə… Tək mən yox, ətrafımda olan dostlarım, məsələn, Hüseynağa Hadıyev… biz toya başıaşağı gəlib, başıaşağı getmişik. Bizə qızlar kağızda telefon nömrələrini verirdilər. Hamısını cırıb atırdıq. Çünki böyüklərimizdən eşidirdik ki, belə şeylərə uyub, özünüzü hörmətdən salmayın. Uşaqlara da deyirdim, toyda eşitsəm ki, kiminsə ana-bacısına sataşmısınız, meyitinizi yerə sərsələr, üzümü çevirib gedəcəyəm.

Haşiyə: Akif İslamzadə ilə Hüseynağa Hadıyevdən danışırıq. Bir zamanların iki əfsanəsi… Onların arasını vurmaq, onları bir-birinin gözündən salmaq istəyənlər çox olub. Az görməmişik, az eşitməmişik ki, istedadlı adamlar kiçik hisslərin qurbanı olub bir-birlərinə olmazın hədyanlar yağdırıblar. Amma bu iki sənətkar səsin Tanrıdan gəldiyini anlayıb, ətrafdakı adamlardan özlərini qoruyublar.

 Hüseynağa Hadıyev iki dəfə ailə qurub. Onun qeyri-rəsmi yaşadığı ikinci xanımı AzTV-nin o dövr üçün tanınmış diktorlarından olun Gülya Seyidbəyova olub. Deyilənə görə, məşhur müğənni 1994-cü ildə öləndə meyiti iki gün morqda qalıb. Yenə deyilənə görə, hər iki həyat yoldaşı ondan imtina etmişdi, o üzdən Hüseynağanın meyitini morqdan bacısı çıxarıb. “Deyilənə görə…”ni əbəs yerə yazmıram. Bütün bu suallara Akif İslamzadədən cavab almaq istəyirəm. Di gəl, öyrənə biləcəyim yalnız bunlar olur:

 

 – Biz Hüseynağa ilə dost olmuşuq. Mənim xeyir işimdə də Hüseynağa oxuyub. Səsimi itirəndən sonra qardaşımla oturub yeyib-içirmişlər. İçkini süzəndə Hüseynağa qayıdıb ki, Akif oxuyurdu, mən də oxuyurdum, indi o yoxdur, mən də bacarmıram. Hüseynağaya Allah rəhmət eləsin, o başqa işi idi.

 

– Flora Kərimova bir dəfə demişdi ki, Hüseynağanın hansısa addım atıb özünü sevdirməsi çox çətin olardı, çünki Akifin sənəti ona mane olurdu. Onda mən Hüseynağanı aldım öz qanadım altına, başladım duet oxumağa. İndi soruşmaq istəyirəm ki, hansı maneçilikdən söhbət gedir?

– Hüseynağaya həmişə deyirdim ki, mahnılarını yazdır. Onun səsyazması çox azdır. 15-20 mahnı ya olar, ya olmaz. “Bu gecə” mahnısını əvvəl Hüseynağa oxumuşdu. Sonra mən ifa edəndə başladılar müqayisə etməyə. Bizim aramızda heç vaxt pis mənada rəqabət, söz-söhbət olmayıb. Bir şeyi bilin: Hüseynağa olan məclisdə mən heç vaxt “Bu gecə” mahnısını oxumamışam. Heç vaxt! Hüseynağa bir dəfə toyda olub, gəlib xahiş ediblər ki, “Ala gözlüm” mahnısını oxusun. Mikrofonu götürüb ki, sözlərini də bilirəm, musiqisinə də. Amma sizin almaq istədiyiniz həzzi mən verə bilməyəcəyəm. Camaat da ədəb-ərkanlı olub, bu sözü alqışlayıblar. Ki, bu sözü deməklə, üzüyünün qaşı düşmədi.

Bugünkülər çıxıb bir-birini təhqir edəndə, qeybətlə məşğul olanda belə şeyləri yaddan çıxarmasınlar. Adam özü-özünə hörmət etməyəndə, kənardan heç kim ona hörmət qoymayacaq. Eşidirik ki, indi çalıb-oxuyanları təhqir də edirlər, hələ şillələyirlər də. Bizim də vaxtımızda içki məclislərində qanqaralıqlar olurdu. Amma toydan sonra o adamı başa salırdıq.

Paxıllığınızı çəkənlər olubmu?

– Əsas odur, mən heç kimin paxıllığını çəkməmişəm. Çünki vaxtım olmayıb, bu barədə düşünməmişəm. Əlbəttə, yaxşı nümunələr olanda "planka" o qədər yüksək olurdu ki, çalışırdıq, ora qalxaq. Yaradıcılıqdakı birincilər hər kəsin yerini bilir, ona görə xırda şeyləri özlərinə dərd eləmirlər. Amma birincilərlə ikincilər arasında olanlar belə şeyləri özlərinə dərd edirlər. İndi bəzi valideynlər düşünür ki, oxumaq mayasız qazancdır də, uşaq getsin oxusun, pul qazansın. Vaxt gəlir, cavanlıq gedir, belə adamların psixi problemləri başlayır. Mən sənətə gələndə çox böyük xanəndələr var idi. 12 yaşımda ilk səsyazmam olub. Bir də səsimi yazdırdım 24 yaşımda. Çünki 12 il öyrənmişdim. İndi soruşursunuz ki, bir mahnılıq səsim qayıtsaydı, hansını oxuyardım. Nə bilim, bəlkə

 

 “Bura vətəndir” mahnısını oxuyardım. Ya bəlkə “Qaragilə”ni…

– Musiqimizin, televiziya kanallarının vəziyyəti haqqında nə düşürsünüz?

– Yeni ildə kanallarımızın bütün verilişlərinə baxdım. Bunu ürək ağrısı ilə deyirəm: sadəcə, dəhşətə gəldim. Azərbaycanı toyxanaya çevirmək kimə lazımdır? Səs yox, tembr yox, çıxıb oxuyur, sanki toy tutur. Və ya səliqəli geyinməyə nə var? Qadınlarımız haqqında heç danışmalı deyil. Elə bil, arvad toyxanasından bu dəqiqə çıxıb gəliblər. Kimsə uşağını atıb gedib, efirə çıxarıb onu müzakirə edirlər. Fahişəlik bizim ayağımıza yazılıb? Bu nə məsələdir? Televiziyanın başında duranlar, veriliş aparanlar fikirləşmirlər ki, bu millətə nə verirlər? Kimsə düşünürsə ki, belə cəmiyyəti idarə etmək asandır, yanılır. Televiziya çox böyük gücdür. Bu milləti faşist də etmək olar, ədəb-ərkan sahibi də. 2015-ci ildə Bakıda Avropa Oyunlarının açılışı olanda mənə Amerikadan, Hollandiyadan, Moskvadan zənglər olurdu ki, sağ olun, çox gözəldir. Bunu bacaran adamlarıqsa, bəs indiki efirlər nədir? Əgər aparıcı qadının yataq otağına girirsə, fikirləşirəm ki, o, ana-bacısının da yataq otağına girib. Başqa cür ola bilməz. Bəşər tarixində hələ belə mənəviyyatsız dövr olmayıb. Bütün əlamətlər var. Yəqin ki, İsa peyğəmbərin zühurunu görəcəksiniz. Allahsızlıq var, cadu var, nadanlıq var. Hər şey var, hər şey…

Və siyasət…

– Sizi meydan hərəkatına gətirən konkret hansısa hadisə olubmu?

– Mən Elçibəylə 1971-ci ildən tanışam. Keçmiş Fioletov küçəsində səsyazma studiyamız vardı. Şair Dilsuz orda işləyirdi. Elçibəy səsimi ilk dəfə orda eşidəndə demişdi ki, Akif türk oğlu türkdür. Sonra tanış olduq, bu tanışlıq dostluğa çevrildi. Elçibəy işarələr elmindən xəbərdar olduğuna görə xalçanı oxuya bilirdi.

Bir dəfə Kələkidə ölümdən söhbət düşdü. Dedi, ölümün məqamı var: bir saat tez ölərsən, şəhid olarsan, bir saat gec ölərsən, murdar. Hələ 70-ci illərdə deyirdi ki, sovetin dağılmağını görəcəyik. Mən də dedim, biz yox, balalarımız görə bilər. Sonralar Qorbaçovu görən kimi bilirsiniz, nə dedi? Dedi, adamımız gəldi. (Gülür).

– Siyasətdən doğrudanmı ona görə getdiniz ki, özünüzdən sonra gələn gənclərə yol açmaq istəyirdiniz? Yoxsa anladınız ki, siz siyasətçi yoxsa, sənətkarsınız?

– Mən siyasətə gələndə… Daha doğrusu, guya siyasətə gələndə televizorun qarşısında oturub çay-içə münasibət bildirənlərdən deyildim. Hərəkat başlayanda bu Sibirə sürgünlə də qurtara bilərdi. Vaxt keçəndən sonra, xüsusən Elçibəy rəhmətə gedəndən sonra gördüm ki, tamam başqa əhval-ruhiyyə var, hər kəsən özü haqqında fikirləşir. Mən də düşündüm, bu yolda ola bilmərəm. Maneçilik olmasın deyə, çəkildim, qıraqdan tamaşa edirəm. Və fikirləşirəm ki, haqlıyam.

APA




Ana səhifəyə qayıt        Baxış: 2 838          Tarix: 19-01-2018, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma